Analitika

  • 3 106

Dəyişən Azərbaycan, dəyişməyən təfəkkür... - SİYASİ BAXIŞ

image

Azərbaycan xalqı artıq 1 il 8 aydır ki, bir qərinəyədək dövrdə erməni işğalı altında qalan əzəli torpaqlarını geri almaqla düşmən üzərində böyük Zəfər çalmış, bununla ölkəmizin ərazi bütövlüyü təmin edilmiş, tarixi ədalət bərpa olunmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Vətən Müharibəsi noyabrın 10-da qələbə ilə bitmiş, bu qələbə 30 ildə qaçqın, köçkün, didərgin statusu ilə yaşamaq məcburiyyətində olan minlərlə insanın ata-baba yurduna hicranını vüsalla nöqtələmişdir. Müharibə bitəndən dərhal sonra düşmənin daşı daş üstündə qoymadığı rayonlarımızda yenidənqurma, bərpa işlərinə başlanılmışdır. Bəli, dərhal başlanılmışdır ki, Böyük Qayıdış da tez baş tutsun, həmvətənlərimiz evlərinə qayıtsınlar.

Böyük və möhtəşəm Qayıdışa başladıq

Bu günlər xalq 2020-ci ildə Zəfər qazandığımız günlərdə olduğu kimi, yenə də eyni sevinc içərisində, bayram təntənəsindədir. Çünki qədim torpaqlarımıza artıq Böyük Qayıdış başlanıb. Bu Qayıdış ilk olaraq Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsinin uğurla başa çatmasından, yəni bu kənddə hərtərəfli müasir şərait yaradıldıqdan sonra sakinlərin dönüşü ilə baş tutub.Bu mənzərələri seyr etdikcə qəlbimiz qürur hissi ilə dolur. Yenicə müharibədən çıxmış bir ölkədə azad torpaqların bu qədər sürətlə abadlaşdırılması, böyük infrastrukturların, layihələrin həyata keçirilməsi dövlətimizin iqtisadi gücünün göstəricisidir. Azad torpaqlarda yeni hava limanlarının, elektrik stansiyalarının, su anbarlarının, sosial obyektlərin tikintisi, yolların çəkilməsi, körpülərin salınması miqyasına görə asan olmadığı kimi, bu qədər kiçik zaman kəsiyinə sığdırılması da həm əzəli düşmənimiz erməniyə, həm də içimizdən olan düşmənlərimizə göz dağıdır. O düşmənlərimizə ki, zaman ötdü, Azərbaycan dəyişdi, lakin onlar eyni təfəkkürdə qalmaqla hələ də 30 ilin əvvəlindədirlər. Çünki düşmən düşmənliyində qalır, dəyişməyən məqsədi ilə məqam axtarır.

Biz içimizdən olan dəyişməz təfəkkürlülərə 30 illik şahidlərik

Yaxşı ki, bu 30 il ərzində baş verən hadisələrin canlı şahidləri olmuşuq. Yoxsa geritəfəkkürlülər bunları da utanmadan danardılar. Həmin hadisələri torpaqlarımızın hər birinin azad olunması müjdəsini Prezident, Ali Baş Komandan cənab İlham Əliyevdən eşitdiyimizdə də xatırladıq. Bu gün isə azad torpaqlarda abadlıq işləri, Qayıdış fonunda 30 ilin əvvəlində olanları xatırlamamaq mümkün deyil. Mən bir jurnalist kimi deyil, bir vətəndaş kimi o zaman baş verənləri bu gün olubmuş kimi xatırlayıram. Çünki hər birinin şahidi olmuşam. Çox təəssüf ki, taleyimizə xalqa düşmən kəsilənlərin bu ölkəyə rəhbərliyi altında yaşamaq da yazılıbmış.Ozamankı AXC-Müsavat cütlüyü üçün, sözün həqiqi mənasında, insan amili ən dəyərsiz bir anlamda idi. Nəyin bahasına olursa-olsun hakimiyyəti əllərində saxlamaq məqsədi güdən bu qruplaşmanın xalqın başına açmadığı oyun qalmadı. Səriştəsiz rəhbərlik ölkənin iqtisadiyyatını çökdürmüş, insanlar 90-cı illərdə çətin günlərlə üz-üzə qalmışdılar. Ölkədə ərzaq qıtlığı yaranmışdı. Özbaşınalığın son həddi nəticəsində istehsal müəssisələri fəaliyyətlərini dayandırmış, minlərlə insan iş yerini itirmişdi. Ölkədə çörək növbələri yaranmışdı. İnsanlar sübh çağından mağazaların qarşısında çörək növbəsinə dayanırdılar. Əmək haqqlarının olduqca aşağı olması yaşayış səviyyəsini minimuma endirmişdi.Bütün bunlarla yanaşı isə sərhəd rayon və kəndlərimiz hər gün ermənilər tərəfindən atəşə tutulur, günahsız insanlar həyatlarını itirirdi. Elə bu ərəfələrdə də Birinci Vətən Müharibəsi başlamışdı. Biz bu müharibədə düşmən qarşısına əliyalın vəziyyətdə çıxmışdıq. Çünki Ordu yox kimi idi. Bu səbəbdən də torpaqlarımızı müdafiə edə bilmirdik, onlar bir-birinin ardınca işğal olunurdu. Sonralar məlum oldu ki, əslində vəziyyət tamamilə başqa imiş. Hakimiyyətdə qalmaları üçün AXC-Müsavat cütlüyü torpaqlarımızı satmış, müharibə iştirakçıları isə bundan xəbərsiz şəkildə sonadək döyüşmüş, lakin heç bur nəticə əldə edə bilməmişlər. Həmin müharibədə minlərlə şəhidimiz, minlərlə qazimiz həmin rəhbərlərin qurbanı oldular. Hakimiyyətdə qalmaq üçün sovet imperiyasının son qalıqlarına baş əyməklə, onların planlarını həyata keçirməklə onlar öz xalqının övladlarını qırğına verdilər. 20 Yanvar hadisələrində, Xocalı faciəsində olduğu kimi. Təəssüflər olsun ki, onların gözlərini vəzifə kürsüsü sevdası o qədər pərdələmişdi ki, bu ictimai formasiyanın laxladığının belə fərqində deyildilər. Zənn edirdilər ki, imperiya dayandığı ilğımın başından yenidən geri dönəcək, onlara satdıqları torpaqlar qarşılığında vəzifədə qalmağa havadarlıq edəcəkdir. Lakin çox təəssüf...

