Analitika

  • 3 638

Rusiya Ermənistanı yenidən silahla təchiz edəcəkmi? ŞƏRH+AKTUAL

image

Dmitri Babiç: “Silahlanma cəhdi Ermənistanda revanşçılıq hisslərini gücləndirə bilər”

Bir neçə gündür ki, müxtəlif erməni KİV-lərində Rusiyanın Ermənistanı silahla təchiz etməsi ilə bağlı materiallar, analitik yazılar, habelə şərhlər verilməkdədir. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-da Rusiyaya rəsmi səfəri zamanı onun bu barədə Vladimir Putinlə danışıb-danışmaması da suallar yaradır. SİA xəbər verir ki, mövzu ilə bağlı Caliber - rusdilli informasiya mərkəzinə müsahibə verən “İnoSMİ” portalının siyasi şərhçisi, politoloq Dmitri Babiç bir sıra maraqlı məqamlara toxunub. Müsahibədən bəzi nəzərə çarpan detalları təqdim etməklə qeyd edə bilərik ki, rusiyalı şərhçinin sözlərinə görə, o iki ölkə başçısının görüşləri zamanı sözügedən mövzunun qaldırılmadığını düşünür və əslində həmin mövzu həm də çox təhlükəlidir. SİTAT: “Hər kəsə aydındır ki, Azərbaycan silahlanmaya görə Ermənistandan kifayət qədər yüksəkdədir və belə bir vəziyyətdə Ermənistan silahlı qüvvələrini yenidən silahlandırmaq çox təhlükəlidir, belə ki, bu amil erməni tərəfində revanş alma hissi baxımından yalan təəssürat yarada bilər. Yəni bu, yanğını kerosinlə söndürmək kimidir. İnsanlarda uduzulmuş partiyanı yenidən oynamaq fikrini oyatmaq düzgün seçim deyil.Ümumiyyətlə, postsovet münaqişələrinin haradan yaranmasını dərk etmək vacibdir. Sovet İttifaqı kimi vahid sistem dağılmağa başlayanda millətçilərdə, xüsusilə ermənilərdə belə bir təsəvvür yarandı ki, dağlar hərəkətə gəlir və situasiya dəyişilir və indi həmin situasiyadan dərhal istifadə etmək lazımdır, özlərinə yeni dövlət yapmaq lazımdır ki, sonradan həmin imkan bir də olmayacaq. Və belə bir şəraitdə onlar çoxsaylı avantüralara doğru atılırlar ki, buna da müharibə deyirlər. Məhz bundan yayınmaq daha yaxşı olardı”.
“Biz Heydər Əliyevin Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşünü, İlham Əliyevin Nikol Paşinyanla və Ermənistanın başqa liderləri ilə görüşlərini xatırlayırıq, amma nəticədə situasiya müharibə meydanında həll olundu”
Ümumilikdə Putinlə Paşinyanın sonuncu Moskva görüşünün qiymətləndirməsini aparan Dmitri Babiç hesab edir ki, 20 il boyunca aparılan danışıqlar bütün bunların illüziya olduğunu göstərdi: “Biz Heydər Əliyevin Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşünü, İlham Əliyevin Nikol Paşinyanla və Ermənistanın başqa liderləri ilə görüşlərini xatırlayırıq, amma nəticədə situasiya müharibə meydanında həll olundu. Belə bir ifadə mövcuddur ki, 21-ci əsrdə müharibə problemlərin həlli üçün vasitə deyil, lakin dövlətə Ermənistanda olduğu kimi, 17-ci əsrin vulqar millətçilyi müqavimət göstərirsə onda başqa cür vasitələrə də yer qalmır”.
“Təəssüf ki, kompromisli diplomatik vasitə bu kimi hallarda işləmir”, deyə qeyd edən rusiyalı siyasi şərhçinin sözlərinə görə, biz hamımız görürük ki, Ermənistanda nələr baş verir: “Paşinyana qarşı mitinqlər keçirilir. Küçələrə 11 min insan çıxdı ki, bu da Ermənistan üçün azdır. Orada hansı təkliflərin irəli sürüldüyünə diqqət yetirin – nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması dayandırılsın, bu guya ki, Ermənistanın suverenliyini pozur. Yəni bu o deməkdir ki, bütün region dayanmalıdır, yollar və kəmərlər fəaliyyətsiz qalmalıdır və bütün bunların yerinə Ermənistanın suverenliyinə riayət olunur. Bu, istənilən məntiqə ziddir: iqtisadi, humanitar, geosiyasi, özü də belə çağırışlar Ermənistandan səslənir. Hər kəsə aydındır ki, Paşinyan öz ölkəsində bu cür millətçi qruplaşmalara tamamilə nəzarət edə bilmək gücündə deyil. Mənə elə gəlir ki, onun hakimiyyətdə qalması faktı da demokratiyanın təcəssümü deyil, əslində Ermənistanın Qərb dünyasından asılı vəziyyətdən qalmasının böyük göstəricisidir. Aydındır ki, Qərb Paşinyana dəstək göstərir. Və Paşinyanın müharibəni uduzduğu halda hakimiyyətdə qalması faktı da bunu göstərir. Lakin indiki şəraitdə Qərbin ermənipərəst mövqe nümayiş etdirməsindən biz daha çox bənzər möcüzələri görəcəyik. İstənilən halda Azərbaycan Prezidentinin danışıqlara getməsi yaxşı haldır. O, bununla göstərir ki, onun səbri var və yerdə qalan məsələləri 21-ci əsrin ruhuna uyğun şəkildə həll etmək istəyindədir”.
“Qərb KİV-ləri Azərbaycana qarşı həyasız məqalələr dərc edirdilər”
Brüssel və Moskva meydançasında rəqabətin mövcud olub-olmaması ilə bağlı sualı cavablandıran rusiyalı politoloq hesab edir ki, o rəqabətin Rusiya tərəfindən hiss edildiyini deyə bilməz. Lakin bununla yanaşı, Aİ-nin Qarabağ məsələsində Rusiyanı irəliyə buraxılmaması ilə bağlı düşüncəsinin də yenilik olmadığı qənaətindədir. SİTAT: “Lakin gəlin situasiyaya obyektiv baxaq: 1992-ci ildən, SSRİ-nin dağıldığı dövrlərdən başlayaraq Aİ hər hansı bir münaqişəni həll edə bilibmi? Yox, bir dənəsini də etməyib. Aİ öz müdaxiləsi ilə onu daha da dərinləşdirib. Aİ-nin müdaxiləsindən sonra Suriyada vəziyyət gərginləşdi, Balkan ölkələrində də münaqişə ocaqları qalır. Kollektiv Qərbin İraqa və Əfqanıstana müdaxiləsi barədə isə mən ümumiyyətlə susuram, oralarda tam fəlakətdir.
Bu ona görə baş vermir ki, fransızlar və ya ingilislər sərsəmdirlər, ona görə ki, Avropada mövcud olan ideologiya Aİ-yə Rusiya, Azərbaycan, Türkiyə kimi ölkələrlə yuxarıdan aşağıya baxmaqla danışmaq imkanını verir. Buna misal olaraq Bakıda keçirilmiş 2015-ci ilin Avropa oyunlarını xatırlaya bilərik. Avropadan dəvət alan bir çox avropalı rəhbərlər gəlmədilər, hansı ki, bu Avropa oyunları idi və Qərb KİV-ləri Azərbaycana qarşı həyasız məqalələr dərc edirdilər. Bununla yanaşı, həmin məqalələr yumşaq desək axmaq info-şəraitliyi əks etdirirdi. Aİ-nin erməni-azərbaycanlı məsələsini həll etməsindən isə mən yalnız sevinə bilərdim. Lakin məsələnin həll edilməmiş qalması Cənubi Qafqazın nəqliyyat dəhlizlərinin bağlı qalması ilə nəticələnir və onların bəziləri yalnız Azərbaycana deyil, Türkiyəyə, Gürcüstana və əlbəttə ki, Rusiyaya gərəklidir. Ancaq Aİ bu problemi həll edə bilmir. Mən onun imkanlarına inanmıram.
Avropalılar özlərinin təkəbbürləri və riyakarlıqlarında batıblar. Bizim hər birimiz müharibəni sevmirik, ancaq siyasi problemlərin hazırkı məqamda müharibəsiz həll edilə biləcəyini də düşünmək sadəlöhvlükdür. Azərbaycan 26 il Qarabağla bağlı danışıqlar apardı, Rusiya isə Ukraynadan Minsk razılaşmalarına əməl etməsini 8 il gözlədi. Ancaq elə bir an gəlir-çıxır ki, müharibə qacınılmaz olur və bütü bunlara görə məsuliyyəti də məsələnin diplomatik variantlarda həll olunmasına imkan verməyən tərəf daşıyır. Məhz 2022-ci ilin qışında Donbasda baş verən situasiya 2020-ci ilin payızında Qarabağda baş verdi”.
“Paşinyanın növbəti vaxtlarda Moskva ilə hansısa vacib sənədlərə imza atacağı inandırıcı görünmür”
Ermənistanın Rusiya və Belarusla ittifaq dövlətinə qoşulmasının nə qədər müknü ola biləcəyi məsələsinə də toxunan Dmitri Babiç bildirib ki, İrəvan Moskva və Minsk ittifaqına qoşulmayacaq. Belə ki, bu ittifaq dövlətləri öz tarixlərinin çətin dövrlərini yaşayırlar: “Buna 2020-ci ilin avqustunda və 2021-ci ilin əvvəlində Belarusda baş verən hadisələr zərbə vurdu, həmçinin, Rusiyanın 2022-ci ilin 24 fevralında Ukraynada başlatdığı və davam etdirdiyi hərbi əməliyyatları da mane oldu. Ermənistandakı ictimai rəyin böyük hissəsi Rusiyanı “toksik” ölkə kimi qəbul edirlər. Bunun ədalətli olduğunu düşünmürəm, situasiya gələcəkdə dəqiq olaraq dəyişiləcək, ancaq indi reallıq belədir. Ona görə də Paşinyanın növbəti vaxtlarda Moskva ilə hansısa vacib sənədlərə imza atacağı inandırıcı görünmür”.

Rövşən RƏSULOV

Digər xəbərlər