PDF Oxu

Araşdırma

  • 3 230

İKİÜZLÜLÜK ŞOUSU – TƏHLİL

image

Öz ənənəsinə, öz tərzinə uyğun olaraq, erməni baş nazir Nikol Paşinyan ziddiyyətli bəyanatlar səsləndirməkdə davam edir və davranışları daha çox şouya bənzəyir. Bəlli olur ki, Qərbin layihəsi olan əli sarıqlı, beli çantalı küçə nümayişçisi hələ də şou göstərmək ənənəsindən əl çəkmək niyyətində belə deyil. Bir vaxtlar, daha dəqiq desək, 2018-ci ildə İrəvanın küçə və meydanlarındakı nümayişlərdə şou göstərməyə bir növ alışqan olan Ermənistanın baş naziri bu dəfə də BMT Baş Assambleyasının sessiyasında öz çıxışı zamanı ikiüzlülük etməyi özünə rəva bilib. İrəvanın Bakı ilə tezliklə sülh sazişi imzalamağa hazır olması ilə bağlı onun ziddiyyətli bəyanatlar səsləndirməsini məhz bu baxımdan ikiüzlülük şousu adlandıra bilərik.

Paşinyanın yalan danışmaqda necə mahir olduğu, riyakarlığı bir daha öz təsdiqini tapıb
“Ermənistan və Azərbaycan arasında sülh həmişəkindən daha əlçatandır. Biz hazırda Azərbaycanla 80 faiz razılaşdırılmış sülh müqaviləsi imzalamağa hazırıq”, deyən Paşinyanın yalan danışmaqda necə mahir olduğu bir daha öz təsdiqini tapıb. Hər kəs çox yaxşı bilir ki, Ermənistan sülhə qətiyyən maraqlı tərəf kimi davranmır və bu baxımdan erməni baş nazirin bu dəfə də yalan danışdığı, ikiüzlülük etdiyi dərhal bəlli olur. “Sülh müqaviləsinı Ermənistanın Konstitusiyasının zidd olduğu ortaya çıxarsa, İrəvan onu dəyişdirməli olacaq”, deməklə isə tamamilə riyakarlıq edir, çünki hələ də nəyi isə dəyişmək kimi bir məram ortada deyil və haylar onu dəyişməyi hələ də yubadırlar. “Ermənistan Konstitusiyasının guya Azərbaycana qarşı ərazi iddialarını ehtiva etdiyi üçün sülh sazişinə maneə olduğunu Azərbaycan təkid edir. Təfərrüatlara varmadan qeyd edim ki, Konstitusiyamızda belə bir şey yoxdur, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və biz bununla bağlı bütün beynəlxalq tərəfdaşlarımıza ətraflı yazılı sübut təqdim edə bilərik. Üstəlik, Ermənistana qarşı ərazi iddialarını özündə əks etdirən Azərbaycan Konstitusiyasıdır və biz bu məsələ ilə bağlı bütün maraqlı beynəlxalq tərəfdaşlarımıza yazılı arqumentlər təqdim edə bilərik”, deməklə isə Paşinyan həddindən artıq həyasızlıq edir. Çünki onun dedikləri həqiqətdən tamamilə uzaqdır və elə bir ağ yalandır ki, bunu görməmək mümkün belə deyil.
Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddiaları yoxdur və erməni baş nazirin dedikləri yalandır
Maraqlıdır, Vovayeviç hansı sübutları, hansı arqumentləri təqdim edə bilər öz ölkəsinin beynəlxalq tərəfdaşlarına? Axı beynəlxaq tərəfdaşları belə yaxşı bilirlər ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapır. Hələ də hayların ərazi iddiasında olduqları onların hər davranışlarından, hər danışıqlarından belə bəlli olur. Bütün bunların fonunda Azərbaycan Konstitusiyasında hansı ərazi iddialarının olduğunu göstərə bilər Nikol? Heç nə göstərə bilməz axı. İstər 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında və istərsə də 1918-ci il Müstəqillik Bəyannaməsində belə hansısa ərazi iddialarına rast gəlinmir. Doğrudur, hazırda Ermənistanın ərazisi kimi xəritəyə düşən ərazilərin bir zamanlar Azərbaycanın tərkibində olması tarixi faktdır və bu faktlar qətiyyən inkar belə edilə bilməz. Amma bununla belə hal-hazırda heç də Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddiaları yoxdur. Deməli, Paşinyan növbəti dəfə utanmazcasına yalan danışır. Reallıqları, həqiqətləri bilə-bilə onları təkzib edir və yalana əl atır. Şəxsən onun özünün dəfələrlə etdiyi etiraflara görə haylar tərəfindən hansı şəkildə qınanıldığı da bir faktdır. Fakt odur ki, Azərbaycan ərazilərinə qarşı Ermənistanın, hayların iddialı olduğunu absurd hesab edən Paşinyanın özü idi. Dəfələrlə onun bu barədə fikirlər səsləndirməsinin həmin o beynəlxalq tərəfdaşları da şahidi olublar. İndi hansı üzlə belə axmaq fikirlər səsləndirir? Yəni həqiqətən də başa düşmür ki, bunun adı ikiüzlülükdür? Əlbəttə ki, bütün həqiqərləri bilərəkdən onları təkzib etmək erməni baş nazirin ikiüzlülüyünü isbatlayır və BMT Baş Assambleyasının sessiyasında nümayiş etdirdiyi də ikiüzlülük şousundan başqa heç nəyə bənzəmir.
