Analitika

  • 5 567

Ermənilərin azərbaycanlılara qarşı deportasiya və soyqırımı tarixindən TƏHLİL

image

Xalçanın üstündən asılan silah

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax kəndində İrandan gəlmə olan rəhmətlik Nağı əmi ilə erməni zülmünün nəsib etdiyi yetimçiliklə böyüyən rəhmətlik Sara xalanın özlərinə əllərinin qabarı ilə qurduqları evlərində 5 qız, 1 oğlan övladı böyüyürdü. Onların bu yuvaları uzun illərə başa gəlmişdi. Çünki bu yuva quşun dimdiyində bir-bir daşıdığı saman çöpü misalı ilə qurulmuşdu. 6 uşaq, arxalarında ata-ana, heç bir köməyi olmayan bu insanların yuvalarını çiyinlərində daşıdıqlarını çay daşlarını su yerinə alın tərləri ilə qaraşdırdıqları palçıqla hər gün bir qarış ucaldan zəhmət əlləri qurmuşdu. Bu yoxsul yuvada ən bahalı əşya divara vurulmuş nimdaş, amma ana yadigarı xalçanın üstündən asılmış silah idi. Bu silahı Sara xala həyatı bahasına əldə etmişdi. Onu göz bəbəyi kimi qoruyurdu. Bu silahı bir azərbaycanlı qadının göz bəbəyi kimi qorumasına səbəb amillər var idi. Bu qeyrətli qadına həyatda yaşadıqları “sevdirmişdi” bu silahı. Onu hər gün yatağını açıb yatdığı yerdə – başının üstündə asmasının, o silahın yerinin dəyişilməz olmasının səbəbi vardı. Dəfərlərlə bu ailənin ehtiyacı yaranmışdı, uşaqlardan ağır xəstələnəni olmuşdu, onu həyata qaytarmaq üçün pul lazım olmuşdu, lakin o silah həmin xalçanın üstündən endirilməmişdi, satılmamışdı. Çünki Sara xala öz varlığını o silahda görürdü. Bir tikə çörəyini o silaha görə rahat yeyirdi. Gecə səhərədək başının üstündən asılan o silaha görə gözünü yuma bilirdi.Uzun illər öncə – 10-11 yaşında köksünə sığıb özü ilə götürmüşdü o silahı. O zaman ki, bu balaca qızcığazın gözlərinin qarşısında gördükləri fonunda düşüncəsində qurtuluş yolu olmuşdu o silah. 10-11 yaşlı uşağın ömürlük psixoloji sarsıntısına çevrilmişdi o silah. Üstündən uzun illərin keçməsinə baxmayaraq hələ də Sara xalanı 10-11 yaşına bağlayan xatirə idi o silah. Onun düşüncəsini didib-parçalayan, bu qadını rahat buraxmayan, azad yaşamasına əngəl törədən, bir an görməsə, ölə biləcəyi anlamına gələn hisslər o silahda gizli idi...Sara xalanın həyat tarixçəsi barədə mənə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində blokada ilə bağlı tədqiqat apararkən söhbət əsnasında arxivin əməkdaşı Zülfiyyə xanım danışmışdı. Sara xala Zülfiyyə xanımın həyat yoldaşının nənəsi imiş. Onlar uzun illər bir yerdə yaşayıblar. Zülfiyyə xanım bu qadının gəlini hesab olunub. Ona elə öz anası kimi də qayğı göstərib. Yaşlı vaxtlarında onu yuyundurub. Zülfiyyə xanım Sara xalanın bədənində çoxlu güllə yerləri gördüyünü deyir. Məlum olur ki......“Ananın bəxti qızına taxtdır”, – deyirlər. Sara xalanın da taleyinə erməni xislətinin hər üzünü görən anasının bəxti taxt olmuşdu. Ömrünün ayrı-ayrı dönəmlərində bir neçə dəfə erməni zülmü ilə qarşılaşmış, son mənzilinə də elə bu dünyadan bir ürək dolu erməni dağı-düyünü apardı bu qadın. Sara xalanın anasıgil 1905-1907-ci illərdə qədim Zəngəzur mahalından ermənilər tərəfindən öz yurd-yuvalarından didərgin salınaraq Naxçıvana pənah gətirən ailələrdən birinin övladı olub. Lakin sən demə, bu ailələrin Naxçıvanda rahat yaşaması cəmi 9-10 il çəkəcəkmiş. Burada da ermənilər onların dincliyini pozacaq, öz əzəli Zəngəzur torpaqlarında olduğu kimu, burada-Naxçıvanda da onların rahat, sakit həyatının qəniminə çevriləçəkdilər. Və o zaman cəmi 10-11 yaşlarında olan Sara xalanın gözlərinin önündəcə dəhşətlər, faciələr yaşanacaqmış.1916-1918-ci illərdə necə ki, soydaşlarımız Ermənistandan-əzəli torpaqlarımızdan didərgin salınırdılar, həmin proses Naxçıvanda da davam etdirilirdi. Burada yaşayan ermənilər də soyqırımlar törədir, insanların qanını içirdilər. Culfanın Milax kəndində yaşayan insanlar da həmin dövrün erməni zülmünə məruz qalanlardan olmuşlar. O vaxt balaca Sara həmin faciələr içərisində tək-tük qalan, alnına “hələ yaşamalısan” sözləri yazılan insanlardan olubmuş. Erməni vəhşətindən canlarını götürüb Milax yaxınlığındakı mağaralara üz tutan insanlar qanın içərisində oraya çatıbmışlar. Saranın da bədəni güllə mərmilərindən xeyli sayda yaralar alsa da, lakin tab gətirə bilibmiş, o, yaşayıbmış. Bəlkə də təsadüfi bir hadisə baş verməsəydi, o da mağarada ölən yüzlərlə insandan biri olacaqdı. Bu balaca qızcığaz günlərlə o mağarada ac, susuz qalmışdır. Anasının yanında oturub, onu yatmış hesab edən Sara “ana yatma, dur, dur, gedək evimizə. Niyə mənə cavab vermisən?”, – deməsinə baxmayaraq anası hələ də uyuyurmuş. Sara belə düşünürmüş ki, anası yatıb, yorğunluqdan yuxudan ayıla bilmir. Axı onlar zalım ermənilərin zülmü ilə dağ-dərə dolaşmışdılar, axır bu mağaraya sığınmışdılar. Həmin vaxt Saranın sığındığı anasının susmuş cənazəsi, bir də mağarada həyatını itirmiş insanların birinin yanından götürüb sinəsinə sıxdığı həmin silah olmuşdu. O, nə anasının yanından uzaq dururdu, nə də ki, sinəsindəki silahı yerı qoyurdu. Onu gözü qarşısında törədilən bu faciələrin fonunda yaşadan, həyata bağlayan tək anasının hələ də yatdığını hesab edən düşüncələri, bir də həm özünü, həm də mağarada qanaxmadan dünyasını dəyişmiş və ağrıdan zarıyan yüzlərlə yaralı insanın xilasını gördüyü, sinəsinə sıxdığı silah idi. Ermənilərin bir yandan, yerli əhalidən sağ qalanların isə bir yandan axtardığı didərgin insanlar əksəriyyəti artıq dünyalarını dəyişmişdilər. Sara isə axşamüstünün toranında qorxa-qorxa mağaradan çıxıb yaxınlıqda su tapmaq, anasına gətirmək, “bəlkə su içirsəm oyanar”, – düşüncəsi ilə bayıra çıxanda onu kənlilərindən biri görür. Sara ilə mağaraya qayıdır, buradakı fəlakəti görür. Kəndə xəbər aparır, gecə ilə gəlib insanları buradan daşıyıb dəfn edirlər, yaralıları evlərdə gizlədirlər. Qohumlarının əksəriyyətini itirən Saranı isə günlərdir ana-bacısını axtaran, bacısından cəmi iki yaş böyük olan qardaşı Qəzənfərə verirlər.
***
Tarixin bütün dönəmlərində düşməni yerində oturtmağı bacaran naxçıvanlılar bu dəfə də düşmənə qarşı mübarizə aparmışlar. İtkiləri, yaralıları, dağılan evləri-eşikləri saysız şəkildə olsa da, kəndlərini tərk etməmiş, orada qapılarının ağzına yerləşdirilmiş ermənilərlə yenə də birlikdə yaşamışlar. Dəfələrlə törədilən belə hadisələr, torpaqsız ermənilərin fitnə-fəsadı dözülməz olsa da, sovet imperiyasının həyata keçirdiyi Pyotrdanqalma siyasətin mahiyyəti məhz belə idi: ermənilər Azərbaycan torpaqlarına yerləşdirilməli, onlarla birlikdə yaşamalı, zaman gəldikdə isə azərbaycanlılara qarşı torpaq iddialarında olmalı, “bura bizimdir, çıxın buradan”, – deməli, qan tökməli idilər. Tarixə nəzər salsaq, XIX əsrdə haradan gətirildikləri bilinməyən bu nankor tayfanın torpaqlarımıza yerləşdirilməsi ilə hər 10-15 ildən bir belə soyqırımlarla qarşılaşa bilirik. Tək Naxçıvanda yox, Azərbaycanımızın digər bölgələrində də zaman-zaman minlərlə azərbaycanlı qətlə yetirilmiş, evləri talan edilərək yurd-yuvasından didərgin salınmışlar. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni qəddarları 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Təkcə Bakıda 14 min, Zəngəzur qəzasında 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüşdü. 1061 kişi, 799 qadın, 485 uşaq yaralanmışdı. Umumi yaralananların sayı 10 min 68 nəfərə çatmışdı.1992-ci ildə növbəti dəhşətli soyqırım aktı isə Xocalıda törədildi. İnsanlar qışın bıcaq kimi kəsdiyi 26 fevral gecəsində dağlara üz tutdular. Güllələndilər, səpələndilər düzlərə.Gözləri qandan doymayan düşmən ölənlərin cənazəsinə qarşı vəhşilik törətdi: əlləri, ayaqları kəsildi, gözləri çıxarıldı, dəriləri soyuldu.Azərbaycan müstəqilliyini bərpa edib dövlətçilik ənənələrinə yenidən qayıtdıqdan sonra öz tarixi keçmişinə siyasi qiymət vermək istiqamətində də bir sıra addımlar atmışdır. Bu sahədə ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. 1998-ci il 26 mart tarixli “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı azərbaycanlılara qarşı 1918-ci il mart hadisələri zamanı törədilmiş vəhşiliklərin üzə çıxarılmasında mühüm rol oynamışdır. Eyni zamanda baş vermiş hadisələrə həqiqi qiymətin verilməsində mühüm siyasi, hüquqi və tarixi sənəddir. Bu sənədlə ilk dəfə olaraq XX əsrdə mərhələlərlə 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirilmiş qırğınların rəsmi olaraq xronikası qeyd edilir və bütün Cənubi Qafqazda azərbaycanlı əhaliyə qarşı etnik düşmənçilik siyasətinin kökləri göstərilir.
***
Həmin müdhiş hadisənin baş verdiyi günlər Milax kəndində yüzlərlə insanın həyatına son qoyduğu kimi, Qəzənfərlə bacısı Saranın da uşaqlığına son qoydu. Onlar bu hadisələrdə uşaqlıqlarını itirdilər. Həmin gündən Saranın əlindən oyuncaqları alındı, əvəzinə mahiyyətini belə dərk etmədiyi, lakin özünü müdafiə edə biləcəyini düşündüyü həmin o silah verildi. O silah ki, Sara ölənədək yatağını xalçanın üzərindən asılan o silahın altında açdı. Həmin gündən Qəzənfər Saraya ata, Sara isə Qəzənfərə ana oldu. Bacı-qardaş idilər, dost da oldular. Onlar dərd ortağına çevrildilər. Qəzənfər günlərlə bacısının bədənindəki güllə yaralarının sağalması ilə məşğul oldu. Kənddəki türkəçarəçi Fatma nənənin dağların-düzlərin gülündən-çiçəyindən hazırladığı məlhəmlər Saranın həyatını xilas etdi. Bu balaca qız çox əziyyətlər çəksə də, günlərlə iniltisi kasıb komalarını ağzına alsa da, yaraları irinləyib onu istilik içərisində gözü qarşısında öldürülən anasının itkisi kimi yandırsa da, dözdü Sara, çünki yaşamalı idi, ona “öl” hökmü verilməmişdi. Bədənindəki yaralar bu körpəni uzun zaman incitsə də, yaşadı...Zaman keçir. Bəzən onu tutub saxlamaq ən böyük istəyimiz olsa da, o, ötür, ötməlidir də. O dayanmır, irəliləyir. Bizi də öz qanunlarına tabe etdirərək irəliləyir. Zaman Qəzənfərlə Saranı da öz axarı ilə böyüdüb gənc bir oğlana və qıza çevirmişdi. Qəzənfər evlənmişdi. Sara o vaxtlar qonşuluqdakı İrandan kəndə gələn Nağı ilə ailə qurdu. Nağı da ta Vətəninə qayıtmadı. Onlar burada özlərinə yuva qurdular. Özlərinə bir otaq tikənədək Qəzənfərin yanında qaldılar. Sonra öz yuvalarına köçdülər. Saranın qurduğu yuvasına ilk zinəti anasındanqalma köhnə xalçanı otağının divarına vurması, üstündən də o silahı-özü ilə bərabər o dəhşətli hadisəyə şahid silahı həmin xalçanın üstündən asması oldu. Bu ər-arvadın hər il bir qədər genişləndirdikləri evləri 6-8 il ərzində böyük bir ailənin yuvasına çevrildi. Onların 5 qız, 1 oğlanları dünyaya gəldi. Qızları doğulduqca Sara silahına daha çox başlanırdı, onu göz bəbəyi kimi qoruyurdu. Dəfələrlə qohum-qonşuları o silahı istəmişdilər, satmasını təklif etmişdilər. Lakin o buna razı olmamışdı. Hətta bu sözü danışmağı birdəfəlik qadağan etmişdi onlara. Hər kəsə qəlbini-sirrini açmayan bu qadın o silahı dünənədək özü, ailəsi üçün qorumuşdursa, artıq o silah onun 5 qızının namusunun qoruqçusu idi. Sara xalçanın üstündən asılan silahı o günə saxlayırdı ki, 11 yaşında qarşılaşdığı hadisə ilə bir daha qarşılaşarsa, öz əlləri ilə qızlarını öldürəcəkdi, onların düşmənin əlinə keçməsinə izn verməyəcəkdi. O silah bir həyatın keşməkeşlərindən keçən Saranın simasında bütün azərbaycanlı qadınların məfkurəsi, namusunu, mənliyini düşməndən qorumaq, müdafiəsi idi. Sara kimi minlərlə qadınlarımız öz əlləri ilə qızlarını boğub öldürərdilər, lakin düşmənin əlinə keçməsinə razı olmazdılar. Həyatın, taleyin Saraya bəxş etdiyi 5 qız övladının da xilası onun özünün illərdən bəri böyük bir psixoloji qorxu içərisində yaşadığı günlərdə ümidi olan həmin silah idi...
İllər ötürdü... Sara xalanın xalça üzərində ağır-əziz tutduğu silah elə oradanca asılı qalmaqda idi. Çünki hələ ki, ermənilər yerlərində oturdulmuşdular. Sara xalanın qızları isə bir-birinin ardınca öz yuvalarına uçurdular. Oğlunu da evləndirmişdi, gəlinini də gətirmişdi. Lakin həmin silaha əl dəyməmişdi: o yerindəcə asılı qalmışdı... Sara xala isə hələ də yatağını o silahın altında açırdı. O silahın altında, o yatağın içərisində Sara xala qocalıb ahıllıq yaşına çatmışdı. Bəlkə bu da bir alın yazısı imiş ki, Sara xala 1918-ci ildən düz 70 il sonra – 1988-ci ildə yenidən ermənilərin torpaq iddialarının, düşmənin dəyişməz xislətinin yenidən şahidi olacaqmış. Sara xala o illər hər dəfə sərhədlərimizdə baş verən hadisələri eşitdikcə illər öncəyə qayıdır, başlarına gətirilən hadisələri bir-bir xatırlayır və dərin bir köks ötürürdü. Bəlkə də Sara xala hələ uzun illər yaşayacaqdı, 88-90-cı illərin hadisələri olmasaydı. Kim bilir, bəlkə də onun ömrünü elə uşaqlıqdan içinə sığdırdığı müdhiş bir qorxu qurd kimi gəmirməyə başlamışdı. Onun birdən-birə yatağa düşməsi içinə gömdüyü bu qorxu deyildimi?..
***
1988-ci ildən başlayaraq Azərbaycan yenidən ağır günlərini yaşamağa başladı. Naxçıvan 1989-cu ildən başlayaraq ermənilər tərəfindən dəmiryolunun dayandırılması ilə qısalı-uzunlu zaman kəsikləri ilə blokadaya alınırdı. Bunun ardınca ərazilərindən keçərək Naxçıvana gələn elektrik enerjisinin, qaz xəttinin dağıdılması ilə təbii qaz, elektrik enerjisi tamamilə dayandırıldı. Artıq 1991-ci ilə – Sara xalanın ömrünün son günlərinədək Naxçıvan tamamilə blokadaya alınmışdı. Həmin ağır illərdə bu yaşlı qadının nazını çəkmək onun hər bir övladının, nəvələrinin üzərinə düşürdü. Zülfiyyə xanım da yoldaşının nənəsinin qayğısını çəkənlərdən olub. O zaman kəndlərimiz daha şəraitsiz şəraitdə olduğu üçün Zülfiyyə xanımgil Sara xalanı Naxçıvan şəhərindəki evlərinə gətirmişdilər. Lakin günlər ötdükcə şəhərdə vəziyyət kənddən də ağır olurdu...Zülfiyyə xanım o günləri göz yaşları ilə xatırlayır: uşaqlar balaca idi, yoldaşım işə gedidi. Qayınatam, qayınanam yaşlı idilər. Sara xala da ki, xəstə-yataqda. Çörək dalınca mən getməli olurdum. Elə olurdu ki, evdən o başdan – saat 6-da çıxırdım, günorta – nahar vaxtına ancaq evə gəlib çatırdım. Növbədə olan insan sırasının ucu-bucağı yox idi. Kəndlərdən də camaat axışıb çörək almaq üçün şəhərə gəlirdilər. Çünki kəndlərdə təndir salıb çörək bişirmək mümkün deyildi. O mənada ki, nə satışda un var idi, nə də kəndlərdə bir təndiri isidib çörək bişirmək vəziyyətinə gətirmək üçün yanacaq. Buna görə də əli qoynunda qalmışdı insanların. Nə edəcəklərini bilmirdilər. Çörək alıb qayıdırdım evə. Baxırdım ki, əl yumağa bir ovuc su yoxdur. Vedrələri götürüb gedirdim çeşməyə. Bəlkə 10 dəfə, 15 dəfə gedib-gəlirdim. Həmişə blokadanın o ağır illərini xatırlayanda məni düşündürən bir məsələ olur – o illərin qış fəsli. İlahi, adam dəhşətə gəlir o qışları xatırlayanda. Bilmirəm, necə izah edim, təsvir edim o qışları. O qədər də qar yağardımı, şaxta olardımı? Həqiqətən də son illər iqlim dəyişikliyi baş verib. İndi kimə 90-cı illərin qışı haqqında danışsaq, vallah inanmazlar. Çünki son illər qış ayları çox mülayim keçir. Ancaq o illərdə küçələrdə 15-20 santimetr buzun üzərində hərəkət edirdik. Evlərin şiferlərindən buz baltaları sallanırdı. Elə ki, noyabr girdi, bir dəfə qar yağdı, vəssalam, həyat dayanırdı, düz marta qədər. Bütün su, kanalizasiya sistemi donurdu. İnsanlar, xüsusilə də qadınlar olmazın çətinlikləri ilə üzləşməli olurdular. Daşıdığımız suları evdə işlədəndən sonra onları bir də vedrə-vedrə bayıra daşıyırdıq. Su daşıyanda əllərim donub hissiyatını itirirdi. Evə gəlirdim, bir isti yox idi ki, əlini tutub isidəsən. Məcbur əllərini qoynuna qoyurdun. Düz bir saata donu açılırdı. Evlər də buz kimi idi. Daimi yanar yox idi. Bu gün tapdınsa bir şey, yanacaqdı, tapmadınsa, soyuqda oturmağa məhkim idin. Əvvəllər odun, çör-çöp tapıb sobanı alışdırırdıq. Sonrakı qışlarda artıq o da qalmamışdı. Çünki insanlar hamısı soyuqla mübarizə aparırdılar. Sonrakı illər camaata neft, salyarka normaları verilməyə başlandı. Allahım, o növbələri xatırlamaq nə qədər dəhşətlidir. Saatlarla talon əlində soyuq havada, ayaq üstündə dayanmalı idin ki, 5-10 litr yanacaq ala biləsən. Yaxşı aldın, bunu maşınkada yandırıb yemək hazırlayasan, sobada yandırıb evi isidəsən?.. Bax o norma ilə bunun hansını etmək isə bir başqa dərd idi.Sonralar artıq mağazalarda baha qiymətə olsa da, un tapılırdı. Elektrik xətləri o qədər yüklənirdi ki, bir də görürdün ki, axşamdan yüksəkgərginlikli xətlərdə qəza baş verib, səhərə qədər təmir edilməyib. Deməli, həmin gün mağazalarda çörək də olmayacaqdı. Məcbur qalıb, həyətdə sacda çörək bişirməli olurduq. Bu mənim üçün çox ağır idi. Çünki köməyim yox idi. Böyük oğlum nə qədər əziyyət çəkdiyimi görürdü. Bir gün sacın başında kündələri bir-bir açıb bişirərkən, oğlum gəldi, bir xeyli baxandan sonra qalxıb evə getdi. Bir azdan Əlində bir adyalla qayıtdı. Həmin adyalı çəpər qonşumuz səmtə ağacların budaqlarına bağladı, dedi ki, ana, qoy heç kim görməsin, sənə kömək edəcəm. Həmin gündən sonra o mənim köməkçimə çevrildi. Mən açdım, o sacın üstündə bişirdi. İşim xeyli yüngülləşdi.
O günlərin hansını deyəsən, hansını saxlayasan axı. Dərd bir idi, iki idi? Ətrafda problemli olmayan heç nə yox idi Getsin o günlər, bir də dönməsin, Allah bizlərə o günləri bir də nəsib eləməsin.
***
Beləcə, Zülfiyyə xanım bu qədər ailə qayğıları məngənəsində uzaq məsafədən su daşıyıb, onu min əziyyətlə qızdırıb Sara xalanı yuyunduranda görmüşdü onun bədənindəki güllə yaralarını. Elə bu yaralar da onun Sara xaladan dinlədiyi bir həyat hekayəsinin başlanğıcı olmuşdur ki, Zülfiyyə xanımla ani bir söhbətim zamanı bu həyat hekayəsi yenidən çözülərək qəhrəman bir azərbaycanlı qadının timsalında erməni xislətinin yeni bir səhifəsi ilə tanışlığıma vəsilə oldu. Unudulmayacaq bir səhifə... Bu yazı vasitəsilə gənc nəsillərə çatdırılacaq, onları əsla dəyişilməyən erməni xislətinə hər zaman hazırlıqlı olmağa çağıran bir səhifə... Sara xalanın xalçasının üstündən asdığı silahın mahiyyəti ruhumuza hopmalıdır. Onu məhz anasının əlləri ilə ilmə-ilmə toxuduğu xalçanın üstündən asmasının, bir ömür gözünün önündə saxlamasının, yatağını o xalçanın və o silahın altında açmasının səbəblərini ruhumuza yazmalıyıq. Axıdılan qanların, ömrü yarımçıq qalmış uşaqların, həyatına didərginlik, köçkünlük yazılmış soydaşlarımızın, arzuları torpağa kömülən şəhidlərimizin, evində, həyətində gündəlik həyatını yaşayan, işi-gücü ilə məşğul olan günahsiz insanların qətliamını, zaman-zaman Azərbaycanımızdan qoparılan Vətənə həsət torpaqlarımızın naləsi həkk olunmalıdır məfkurəmizə... Unutmamalıyıq, unutmağa haqqımız yoxdur...

Mətanət Məmmədova

Digər xəbərlər