Analitika

  • 1 351

Küçədə toplaşmaq 90-larda qaldı - TƏRS BAXIŞ

image

Bildiyimiz kimi, radikal müxalifət aprelin 21-nə mitinq elan edib. Birincisi, xalq küçədə toplaşmağı 90-larda nöqtələyib. Boş, mənasız danışıqlardan ibarət, nəticəsi olmayan, xalqı aldatmaqdan başqa nəyəsə xidmət etməyən mitinqləri xalqımız o zamanlar çox görüb. Görüb ki, bu mitinqlərdə radikallar yalnız özlərini tərifləyir, hakimiyyətə gəlmək üçün əldən-ayaqdan gedirlər. Zamanla bundan usanan insanlar mitinqlərdən uzaqlaşıblar. İndi müxalifət elan etdiyi mitinqi kiminlə keçirəcək, bu, maraqlıdır. Bir də o maraqlıdır ki, bəs nə üçün məhz indi? Ölkədə Prezident seçkiləri kimi böyük bir kampaniya həyata keçirildi. Və müxalifət həmin seçkini baykot etdi, lakin nədənsə həmin vaxt mitinq etmək fikrində olmadı. Hansı ki, ayın 21-nə planlaşdırdığı mitinqdə digər məsələlərlə yanaşı, “azad seçki” ilə bağlı məsələnin də müzakirə olunacağını anons edir. Görəsən bu “azad seçki” məsələsini dilə gətirənlər nə üçün unudur ki, qrand qarşılığında baykot etdikləri seçkidən bəhs etməyə haqları yoxdur. Bir siyasi partiya kimi seçki qanunvericiliyinə zidd hərəkət edənlər özlərini nə qədər doğru hesab edirlər ki, xalqa “azad seçki” dərsi verməyə cəhd göstərirlər?..

Fikir verən varsa, radikallar fəaliyyətlərini son illər daldan atılan daşın topuğa dəyməsi məsələ üzərində qurublar. Yəni burada əslində onların özlərindən də heç nə asılı deyil. Çünki onlar nəinki fəaliyyətlərinə, günlük həyat tərzinə belə özləri qərar vermək hüququndan illərdir ki, məhrum olunublar. Bu qərarları onlara qrand təqdim edənlər verir. Və bu qrand qarşılığında da “Fatı qalx, Fatı otur” əmrinə müntəzir olmaq alın yazılarına çevrilib.

Eşidəndə ki, aprelin 21-nə müxalifət mitinq planlaşdırıb, ilk ağla gələn də elə yuxarıda bəhs edilənlər oldu. Bir də onların davamı olaraq bu oldu ki, bəli, axı aprelin 5-də Brüsseldə keçirilən ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün bir çıxacağı olmalı idi. Ermənistana hərbi dəstək, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələləri özündə ehtiva edən görüşdən sonra təbii ki, yeni qrandların ayrılması görünən idi. Regionda münaqişə yaratmaq istəyənlər ölkəmizin daxilində də iğtişaşların baş verməsini düşünməmiş deyildir. Elə bu səbəbdən də sapı içimizdən olan “baltalara” yeni tapşırıqlar verildi. Qrand müqabilində yeni iş görmələri istənildi. “Pulunu al, mitinqini keçir” tapşırıldı.

Ürəklərində illərin hakimiyyət arzusu kömürləşən radikallar isə “həm ziyarət, həm ticarət” deyib cəmiyyətdə növbəti qarşıdurma yaratmaq cəhdini göydəndüşmə kimi qarşıladılar. Yəni, pullarını alıb mitinq elan etdilər.

Əslində 21 aprel mitinqi radikalların sırasında yaşanan daxili rəqabətin də təzahürüdür. Necə ki, 90-larda partiyaların hər biri guya üstün olıduğunu xalq qarşısında nümayiş etdirərək özünü gözə soxmaq istəyirdi, indi də elədir. Çünki illər bu xislət sahiblərini əsla dəyişməyib. İndi də keçirmək istədikləri mitinqin bir tərəfi aldıqları qrandlar qarşılığında ölkədə yaratmağa çalışdıqları iğtişaşa xidmət edirsə, digər tərəfi isə rəqabətə, mənəm-mənəmlik prinsipinə xidmət edir.

Arzularının isə yenə də ürəklərində qalacağı sözsüzdür. Xalq bu dəfə də küçəyə toplaşmaq istəyənlərin boş-boş danışıqlarına qulaq asmağın mənasız olduğunun təsdiqi kimi onları məxsus olduqları küçələrdə tək qoyacaq.

Müharibədən yenicə çıxmış, minlərlə övladını şəhid vermiş, gözü qarşısında minlərlə balasının saqlamlıq imkanını məhdud görən xalq yenidən 90-lara qayıtmaq fikrində deyil.

Bu gün Qarabağ və Şərqi Zəngəzurdan ermənilərin kökünün kəsildiyi, möhtəşən bərpa işlərinin getdiyi, soydaşlarımızın növbəli şəkildə doğma yurd-yuvasına qayıtdığı bir vaxtda xalq daxili münaqişələri yaratmaq fikrində olanları qəti şəkildə pisləyir.

Siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan, tək ümidi küçə iğtişaşları yaratmaq olan radikalların hər zaman olduğu kimi, bu dəfə də oxu hədəfə dəyə bilməyəcək. Çünki atdıqları oxun hədəfi hələ 90-lardan üzübəri həmişə özləri olub. Odur ki, 21 aprel mitinqini mənasız bir çağırış, baş tuta bilməyəcək bir hadisə kimi düşünmək olar. Üç-beş adamı xahişlə, tanışçılıqla, qranddan pay ayırmaqla küçəyə yığmağa çalışmaq ağılsızlıqdan başqa bir şey deyil.

Bir də artıq insanlar 90-lardakı insanlar deyil. Kimin nəyə xidmət etdiyini, kimin xalqın tərəfində olduğunu yaxşı görür və analiz edirlər. Sosial şəbəkələrdə çığırmaqla, insanları boş söhbətlərə qulaq asmağa çağırmaqla deyil, bunun boş bir çağırış olduğunu günlər sonra görəcəyik. İndi küçədə toplaşmaq vaxtı deyil. O dövr dünəndə qaldı. İndi lazımi yerlərdə əyləşib iş görmək vaxtıdır. O iş ki, xalqın xeyrinə, millətin gələcəyinə xidmət etmiş olsun.

Mətanət Məmmədova

Digər xəbərlər