“Diplomatic Focus” jurnalı Azərbaycana həsr olunmuş xüsusi buraxılış dərc edib

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Pakistanın “Diplomatic Focus” jurnalının iyul buraxılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin, Baş Nazir Novruz Məmmədovun həmkarlarına ünvanladığı təbrik məktublarına yer verilmiş, Xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, Pakistanda təntənəli qeyd olunmuş Azərbaycanın Milli günü və Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illiyi bağlı yayılan mesaj, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və tarixi əhəmiyyəti, müasir Azərbaycanın inkişafı, ölkənin iqtisadiyyatı və turizm sektoru, Heydər Əliyev Fondunun fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materiallar yerləşdirilib. SİA xəbər verir ki, bundan başqa, xüsusi buraxılışda Azərbaycan hərbi kontingentinin Pakistan Günü ilə bağlı paradda iştirakı, Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi uşaqlar üçün təşkil olunmuş tədbir və iftar yeməyi, Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilmiş tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrin parlament spikerlərinin, o cümlədən Pakistan Senatının Sədrinin ölkəmizə səfəri, Bakıda keçirilmiş 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı məqalələr, həmçinin səfir Əli Əlizadənin diplomatiyamızın 100 illik yubileyi ilə bağlı məqaləsi dərc olunub.Xüsusi buraxılışda cari ilin 2-3 may tarixində Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakına diqqət çəkilmiş, dövlət başçısının “Mədəniyyətlərarası dialoq ölkələri bir-birinə yaxınlaşdırmağın yeganə yoludur” kimi fikirlərindən sitatlar gətirilib. Həmçinin, bu əhəmiyyətli Forumda Pakistanın da yüksək səviyyədə təmsil olunduğu, Pakistan Milli Assambleyasının Spikerinin müavininin və Assambleya üzvlərinin, eyni zamanda yüksək səviyyəli media heyətinin də iştirak etdiyi diqqətə çatdırılıb.Xüsusi buraxılışda Xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindəki cari vəziyyət barədə verdiyi müsahibəyə də yer ayrılmış, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çağıran BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin əhəmiyyəti vurğulanıb. Nazirin həmçinin, ötən ilin avqustunda Xəzər dənizinin hüquqi statusu ilə bağlı beş Xəzəryanı dövlətin imzaladığı Konvensiya barədə, eyni zamanda Azərbaycanın 2019-cu il üçün xarici siyasət prioritetləri ilə bağlı müsahibədə yer alan fikirləri oxucuların diqqətinə çatdırılıb.28 May – Respublika Günü və Azərbaycan Diplomatik Xidmətinin 100 illiyinə həsr olunmuş bölmədə 1918-ci ildə daxili və xarici çətinliklərin olduğu bir dövrdə imperiyanın çökməsi nəticəsində Müsəlman Şərqində ilk parlament demokratiyası olaraq - Azərbaycan Demokratik Respublikasının yaranmasından, bir il sonra dövlətin Xarici İşlər Nazirliyinin təsis edilməsindən, həmçinin müasir Azərbaycanın əldə etdiyi inkişaf və nailiyyətlər, Azərbaycan- Pakistan münasibətlərinin cari vəziyyəti ilə bağlı oxuculara məlumat verilib, ünvanlanmış təbrik mesajları öz əksini tapıb.Xüsusi buraxılışda həmçinin, 1993-2003-cü illər ərzində və daha sonra Azərbaycanın keçdiyi yola nəzər salınıb, 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçilən Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olunduğu, həmçinin ictimai həyatın müxtəlif istiqamətlərində, eləcə də insan hüquqları və demokratiya sahəsində inkişafa start verildiyi, Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanaraq qəbul edildiyi diqqətə çatdırılıb. Ümummilli liderin öndərliyi ilə xarici siyasət xəttinin qlobal və regional gerçəkliklərə uyğun yenidən qurulduğu, məhz bu siyasətin ölkə Prezidenti tərəfindən davam etdirilməsi nəticəsində hazırda Azərbaycanın bütün beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə müdafiə etdiyi və söz sahibinə çevrildiyi vurğulanıb.Xüsusi buraxılışda 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin tarixi Azərbaycan ərazilərinə köçürüldüyü, məhz bundan sonra onların müsəlman türklərə, o cümlədən Azərbaycanlılara qarşı aqressiv yanaşma sərgilədikləri qeyd olunub. Müasir dövrdə başlanan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkilib və beynəlxalq təşkilatların məsələ ilə bağlı qəbul etdikləri qətnamələrə, erməni təcavüzünün nəticələri ilə bağlı hazırlanmış statistik xəritəyə yer verilib.Jurnalda həmçinin, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasından və 9 iyul 1919-cu ildə Azərbaycanın ilk Xarici İşlər İşlər Nazirliyinin rəsmi olaraq təsis olunmasından, müasir Azərbaycanın – ADR-in varisi olaraq – müstəqilliyini bərpa etdikdən sonra müəyyən çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzə qalmasına baxmayaraq qısa zamanda əldə etdiyi çoxşaxəli uğurlarından bəhs edən Azərbaycanın Pakistandakı səfirinin məqaləsinə də yer verilib.Xüsusi buraxılışda, ilk dəfə olaraq Pakistan Prezidentinin Sarayında, 1 İyun - Beynəlxalq Uşaqlar Günü və Müqəddəs Ramazan ayı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş tədbirə də toxunulub, tədbirə ali qonaq qismində Pakistanın Prezidenti Arif Alvinin və Birinci xanımı Samina Alvinin təşrif buyurmasının Azərbaycana verilən diqqətin təzahürü olduğu vurğulanıb, Heydər Əliyev Fondunun fəaliyyətinə və iki ölkənin xalqlarının yaxınlaşmasında oynadığı xüsusi rola diqqət çəkilib.Qlobal turizm bazarında getdikcə artan nüfuzundan dolayı hazırda Azərbaycanın ideal turizm məkanına çevrildiyinə də diqqət çəkilən buraxılışda, buna səbəb kimi Azərbaycan xalqının qonaqpərvərliyi, ölkənin təbiəti, coğrafi mövqeyi və digər gözəllikləri göstərilib, bunlar barədə oxuculara geniş məlumat verilib. Ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi, dünyanın bir çox ölkələrinin vətəndaşları üçün elektron viza sisteminin tətbiq olunduğu qeyd edilib. Həmçinin, Azərbaycanın müxtəlif iqtisadi göstəriciləri, ölkəyə gələn turistlərin sayı ilə bağlı statistik məlumatlar da bu hissədə öz əksini tapıb.

sia.az