Analitika

  • 4 981

Avroparlament, yoxsa İrəvanın notarial kontoru? TƏRS BAXIŞ+ÖZƏL

image

Google axtarışda Avroparlament yazdıqda yeni ifadə də peyda olub – rüşvət!

Avropa parlamentinin illər uzunu Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsinə, məruzələr etməsinə necə deyərlər alışıq olmuşuq. Artıq assosiativ düşüncəmizdə həm də belə bir fikir formalaşır ki, bu qurum sanki İrəvanın Avropadakı notarial kontoru rolunu oynayır. Ümumiyyətlə, az qala dünyada baş verən bütün neqativ hadisələrə görə Azərbaycanı “günahkar” çıxaran və heç vaxt müsbət məsələlər haqqında fikir bildirməyən Avroparlament artıq açıq-aydın olaraq demokratiyaya, həqiqətə deyil, yalana, böhtana və şərə xidmət göstərdiyini sübut edir – xüsusilə, kürsülərində oturan və erməni lobbisinə xidmət edən, o cümlədən korrupsiyaya bulaşan parlamentariləri sayəsində!

Azərbaycan əleyhinə daxil olan bütün müraciətlərə eyni motivdə yanaşılır

Bu dəfə Bakının məsuliyyətinə “Ermənistanın suveren ərazilərinə qarşı aqressiya” damğasını yapışdırmağa cəhd edən adıçəkilən qurum bu da azmış kimi, artıq mövcud olmayan Minsk qrupuna belə istinad edir, qeyri-aktual reallıqlar vasitəsi ilə “təki məruzə gen-bol olsun” xislətində özünü biabır etməyə davam edir. Hətta belə desək, qurum Avropada və dünyada cərəyan edən qlobal siyasi təlatümlər ətrafında daha geniş platformada tədbirlər keçirməsi yerinə dönüb-olub balaca diskusiya dərnəyi. Üstəlik, daha bir mənzərə olaraq Avropa Parlamenti İrəvanın notarial kontoruna bənzəyir – sənəd daxil olur, ona sadəcə nəzər salınır və axırda da möhür vurulur... Və beləcə, Azərbaycan əleyhinə daxil olan bütün müraciətlərə eyni motivdə yanaşılır. Nə araşdırma var, nə də...

Avropa Parlamentinin ən çox istifadə etdiyi ifadə, birmənalı olaraq, erməni kontekstindəki “ərazi bütövlüyü” sözüdür

Ümumiyyətlə, maraq üçün Avropa Parlamentinin son həftələrdəki fəaliyyətini əks etdirən məlumatları nəzərdən keçirsək biz bu məlumatlarda ancaq və ancaq Azərbaycanı ittiham edən xəbərləri oxuya bilərik. Amma həqiqət naminə etiraf edək ki, Google axtarışda Avroparlament yazdıqda yeni ifadə də peyda olub – rüşvət! Bəli, məhz rüşvət və korrupsiya ki, bu barədə də dəfələrlə yazmışıq, özü də faktlarla, istinadlarla və s. Artıq Belçika polisinin başı da bu kimi məsələlərdə əməlli-başlı qarışıb...

Daha bir nüans: Avropa Parlamentinin ən çox istifadə etdiyi ifadə, birmənalı olaraq, erməni kontekstindəki “ərazi bütövlüyü” sözüdür. Fəqət Azərbaycanın ərazi bütövlüyü barədə ümumiyyətlə danışılmır. Misal üçün, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan və 30 ilə yaxın dövr ərzində işğal altında qalmış ərazilərini öz gücü ilə azad etməsi və yenidən bütövləşdirməsi barədə bir kəlmə də olsun danışılmayıb. Niyəsini isə artıq yuxarıda qeyd etmişik-erməni lobbisinin korrupsiyalaşmış pulları hesabına.

Belə çıxır ki, Azərbaycan dünyəvi olması ilə yanaşı, həm də müsəlman ölkəsi olduğu üçün çıxdaş edilir və istənilən anda bütün “günahlar” Azərbaycanın üzərinə yazılır (?!)

Amma bu da son deyil. Avroparlamentin ermənipərəst fransız deputatlarının fəaliyyətlərinə də nəzər salmaq olar. Onların təqdim etdikləri sənədlər isə Avropanın insan haqlarına verdiyi dəyərlərdən yan keçməklə bilavasitə dini ayrıseçkilik kontekstini əhatə edir. Bunu seçmək də əsla çətin deyil – “xristianlıq dəyərləri”, “xristianlıq həmrəyliyi” və s. Təəssüf ki, belə sözlər orada dəfələrlə işlədilib və nədənsə Avroanın müvafiq insan hüquqları strukturları bu ayrıseçkiliyi görməzdən gəliblər. Belə çıxır ki, Azərbaycan dünyəvi olması ilə yanaşı həm də müsəlman ölkəsi olduğu üçün çıxdaş edilir və istənilən anda bütün “günahlar” Azərbaycanın üzərinə yazılır (?!) Yaxşı, tutaq ki, ölkəmizin müsəlman olması kontekstində dini ayrıseçilik formulu işə salınır. Onda növbəti sual üzə çıxır: bəs Azərbaycanda da xristianlar yaşamırlarmı?! Və ya ölkəmizdəki katoliklər və pravoslavlar monoetnik Ermənistandakılardan səviyyəcə aşağı hesab olunurlar?! Həmçinin, məgər xristianlıq dəyərləri ölkələrə görəmi seçilir?!

Belə yanaşmanın daha bir adı islamofobiyadır!

Göründüyü kimi, absurdluq ortadadır və Avropa Parlamentinin hər hansı qətnamə çıxarmasına baxmayaraq daha bir fakt budur ki, Bakı ilə Brüsselin münasibətləri, əməkdaşlığı heç də bu qətnamələrdən asılı deyil və olmayacaq da. Reallığa qalanda isə təsis edilərkən mötəbər qurum kimi tanınan Avropa Parlamenti indi dönüb olub İrəvanın notariat kontoru, habelə, islamofobiya mərkəzi. Bu açıq-aydın, rahat görülə bilinəcək bir mənzərədir ki, biz müşahidə etməkdəyik. Belə mənzərə həm də qlobal təhlükələrə yol açan bir gerçəklikdir. Bir halda ki, insan azadlıqları, bəşəri inanclar, zaman-zaman siyasi qərarların, qətnamələrin qəbulunda irqiçilik, millət mənsubiyyətləri ayrıseçkilik siyasi alətə çevrilirsə! Təəssüf edilən də məhz budur...

Rövşən RƏSULOV

Digər xəbərlər