Analitika

  • 5 886

10 noyabr Bəyanatının imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı - ŞƏRH

image

Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaqdır. Qarabağ münaqişəsi artıq üç ildir ki, Zəfərlə tarixə qovuşub. Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir. Çoxəsrlik tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri Azərbaycan yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfdən də bu cür addımların atılmasını tələb edir. İndiki dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanması, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair məsələlərdir. Ermənistan sülh müqaviləsini imzalamaq məsələsində tərəddüdlər içərisində olsa da sonda iki yoldan birini seçməyə məcburdur. Ya sülh müqaviləsini imzalayıb regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması əsasında yeni əməkdaşlıq formatlarında iştirak etməklə özünün iqtisadi imkanlarını yaxşılaşdıracaq, ya da "Dəmir yumruq", "Qisas" və "Qətiyyətli cavab" əməliyyatlarının davamlı olacağını düşünməli olacaq. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə xeyli sayda görüşlər keçirilib. 2021-ci il 11 yanvar tarixli Moskva, 2021-ci il 26 noyabr tarixli Soçi görüşlərinin, onun ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə Brüssel, oktyabrın 6-da isə Praqa görüşlərinin hər biri sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlardır. Hər bir görüş üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımdır. Avropa İttifaqının vasitəçilik missiyası Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Ermənistan bu formatı sözdə qəbul etsə də əməldə daha çox 30 ildə onlara dəstək göstərib, ədaləti maraqlarının arxasında gizlədən bəzi dövlətlərin vasitəçiliyinin bərpasında maraqlı olduğunu təsdiqləyir. Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı ən aktual məsələlərdən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır. İstər Moskva və Brüsseldə, istərsə də müvafiq komissiyaların görüşlərində sözügedən məsələnin bölgədə sülh və əmin-amanlığa xidmət edəcəyi, normal qonşuluq münasibətlərinə rəvac verə biləcəyi vurğulanır. Delimitasiya prosesi qonşu dövlətlər arasında sərhəd xətlərinin müəyyən edilməsinin ilkin mərhələsidir. Bu prosesdən sonra dövlət sərhədi xətti ilə bağlı müqavilə imzalanır. Demarkasiya isə ikinci mərhələdir. Əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə, ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhədi xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsi anlamına gəlir.

Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası məsələsini Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Azərbaycan–Ermənistan liderlərinin son görüşünün ciddi nəticəsi kimi dəyərləndirmək olar. Brüsseldən iki gün sonra isə delimitasiyası komissiyaları bir araya gəlib, müzakirələr aparıblar. Keçirilən görüşlərin yekunu olaraq imzalanan bəyanatların hər biri Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilir.

Bu proseslərdə diqqət çəkən məqamlardan biri də Fransa dövlətinin və onun prezidentinin Azərbaycana qarşı qərəzli münasibəti idi. Praqa bəyanatında əksini tapan müddəalarla bağlı razılığını ifadə edən Makron çox keçmədi ki, erməni diasporunun nümayəndələri ilə görüşündə sərsəm bəyanatları ilə əsl simasını bir daha nümayiş etdirdi. İkiüzlü siyasəti ilə Fransa Prezidenti 30 illik işğal dövründə vasitəçiliyinin əsasında dayanan maraqlarını bir daha büruzə verdi.

Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə "Böyük Qayıdış"ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Bunun üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.

Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Ərazilərin bərpası və dayanıqlı inkişafı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması və Dövlət Proqramının icrasının optimallaşdırılması məqsədilə 5 illik dövrü əhatə edən Tədbirlər Planı əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının müəyyənləşdirilməsini, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur.
Bu proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Digər xəbərlər