Məqsəd ilk növbədə, beynəlxalq ictimaiyyəti çaşdırmaqdır
Təbii ki, Vovayeviç öz ikiüzlülük şousu ilə beynəlxalq ictimaiyyətin gözündə sülhməramlı kimi görünəcəyini düşünürsə, bərk yanılır. Ona görə bərk yanılır ki, əvvəla, Ermənistanın sülhməramlı olması barədə Nikol hər dəqiqə “bəyan etsə”, daha doğrusu, özündən uydursa belə buna heç özü belə inanan deyil. Bir azacıq dərrakəsi olsaydı, özünü gülünc günə qoymazdı. Özünü, öz ölkəsini sülhməramlı kimi göstərməyə çalışan erməni baş nazir elə öz ikiüzlülüyü ilə ikrah hissi doğurur. Çünki elə yalan danışır ki, buna hansısa don geyindirmək qətiyyən mümkün belə deyil. Bunun adı ikiüzlülükdür, yalançılıqdır və ortada olan da ikiüzlülük şousudur. Belə şounu qurmaqda onun və ölkəsinin məqsədi əlbəttə ki, beynəlxalq ictimaiyyəti çaşdırmaqdır, amma elə məhz beynəlxaq ictimaiyyət də bunun fərqindədir. Daha dəqiq desək, ilk növbədə erməni baş nazirin ikiüzlülüyünün fərqindədir və ikiüzlülük şousu göstərdiyi tamamilə aydın şəkildə görünür.
Ermənistanın baş naziri hansısa dəstək üçün belə ikiüzlülük şousunu göstərir
Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Ermənistanın baş nazirinin məhz Azərbaycanla sülh müqaviləsini müzakirə etməklə, əslində, tamamilə başqa niyyət güddüyü dərhal məlum oldu. Məlum oldu ki, iki daşın arasında küçə nümayişlərindən istifadə edərək hakimiyyət kürsüsünü ələ keçirən Nikol bu dəfə də hansısa dəstək üçün belə ikiüzlülük şousundan istifadə edirmiş. “BMT-nin Ermənistanın regionda sülhə nail olmaq və sabitliyi təmin etmək səylərinə dəstəyinin vacibliyindən” danışan erməni baş nazirin qarnının ağrısının məhz yenə də dəstək olduğu ortaya çıxır. Yəni, beynəlxalq tərəfdaş dediklərinin belə gözü görür ki, o dəstək naminə ikiüzlülük edirmiş. Ermənistanın guya sülhməramlı ölkə olduğunu göstərməyə çalışan Vovayevic ilk növbədə məhz buna görə ikiüzlülük şousu göstərməli olub. Görünən odur ki, bu şouya hətta çoxdan hazırlıqlı olub.
Özünü hər şeydən xəbərsiz, hətta sülh quşu kimi göstərməklə kimləri isə yox, yalnız özünü aldatmış olur
Sual olunur ki, guya Azərbaycanı açıq şəkildə sülhə çağıran biri, nə əcəb digər tərəfdən aktiv hərbiləşdirmə siyasəti aparır? Son vaxtlar Hindistan, Fransa və Amerika istehsalı olan silahlarla intensiv şəkildə arsenal doldurulursa, özünü və ölkəsini sülhsevər göstərməyə çalışmasına ikiüzlülükdən başqa nə ad vermək olar? Hələ də ermənilər sərhəddə təxribatlar törətməyə çalışırlarsa, Paşinyan hansı üzlə ölkəsinin sülh niyyətində olduğundan dəm vurur? Əgər mina terroru davam edirsə, əgər hələ də günahsız mülki əhali Ermənistan tərəfinin basdırdığı minaların qurbanına çevrilirsə, hələ də Paşinyan hakimiyyəti mina xəritələrini verməkdən boyun qaçırırsa, yaxud yanlış xəritələr təqdim edirsə, hansı sülhdən danışılır və bu simasızlığın adı ikiüzlülük deyilmi? Özünü hər şeydən xəbərsiz kimi, hətta sülh quşu, sülh göyərçini kimi göstərən Nikol Paşinyan beynəlxalq platformalarda ikiüzlülük şousu göstərməkdə davam edir. Bəlkə də bununla kimləri isə aldatmağa çalışır, amma başa düşə bilmir ki, bununla ancaq özünü və öz ölkəsini, bütövlükdə erməni xalqını, erməni cəmiyyətini, hayların özlərini aldatmış olur. Bir sözlə, özünün ikiüzlülük şousu ilə heç kimi aldada bilmir və öz xislətini, erməni xislətini bir daha, növbəti dəfə ortaya qoymuş olur.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər