Analitika

  • 3 730

Ali Baş Komandan dedi və etdi – Ağdam–Xankəndi yolu işə düşdü

image

Bununla da regionda şərtləri diktə edən tərəf olduğunu bir daha təsdiqlədi

Azərbaycan Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolu 33 ildən sonra işə düşdü. Bu, Azəbaycan Prezidenti cənab İlham Əliyevin növbəti qələbəsidir. Çünki Ağdam-Xankəndi yolunun siyasi iradə hesabına açılması güc yolu ilə işə düşməsindən dəfələrlə çətin məsələdir.

Hazırda Ermənistan rəhbərliyi və Qarabağda yaşayan ermənilər bir daha əmin oldu ki, istənilən böyük dövlətin və ya beynəlxalq təşkilatının israrı Azərbaycan Prezidentinin iradəsinə təsir edə bilməz. Bu iradə isə ilk gündən istənilən ehtiyacın Azərbaycan tərəfi ilə razılaşdırmaqla və məhz Azərbaycanın ərazisindən keçməklə Qarabağa çatdırılmasını tələb edir. Bu tələb isə Azərbaycanın daxili işi və suveren haqqı kimi prinsipial məsələdir.

Ancaq Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndinə çatdırılmasına Azərbaycanın dəstək verməsini ermənilər düzgün qiymətləndirməlidir. Onlar anlamalıdır ki, bu imkan Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinə töhfə verən məsələdir.

Digər tərəfdən, bu xoş niyyət Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun birgə açılması ilə bağlı irəli sürülən tələblə qarışdırılmamalıdır. Çünki Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndinə çatdırılması individual razılaşmadır. İstənilən halda Laçın keçid-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmalıdır.

PREZİDENT İLHAM ƏLİYEV: "Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər"

Bəli, Xankəndi yolunun açılması Qərbin ermənipərəst dairələrinin mövqeyinin tamamilə iflası deməkdir. Azərbaycan mərhələli şəkildə strateji hədəflərinə çatmaqda davam edir. Azərbaycan dövlətinin qətiyyəti sayəsində bütün hədəflərə doğru uğurla irəliləyirik. Onu da qeyd edək ki, ötən ilin 12 dekabrından start götürən aksiya Laçın yolunda sərhəd-buraxılış məntəqəmizi bərqərar etməklə nəticələnib. Məsələyə qarşı olan daxili və xarici qüvvələr, hətta UNİCEF-in rəhbəri bəyan edib ki, "Azərbaycanın mövqeyi qalib gələrsə, yəni Ağdam-Xankəndi yolunun açılması, 10 noyabr 2020-ci il bəyannaməsinin müddəalarından irəli gələn 5 km-lik zolaqdan ibarət Laçın yolunun işləməsi Qarabağın Ermənistanla daimi kontaktda qalması məsələsinin üzərindən tamamilə xətt çəkəcək». Göründüyü kimi, bu yolun açılması Azərbaycanın beynəlxalq siyasi arenada gücünün təsdiqi olmaqla bərabər, humanist və sülhpərvər mövqeyinin nümayişidir. Azərbaycan Ağdam-Xankəndi yolunun açılması istiqamətində yaranan maneələri və orada toplanan ünsürləri hərbi yolla aradan qaldıra bilərdi. Faktiki olaraq, beynəlxalq hüquq da Azərbaycanın tərəfində idi. Ermənistan və onun havadarları da çox yaxşı başa düşürdü ki, hərbi əməliyyatlar baş verərsə daha əvvəl olduğu kimi Azərbaycanın üstünlüyü ilə başa çatacaq. Və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan məsələnin siyasi yollarla həllinə nail oldu. Bununla da regionda şərtləri diktə edən tərəf olduğunu bir daha təsdiqlədi.

İQOR KOROTÇENKO: "Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının başlanğıcıdır"

Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib ki, Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır.

Onun sözlərinə görə, separatçılar və onların lobbiçilərinin Ağdam-Xankəndi yolunun açılmasına mane olmalarına baxmayaraq sonda bu nəqliyyat arteriyası açılıb: "Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başladı. Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb. İndi “blokada” yoxdur, “kütləvi aclıq”, “soyqırımı” yoxdur - təbliğat qabığı uçdu getdi. Əslində bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır".

Bəli, Prezident İlham Əliyevin mövqeyi hər bir sahədə bəllidir. Və 33 ildən sonra Ağdam-Xankəndi yolunun açılmasına nail olan Azərbaycan Qarabağda yaşayan ermənilərin ehtiyaclarının ödənməsi üçün də bütün lazımi addımları atır və bundan sonra da belə olacaq. Və inanırıq ki, Qarabağda məskunlaşan erməni əhali də seperatçı və revanşistlərin əlaltısına çevrilmədən Azərbaycan vətəndaşlığını tezliklə qəbul edərək, sülh, əmin-amanlıq və rifah içərisində yaşayacaqlar. Əks halda Qarabağdakı seperatçı rejimin qurbanına çevriləcəklər. Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Bu reallığı onlar da nə qədər tez qəbul etsələr, onların özü üçün bir o qədər yaxşı olacaq.
Bir sözlə….

AĞDAM-XANKƏNDİ YOLUNUN AÇILMASI AZƏRBAYCANIN ŞƏRTLƏRİNİN QƏBUL OLUNMASIDIR

Beləliklə, Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məxsus yük maşınlarının Ağdam-Xankəndi yolu ilə ünvanına çatması ilə ermənilərin humanitar şousu da başa çatdı. Artıq bu gündən bu yolun istifadəyə açıq olduğu və Azərbaycanın prinsipial şərtlərinin gerçəkləşdiyi öz təsdiqini tapdı. Bu, Qarabağdakı separatçıların və onların havadarlarının siyasi manipulyasiyalarının fiaskoya uğraması və Azərbaycanın növbəti qələbəsidir. Xankəndindəki qondarma rejim Azərbaycan Konstitusiyasına və qanunlarına bundan sonra tabe olmağın yeganə yol olduğunu da anlayacaqlar. Artıq beynəlxalq birlik qarşısında süni humanitar blokada yaratmağa və şou ilə ictimaiyyəti çaşdırmağa çalışan ermənilərin oyunları da bitdi. Bir sözlə, ermənilər və separatçıları Azərbaycanın qanunlarına tabe olmaqlardan başqa çıxış yolu olmadıqlarını və Azərbaycan dövlətinin irəli sürdüyü bütün şərtlərlə razılaşmağa məcbur olduqlarını nümayiş etdirir. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, möhkəm qətiyyətinin və qələbə əzmkarlığının təntənəsidir. Və bu gün bütün dünya gördü və hazırda da şahidi olur ki, Azərbaycanın və onun Liderinin qətiyyətini, iradəsinin qarşısıalınmazdır. Bizim qətiyyətli mövqeyimizi gücləndirən həm də beynəlxalq hüquq və tutduğumuz ədalətli mövqedir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək!

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər