“Xəzər barış, sülh dənizinə çevrildi" ÖZƏL-ŞƏRH

“Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər tarixi həqiqətləri özündə əks etdirir. Hesab edirəm ki, son 20 ildə Xəzəryanı dövlətlərin danışıqlar prosesində iştirakında əldə olunan ən mühüm nəticədir”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.Onun sözlərinə görə, Xəzərin təbii sərvətlərindən, ehtiyatlarından istifadə ilə bağlı ümumiyyətlə Xəzərin hüquqi statusu ilə əlaqəli müəyyən problemlər, fikir ayrılıqları var idi: “Biz bu fikir ayrılıqlarını həm İranda, Rusiyada, həm də Türkmənistanda keçirilən danışıqlar prosesində müşahidə etmişdik. Sevindirici hal ondan ibarətdir ki, artıq bu problemlər arxada qalıb. Xəzər artıq barış, sülh dənizinə çevrildi və çox ciddi qərar qəbul olundu. İlk növbədə hesab edirəm ki, bu həm də Azərbaycanın bölgədə artan nüfuzunun bir göstəricisidir. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi Qazaxıstanın Aktau şəhərində reallaşdı. Qazaxıstan Azərbaycanı həmişə Dağlıq Qarabağ məsələsinin həlli yolunda çox ciddi dəstəkləyir. Baxmayaraq ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür amma buna baxmayaraq təşkilatda Azərbaycanın marağını həmişə müdafiə edib. Xəzər dənizinin hüquqi statusu ilə bağlı tarixi məqam ondan ibarətdir ki, bu qərar bir türk ölkəsində reallaşdı”.

sia.az