Bu Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik xarici siyasətinin növbəti uğurudur
Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik uğurudur. Çünki Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan 1991-ci il “Alma-ata bəyannaməsi”nə sadiq olduqlarını bildirmiş, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanması razılaşdırılmışdır. Azərbaycanın 86,6 min km, Ermənistanın 29,8 min km ərazisi qarşılıqlı şəkildə tanınmışdır. Beləliklə, erməni baş nazirin beynəlxalq platformada Azərbaycanın ərazi bütövlüyünü tanıması Ermənistanın Qarabağla bağlı iddialarının üstündən birdəfəlik xətt çəkmiş oldu;
Şarl Mişelin “keçmiş Dağlıq Qarabağ Vilayəti” ifadəsini işlətməsi Ermənistanın manipulyasiyasının əsassız və faydasız olduğunu təsdiqləmiş, Qarabağın Azərbaycanın suveren ərazisi və daxili işi olduğunu sübuta yetirmişdir.
Qeyd edək ki, danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılır. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Rəsmi Bakının İrəvana təqdim etdiyi təkliflər aşağıdakılardır: Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
AZƏRBAYCANIN TƏŞƏBBÜSLƏRİ AVROPA İTTİFAQI SƏVİYYƏSİNDƏ DƏSTƏKLƏNİR
Əvvəlki Brüssel görüşlərində olduğu kimi, Prezident İlham Əliyev beşinci Brüssel görüşündə də Azərbaycan həqiqətlərini xarici ölkə siyasətçilərinin, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu. Artıq Azərbaycan öz ərazi bötövlüyü və suverenliyini təmin edib. Ölkə başçısı münaqişə bitdikdən sonra dəfələrlə açıq bəyan edib ki, Azərbaycan səhifəni çevirməyə hazırdır. Yəni ölkəmiz regionda sülh, təhlükəsizlik və mehriban qonşuluğun tərəfdarıdır. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verilməsi, eyni zamanda regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması üçün atılan addımlar Azərbaycanın davamlı sülhdə maraqlı olmasından xəbər verir.
Görüşdən sonra Şarl Mişelin üçtərəfli görüşün nəticələri ilə bağlı yekun bəyanatla çıxış etdi və bu bəyanatında diqqətçəkən önəmli məqamlardan biri də Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ən azı 86,6 min kvadratkilometr ərazisini rəsmən və açıq şəkildə tanıdığını bəyan etdiyinin vurğulanmasıdır. Həmçinin, Şarl Mişelin bəyanatında Laçın yolu ilə bağlı da heç bir ifadə yer almayıb və bu amil Azərbaycanın öz suveren ərazilərində tətbiq etdiyi hüquqi prosedurlar nəticəsində yaranan reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu göstərir.
Şarl Mişelin bəyanatında nəzərəçarpan digər məqam Azərbaycanın erməni əsilli sakinləri ilə bağlı əsasən Avropa İttifaqının baxış bucağını əks etdirən yanaşmadır. Şarl Mişelin bəyanatında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə qeydlər və Bakının onlarla açıq dialoq aparmasına dair fikirlər göstərir ki, artıq Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşları kimi qəbul olunur. Müzakirələrdə Qarabağ ermənilərinə hansısa statusdan, hətta beynəlxalq mexanizmlərdən belə söhbət gedilmir. Digər mühüm məqam ondan ibarətdir ki, Avropa Birliyi Cənubi Qafqazda sülhün bərqərar olunmasının özünü geostrateji prioritetləri sırasına daxil etdiyini bəyan edib. Və Avropa İttifaqının danışıqlarda vasitəçiliyini davam etdirməsi Azərbaycanın bölgədəki siyasi maraqlarına uyğundur. Bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinin imzalanacağəna ümid etmək olar.
FRANSA PREZİDENTİ MAKRONUN BU GÖRÜŞLƏRDƏ VASİTƏÇİ KİMİ QATILMAQ CƏHDLƏRİ BU DƏFƏ REALLAŞMADI
Qeyd edək ki, Fransa prezidenti Makronun bu görüşlərdə vasitəçi kimi qatılmaq cəhdləri bu dəfə reallaşmadı. Məlumdur ki, Fransa danışıqlarda birmənalı şəkildə Ermənistanı dəstəkləyir və Azərbaycanı güzəştlərə məcbur etmək istəyib. Amma Azərbaycan siyasi rəhbərliyi Fransanın bu cəhdlərinə qarşı qəti mövqe ortaya qoydu və Makronu danışıqlardan kənarda saxladıq.
Bu da real faktdır ki, tarix boyu Avropada mənfur ermənilərə dəstək verən ən böyük dövlətlərdən biri Fransa olmuşdur. Zaman-zaman bu və ya digər vasitə ilə Ermənistanı dəstəkləyən, qondarma “erməni soyqırımını” tanıyan bu işğalçı dövlətin Avropada hamisi Fransa bu gün də qərəzli mövqeyindən əl çəkməyərək çox gülünc və lazımsız bəyanatlar verməklə özünün pis niyyətini biruzə verməkdədir. Ancaq onu da vurğulamaq lazımdır ki, Fransa özü müstəmləkə dövləti olmuş, çox sayda millətləri öz əsarətində saxlamış və soyqırımlara məruz qoymuşdur. Belə bir dövlətin Azərbaycana məsləhət verməsi çox absurt və gülüncdür. Çünki biz öz ata-baba tarixi torpaqlarımızı Ermənistan adlı bir cinayətkar dövlətin işğalından qurtarmaq üçün haqq müharibəsi aparırırq. Makronun “məsləhət” verəcəyi yeganə ölkə hamisi olduğu Ermənistandır. Məhz Ermənistan keçiriləcək növbəti görüşdə Fransanın da iştirakını israrla tələb edirdi. Son görüş təsdiq etdi ki, Azərbaycan pozucu mövqe tutan, sülhə gedən yolu əngəlləməyə çalışan Fransanı masa arxasına buraxmadı, rəsmi Paris prosesi elə öz ölkəsindən izləməli oldu və niyyəti gözündə qaldı. Və Fransa bir daha anlamalıdır ki, Azərbaycan regionun Lideridir, Qalib ölkədir və Qalib ölkənin Qalib Lideri Prezident İlham Əliyev aparılan danışıqlarda əsas söz sahibidir.
Bir sözlə, 2023-cü il mayın 14-də baş tutmuş beşinci Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Məhz, hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri isə iflasa uğrayır.
RƏFİQƏ HÜSEYNOVA