Analitika

  • 635

Türk dünyasının inkişafına yeni nəfəs verəcək Zəngəzur dəhlizi - ŞƏRH

image

Zəngəzur dəhlizi mütləq açılacaq: Ermənistan istəsə də, istəməsə də! Çünki Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Prezident İlham Əliyev hələ illər öncəki çıxışlarında da bildirirdi ki, tarixi torpaqlarımızı unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Zəngəzur 1920-ci ildə, 102 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də strateji hədəfə çatır. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə, Zəngəzur dəhlizi türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yolunun mayakına çevriləcək. Bu səbəbdən də Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. Ölkə rəhbəri deyib: “Azərbaycan xalqı illər əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Xalqımız tam əmindir ki, məhz belə də olacaq”.

Prezident İlham Əliyev çıxışlarında Zəngəzur dəhlizinin çox mühüm regional və beynəlxalq əhəmiyyəti olduğunu vurğulamışdır. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağdır.

Həmçinin, indi tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq. Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək.

Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında Zəngəzur dəhlizinin yaradılması öz əksini tapmışdır. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizinin açılması və istismara verilməsi də nəzərdə tutulmuşdur. Bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm və iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində nail olduğumuz böyük Qələbəmizin rəsmi şəkildə təsdiqi deməkdir. Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycanın, Rusiyanın və Avropa İttifaqının mövqeləri üst-üstə düşür. Əslinə baxanda, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan vacibdir. Çünki, bu illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirib. Bu blokadanın yaradılması təbii ki, Azərbaycanın yürütdüyü düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan və Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb. O cümlədən iştirak etdiyimiz bütün beynəlxalq layihələri Ermənistandan yan keçirmişik. Düzdür, bu layihələrimizi həyata keçirərkən Ermənistanı kənarda saxlamağımızla əlaqədar çoxlu təzyiqlərlə üzləşmişik. Amma Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və iqtisadi gücümüz müstəqil siyasət yürütməyimizə və öz istəyimizə uyğun bütün layihələrin icrasına imkan verib.

Bir sözlə, Ermənistan başa düşmür ki, Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri müəyyən olunmuş qaydada yerinə yetirməsə, Azərbaycan Laçın dəhlizini bağlamaq məcburiyyətində qalacaq. Azərbaycan dəhlizlərlə bağlı belə balanssızlığa dözmək niyyətində deyil. Ən əsası, rəsmi İrəvan bilməlidir ki, Zəngəzur dəhlizinin tezliklə açılması həm də regionda sülhün etibarlılığı üçün fundamental amillərdən biri sayılır. Və Ermənistan nəzərə almalıdır ki, Azərbaycan dəfələrlə düşmənçiliyə son qoymağa hazır olduğunu bəyan etmiş və bütün qonşu dövlətlərin iştirakı ilə regionda inkişafın və əməkdaşlığın təmin olunduğu reallığı qəbul etməyə çağırır. Bu kontekstdə Azərbaycan regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün əməli addımlar atır. Bunu Ermənistanda da düzgün qiymətləndirmək, əməkdaşlıq üçün adekvat addımlar atmaq lazımdır. Əks halda, Ermənistan ən çox uduzan tərəfə çevriləcək.

“Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı onu da vurğulayıb ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

Bəli, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Bir sözlə, Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti Azərbaycanı regionun ən vacib aktoruna çevirib. Və 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyimiz "Dəmir yumruq" əməliyyatı ilə bu reallığı da Ermənistana məcbur qəbul etdirmişik. Əgər Ermənistan bu reallığı təsdiq etməsəydi, tamamilə məhv ola bilərdi. Yaratdığımız yeni reallıq Ermənistanla Azərbaycan arasındakı bütün kommunikasiyaların selektivlik etmədən eyni vaxtda paralel açılmasıdır. Ona görə də bu məsələ gündəliyimizdə ən aktual məsələlərdəndir.

Beləliklə, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması üçün işlərin görülməsi zərurətdir və bunun alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında, sonra da masa arxasında təmin edib. Gələcək isə sülh və qonşuluq münasibətləri üzərində qurulmalıdır. Dünya tarixində ən böyük qanlı müharibələr də masa arxasında sonlanıb. Gələcək dinclik, təhlükəsizlik və əməkdaşlıq üzərində qurulmalıdır. Bunun alternativi yoxdur və bu reallığı Ermənistan nə qədər tez qəbul etsə, onların xeyrinədir.Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biri olmaqla, bu Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tarixi uğurudur.

Zərifə Quliyeva

YAP Veteranlar Şurasının üzvü,

Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri

Digər xəbərlər