Analitika

  • 9 594

Çin-Azərbaycan əməkdaşlığı: potensial və perspektivlər nə vəd edir? - ANALİZ

image

Xəbər verdiyimiz kimi, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub.

Dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR Sədrinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb.

Prezident İlham Əliyev Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini ÇXR Sədri Si Cinpinə çatdırıb.

Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.

Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.

Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. Eyni zamanda, o, Çinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu vurğulayıb.

Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.

Dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan-Çin iqtisadi əməkdaşlığı yüksələn xətlə davam edir

Təqdirəlayiq haldır ki, Çinlə Azərbaycan arasında qarşılıqlı iqtisadi əməkdaşlıq və siyasi tərəfdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycan-Çin ikitərəfli ticarət dövriyyəsi son illər xeyli yüksəlib. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,2 milyard dolar olub. Bu isə 2018-ci ilə nisbətən 67 faizlik rekord artım deməkdir.

Azərbaycan Çinə 750 milyon dollarlıq məhsul ixrac edir, Çin isə Azərbaycana 1,5 milyard dollarlıq.

Hələlik, Azərbaycanın xarici ticarətində Çinin payı təxminən 7 faiz təşkil edir, lakin bunu bir neçə dəfə artırmaq üçün real imkanlar vardır.

Azərbaycanın Çinə ixracı da hər il əhəmiyyətli dərəcədə artır. Hazırda respublikamız Çinə 800 milyon dollara yaxın dəyərdə mal ixrac edir. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 45% təşkil edir.

İndiyədək Çin şirkətləri Azərbaycana 1 milyard dollar yaxın investisiya yatırıblar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir. Pekin TANAP qaz layihəsinin maliyyələşdirilməsinə 600 milyon dollar kredit ayırıb.

Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir. ÇXR tərəfindən irəli sürülən məşhur "Bir kəmər - bir yol" qlobal nəqliyyat dəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars dəmiryolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "İpək Yolu İqtisadi Kəməri"nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. 2015-ci ildən etibarən Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalar həyata keçirilir.

COVID-19 pandemiyası dövründə ölkələrimiz arasında həmrəylik daha yüksək səviyyəyə çatdı. Belə ki, Çinin virusa qarşı yaratdığı peyvəndi təqdim etdiyi ilk ölkələrdən biri də Azərbaycan oldu.

Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı Azərbaycanda neft sənayesinə mühüm təsir göstərir.

Çinlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Əvvəla, Çin dünyanın 3 fövqəldövlətindən biri olmaqla, BMT Təhlükəsizlik Şurasının veto hüququ olan 5 daimi üzvündən biridir. Dünyanın ən güclü iqtisadiyyatına malikdir. Əbəs yerə Çini dünyanın “fabriki” adlandırmırlar. Ən yüksək texnologiyalardan tutmuş ən adi məhsullara qədər istehsal edən ölkədir. Biz bu ölkədən təkcə istehsal malları yox, istehsal avadanlıqları almaqda da maraqlı olmalıyıq. Ölkəmizdə xammal problemi yoxdur. Dünya bazarına hazır məhsullar çıxarmaq üçün sadəcə texnologiyamız çatmır.

Amerika, Rusiya, Britaniya, Almaniya, Yaponiya sahib olduqları istehsal texnologiyalarını verməkdə maraqlı deyillər, Çin isə maraqlıdır. Ona görə də Çinlə iqtisadi əməkdaşlıq texnologiyaların idxalı üçün ən əlverilşi imkandır. Qərb ölkələrindən “od” qiymətinə aldığımız istənilən texnikanı və texnologiyanı Çindən çox ucuz ala bilərik.

Biz Çinlə müxtəlif sahələrdə birgə müəssisələr də yaratmalıyıq. Çin texnologiyası ilə məhsullar ucuz başa gəlir, istehsal həcmi də, keyfiyyəti də yaxşı olur. Nüfuzlu Çin şirkətlərinin məhsullarının burada istehsalını təşkil edə bilsək, onların Qərb bazarına rahat çıxışı olar və yaxşı da satılar. Beynəlxalq iqtisadi araşdırma mərkəzləri yaxın vaxtlarda Çinin iqtisadi sferada təkbaşına hegemonluğu ələ alacağını deyirlər. Bu halda bütün dünya iqtisadi cəhətdən Çindən asılı vəziyyətə düşəcək.

Böyük İpək Yolu layihəsinin müəllifi kimi Çin Avrasiyanı bir xətdə birləşdirməyə və böyük ticarət kanalları yaratmağa başlayıb. Burada trilyonlarla dollarlıq dövriyyədən söhbət gedir. Ölkəmiz strateji regionda yerləşdiyindən İpək yolunun bir qanadı üzrə öz mövqeyindən yararlanaraq yaxşı gəlirlər əldə edəcək. Çinlə əməkdaşlığın həm iqtisadi, həm də siyasi dividendləri olacaq. Çinin dünya siyasətinə təsiri getdikcə artır. Onun tam dəstəklədiyi və hərtərəfli əməkdaşlıq etdiyi ölkə inkişafını sürətləndirəcək. Biz Çinin regionda əsas iqtisadi tərəfdaşına çevrilməklə böyük dividentlər əldə edə bilərik.

Son 20-30 ildə Çin iqtisadi inkişafını daha da artırdı. Ümumi Daxili Məhsulun həcminə görə, “dünyanın fabriki”nə çevrildi. Yüksək texnologiyalardan tutmuş ən adi mallara qədər Amerika və Avropa firmalarını dünya bazarından sıxışdırıb çıxartdı. Çinin Dünya Bankının kreditlərinə ehtiyacı yoxdur. Çin özü bir çox ölkələrə kredit verir. ABŞ-in özünün Pekinə trilyonlarla borcu var. Bir sıra beynəlxalq bankların yaradılması məhz Çinin adı ilə bağlıdır. Hazırda Pekin dünyanın ən böyük investorudur.

Çin son dövrlərdə bir çox Afrika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub. Bütün cəhdlərə baxmayaraq, bu ölkənin inkişafını dayandırmaq Amerikaya müyəssər olmadı. ABŞ tərəfindən idarə olunan beynəlxalq təşkilatların yeganə məqsədi Amerika və Avropanın maraqlarını, mənafelərini təmin etməkdir. Həmçinin, digər dünya ölkələrinin inkişafının qarşısını almaq, onları ucuz xammal ölkəsi kimi saxlamaq və sərvətlərini talayıb Qərbə daşıtdırmaqdır. Lakin bu siyasət artıq ifşa olunub və iflasa uğrayıb. Ölkələr alternativ təşkilatlar, fondlar, banklar yaradaraq, öz aralarında iqtisadi əməkdaşlığı və ticarəti artıraraq Qərbdən asılılığını azaldır və nəzarətdən çıxırlar. Dünyanı uzun müddət belə talamaq mümkün ola bilməzdi. Nə vaxtsa bu, başa çatmalıydı.

Görünən odur ki, artıq proses başlayıb. Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək. Biz də bu prosesdən qazanclı çıxmaq üçün bütün imkanlara malikik. Xammal ölkəsindən sənaye ölkəsinə çevrilməklə böyük iqtisadi inkişaf təmin edə bilərik və bu da dövlətimizin dünyada nüfuzunu və qüdrətini dəfələrlə artırar.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər