Analitika

  • 3 868

Fransa seçkiləri: Makronun qələbəsi Avropaya nə vəd edir? ANALİTİK+AKTUAL

image

Yaxud, Almaniyanın kansleri Merkelin istafaya getməsindən sonra Aİ-nin lideri statusuna Makron yiyələnir?

Bir ay davam edən gərgin müzakirələrdən və siyasi mübarizədən sonra Fransanın Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkilərinin qalibinin adını bəyan etdi. Və uzun müddət davam edən ölkədaxili siyasi mübarizədən sonra indi Avropanı bir sual düşündürür: Makron hansı səbəblərdən dolayı yenidən prezident seçildi və dünya buna necə reaksiya verir, eləcə də bu gün Fransanın dəstək göstərdiyi Ukrayna müqabilində Rusiya Makrondan hansı addımları gözləyə bilər?Xatırladaq ki, seçkilərin ilk turunda Emmanuel Makron və millətçi namizəd Marin Le Pen ən çox səs toplayıb. İkinci tur isə bir gün əvvəl baş tutdu və onda da Makron qalib gəldi. Demək olar ki, seçicilərin 60 faizi Makrona, 40 faizdən bir qədər çoxu isə Le Penə səs verib .Lakin daha bir məqam da diqqətdən yayınmayıb – Makrona uduzan Le Pen üçün mövcud nəticə irəliləyiş kimi də qiymətləndirilə bilər. Belə ki, 2017-ci ildəki seçkilər zamanı Makronla finala yüksələn Le Pen son 5 illik müqasiyəsədə fərqi iki dəfə azaldıb. Ona görə də siyasətçi onun məğlubiyyətini “qələbəli məğlubiyyət” adlandırıb. Bu nəticə isə Le Penin Milli Hərəkat partiyasına iyunda keçiriləcək parlament seçkilərində kifayət qədər şans verir. Hətta belə desək, nəzəri cəhətdən Le Pen baş nazir postuna qədər yüksələ bilər. Məsələ ondadır ki, Fransa prezident respublikası olsa da, parlamentdə üstünlük ikili hakimiyyətə gətirib çıxara bilər. Ancaq daha bir amil budur ki, Makronun partiyasının parlamentdə də qalib gəlmək şansları eynidir. Yəni cəmi bir neçə aydan sonra fransızların fərqli səs verəcəyinə kimsə zəmanət verə bilməz...
Fransızlar Makronun zənginlərin himayədarı, Le Penin isə millətçi olmasından qıcıqlanırlar
Beləliklə, seçkilər göstərdi ki, fransızların üçdə birindən çoxu öz hökumətlərinə prinsipial olaraq etimad göstərmir. Əgər seçkiyə getməyənlərin 28 faizini hesablasaq və onlara da bülletenləri bilərəkdən, ya da bilməyərəkdən korlayanların 9 faizini əlavə etsək, bu zaman fərqli nəticələr də ola bilərdi. Ancaq daha bir reallıq budur ki, fransızlar Makronun zənginlərin himayədarı, Le Penin isə millətçi olmasından qıcıqlanırlar, yəni hər iki halda sosial tərs-mütənasiblik mövcuddur və bu reallıqlar Fransa xalqı tərəfindən rədd edilir. Əbəs deyil ki, seçkilər başa çatar-çatmaz Fransada kütləvi nümayişlər etiraz aksiyalarına start verildi.Onu da qeyd edək ki, Le Pen millətçi olması ilə yanaşı, həm də Rusiyanın adamı kimi təqdim olunurdu, habelə onun müsəlman fransızlara qarşı münasibəti, həmçinin irqçi baxışları da məlumdur. Ancaq tək o deyil, digər namizədlər - Erik Zemmur, Melenşon və Valeri Pekress də Kremlin əlaltıları kimi qiymətləndiriliblər.Təbii ki, Makron bu kimi iddialardan bəhrələnməyə bilməzdi. O, xüsusilə Ukrayna böhranı amilindən siyasi səmərəsinə istifadə etdi və Fransadakı anti-Rusiya əhval-ruhiyyəsini öz xeyrinə çevirməyi bacardı. Parisdəki “Champ de Mars” meydanında tərəfdarları qarşısında çıxış edərkən isə Makron “Biz Ukrayna hadisələrini narahatlıqla izləyir və faciəli dövrdə yaşayırıq” deməsi ilə özünə əlavə səslər qazandırmağa nail ola bildi.
Makronun qələbəsinə ən çox sevinən Zelenski olsa da, Aİ-nin və ABŞ-ın liderləri də sevinclərini gizlətmirlər
Dünyanın reaksiyasından danışarkən də Makronun qələbəsinə ən çox Ukrayna prezidenti Vladimir Zelenskinin sevindiyini söyləmək yerinə düşərdi. Axı Makronun qələbəsi Rusiyaya qarşı neft embarqosu, Ukraynaya yeni silah tədarükü şanslarını artırır və əgər Le Pen Makrona qalib gəlsəydi, Fransanın NATO-dan çıxması ehtimalı reallaşa bilərdi. Çünki qadın namizəd ölkəsinin şimal alyansından çıxacağı ilə bağlı vədini seçki çağırışlarında da bəyan etmişdi.Nəticədə Le Penin məğlubiyyətindən sonra Makrona təbrik məktubu ünvanlayan Zelenski qeyd edib: “Emmanuel Makrona fransız xalqının rifahı naminə yeni uğurlar arzulayıram. Fransanın dəstəyini yüksək qiymətləndirirəm və əminəm ki, biz yeni ümumi qələbələrə doğru birlikdə addımlayırıq! Güclü və vahid Avropaya doğru!".Avropanın digər ölkələrinin liderləri də Makronun qalibiyyətindən az sevinmirlər. Misal üçün, Almaniyanın keçmiş kansleri Angela Merkelin istefasından sonra Avropaya Aİ-ni Rusiyadan “qoruyacaq” siyasətçiyə ehtiyac yaranmışdı. Hazırda həmin siyasətçinin məhz Makron olduğunu istisna etmək olmaz. Əbəs deyil ki, İtaliyanın baş naziri Mario Draqi seçkilərin nəticələrini “bütün Avropa üçün böyük xəbər”, Almaniya kansleri Olaf Şolz isə “Avropada ümid doğruldan etimad səsverməsi” adlandırıb. İspaniyanın baş naziri Pedro Sançes isə “Bu qələbə fransızların azadlığı, güclü və Avropa Birliyinə töhfəsidir”, deyə bildirib.ABŞ-ın prezidenti Co Bayden isə Makronu təbrik edərək, Ukraynanı dəstəkləmək məsələsində birgə əməkdaşlığa ümid etdiyini bildirib.
Makron Rusiya ilə münasibətlərin normallaşmasında maraqlı olan siyasətçi qismində qaldığını bir neçə dəfə bəyan etsə də...
Söz yox ki, burada Rusiyanın da mövqeyi maraqlıdır. Vladimir Putin fransız həmkarına təbrik məktubu göndərib. Lakin onu da qeyd edə bilərik ki, bu təbrik tərəflər arasında təmasların tamamilə pozmamaq üçün rəsmi jestdir. Eyni zamanda, Makron Rusiya ilə münasibətlərin normallaşmasında maraqlı olan siyasətçi qismində qaldığını bir neçə dəfə bəyan edib. Ancaq bu o demək deyil ki, Ukraynda böhranı da unudulur. Yəni Rusiya Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlarını nə qədər tez dayandırsa, bir o qədər onun üçün yaxşı olardı. Əks halda, yenidən prezident seçilmiş Makron ümumilikdə Avropanın seçilən lideri statusunda, ya da vahid Avropanın başında təmsil olunmaqla Rusiyaya təzyiqi artırmaq üçün daha çox hərəkətə keçməli olacaq.
Rövşən RƏSULOV

Digər xəbərlər