Analitika

  • 3 711

Nyu-York məhkəməsi Trampın həbsinə qərar verdi: demokratik siyasi təqib? ANALİTİK+FOTOFAKT

image

ABŞ-ın eks-prezidenti: “Bu, siyasi təqib və tarixdə seçkilərə ən yüksək səviyyədə müdaxilədir”

Manhetten (Nyu-York ştatı) məhkəməsinin böyük münsiflər heyəti ABŞ-ın eks-prezidenti Donald Trampa qarşı 30 bənddən çox ittiham irəli sürüb. İttihamlar biznes, dələduzluq və s. məsələləri əhatə edir. ABŞ KİV-lərinin yazdığına görə, Tramp məhkəmə qarşısında həftənin bazar ertəsi, yaxud çərşənbə axşamı çıxacaq. Həmçinin bildirilir ki, yekun ittiham aktı məxfiləşdirilib və yaxın günlərdə ictimailəşdiriləcək. Belə ki, hazırda səsləndirilən ittihamların bəziləri, sadəcə, böyük ehtimallara söykənir.

İttihamlar nədən ibarətdir?

Misal üçün, iddialar var ki, Donald Tramp pornoaktrisa Stromi Denilezin işi ilə bağlı da ittiham olunur. Mətbuat yazır ki, Manhettenin böyük münsiflər heyətinin bildirdiyinə görə, Tramp 2016-cı ilin seçki kampaniyası zamanı pornoaktrisaya aralarında olan səmimi münasibətlərin yayılmaması üçün iri məbləğdə rüşvət verib. Eyni zamanda, məhkəmə Trampın dərhal həbs olunacağını da bəyan edib.

Yəni həbsin gələn həftəyə saxlanılmaması da söhbətlər arasındadır. Hələlik, aktrisanın özü baş verən proseslərlə bağlı heç nə demir və mümkündür ki, istintaq ona susmağı tapşırıb. Lakin istər-istəməz, yəni proseslərin sürətləndiyi bir zamanda digər məsələlərin də ictimailəşəcəyi gözlənilənlərdəndir.

New York Times: “Trampın qollarına qandal taxılacaq, barmaq izləri götürülərək”

New York Times nəşrinin qeyd etdiyinə görə, Nyu-York polisi yüksək hazırlıq səviyyəsinə çıxarılıb və bütün polislər növbəyə çağırılıblar. “Trampı həbs edərkən onun barmaq izləri götürüləcək, fotosu çəkiləcək və o da mümkündür ki, qollarına qandal da taxılacaq”, deyə Amerika nəşri bildirir.

Trampın komandası: O, Amerika tarixindəki ən möhtəşəm qələbə nəticəsində yenidən seçiləcək və biz Amerikanı yenidən nəhəng edəcəyik”

Artıq Trampın komandası da baş verənlərlə bağlı hərəkətə keçib. “Bu, cinayətin törədilməsi ilə bağlı ittiham deyil, cinayət baş verməyib... O, Amerika tarixindəki ən möhtəşəm qələbə nəticəsində yenidən seçiləcək və biz Amerikanı yenidən nəhəng edəcəyik”, deyə Trampın komandası bəyanat yayıb.

Lakin bununla yanaşı, ABŞ-ın eks-prezidenti də susqun qalmayıb. O, bəyanat yayaraq bildirib ki, ABŞ-ın mövcud hakimiyyəti ona qarşı təzyiq siyasəti yürüdür. “Bu, siyasi təqib və tarixdə seçkilərə ən yüksək səviyyədə müdaxilədir”, deyə o qeyd edib.

Tramp: “Baş prokuroru Corc Soros maliyyələşdirir”

Onun daha bir iddiası da diqqət çəkib. Tramp bəyan edib ki, Manhettenin baş prokurorunu Corc Soros maliyyələşdirir: “Bu ştatın baş prokurorunu Corc Soros maliyyələşdirir və vaxtı çatanda hər şey üzə çıxacaq”.

Həmin ifadə isə onu göstərir ki, Amerikanın sabiq prezidenti Nyu-York məhkəməsini sifarişlə fəaliyyət göstərməkdə, eləcə də rüşvət almaqda ittiham edir. Hər halda məhkəmədə bu və bu kimi digər qalmaqallı ittihamların da qarşılıqlı olaraq səslənəcəyini ehtimal etmək olar.

Beləliklə, Donald Trampın ABŞ-da kifayət qədər nəhəng elektoratının da olduğunu nəzərə alsaq, ölkəni yeni siyasi təlatümlər gözlədiyi qənaətinə də gələ bilərik. Belə ki, ABŞ-ın tarixində bənzəri olmayan bir olayın yaşanması da belə düşünməyə zəmin yaradır ki, artıq Amerika demokratiyası ya izafiliyi səbəbindən demokratiya çərçivəsindən çıxır, ya da bu demokratiya ciddi sarsıntılara məruz qalmaqla siyasi təqib vasitəsinə çevrilir. Gözləyək...

Rövşən RƏSULOV

Digər xəbərlər