Xalq bir dəfə aldadıla bilər

AXC-Müsavat cütlüyü, sözün həqiqi mənasında, bu xalqı aldatdı. 90-cı illərdə onlar insanları iş-güclərini atıb küçələrdə mitinqlərə toplaşmağa vadar edirdilər. İnsanlar da məcburən bu mitinqlərdə iştirak edirdilər, çünki başqa əlacları yox idi. Bu ölkədəki qarışıq vəziyyətdən çıxış yolu axtarırdılar. Həmin adıçəkilən cütlüyün əsasən ziyalı olmayan təbəqəsinin nümayəndələri isə insanlara boş vədlər verir, onları firavan sabahın gözlədiyini “inamla” söyləyirdilər.Faktiki olaraq əldən gedən torpaqlar, ölkənin iqtisadi tənəzzülü, aclıq və səfalətin baş alıb getdiyi bir zaman kəsiyində insanlara xoş gələcəkdən vədlər vermək isə cəfəngiyyatdan, vaxt qazanmaqdan başqa bir şey deyildi. Bunu xalqımızın ziyalı təbəqəsi görürdü. Görürdü ki, bunların artıq aldıqları nəfəs də yalandır. Belə bir vaxtda nə üçün ölkə ziyalıları yığışıb ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Hansı ki, həmin vaxt ulu öndər Naxçıvanda yaşayırdı. Ona görə bu yolu seçdilər ki, açıq şəkildə görürdülər, ölkə əldən gedir, yenidən əsarətə düşmək anındadır. Həmin ziyalılar ulu öndərə müraciət edərək onu Bakıya- hakimiyyətə dəvət etmələri ilə bütövlükdə Azərbaycanın xilasına, var olmasına təminat yaratdılar.Aldadıldığını anlayan xalq da həmin ziyalıların arxasınca getdi, ulu öndərə böyük ümid bəslədilər. Beləliklə də Azərbaycanın xilası üçün ilk addım atılmış oldu. Böyük Heydər Əliyev Bakıya gəldi və bugünkü Azərbaycanın təməli həmin illərdə qoyuldu.

Nimdaş təfəkkürlər dəyişilməz olaraq qalmaqdadır

Bəli, 30 ilin əvvəlində AXC-Müsavat təfəkkürü necə idisə, bu gün də olduğu kimi qalmaqdadır. Biz düşünürdük ki, satdıqları torpaqlar 30 ildən sonra alınan zaman onlar təfəkkürlərində bir dəyişiklik edəcəklər. Ən azından onların satdıqlarının başqaları tərəfindən alındığı üçün, lakin çox təəssüf.İkinci Qarabağ Müharibəsində AXC-Müsavat cütlüyündə bir dəyişiklik görə bilmədik. Sanki belə də olmalı, onlar satmalı, biz almalı idik. Hansı ki, düşünürdük ki, bütün yersiz iddialarını bir kənara qoyub, hələ əllərinə də silah alıb cəbhəyə yollanacaqlar. Bir utanc yaşayacaqlar ki, heç olmasa satdığımızın geri alınmasına dəstək olaq. Lakin belə də olmadı. Xalq Zəfər qazandıqca bunların nimdaş təfəkkürlərinə təsiri belə olmadı. Onlardan gözügötürməzlikdən başqa heç nə görmədik. Təbii ki, bu xalqa məxsus olmadıqları üçün belə idi. Çünki qanı qanımızdan, canı canımızdan olanların hamısı sevinirdilər.Bütün dünyanın zəfərimizə heyrət etdiyi, ölkəmizin başçısının bu müharibə dövründə xarici televiziya kanallarına müsahibələrini, xalqa müraciətlərini təqdir etdikləri, böyük strateji planla torpaqlarımızı azad etdiyimizdən danışdığı bir vaxtda bütün bunlara tərs münasibət bu qruplaşmanın xalqın xoş gününə kədərləndiklərini göstərdi.Pandemiyanın ötən 3 ilə yaxın dövrdə dünya iqtisadiyyatına böyük zərbə endirdiyi bir vaxtda ölkə iqtisadiyyatının gündən-günə inkişaf etməsi, əmək haqlarının dəfələrlə artırılması, dövlət-xalq birliyinin ən yüksək səviyyədə olması, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı bu təfəkkürlülərin gözlərinə bıçaqdır. Bu xalqın nə sevinci, nə də kədəri bu təfəkkürləri qurcalamır. Çünki onlar hələ də hakimiyyət arzuları cəmləşən nimdaş təfəkkürlərdir.

Artıq bu xalq 30 il əvvəlki xalq deyil

30 il əvvəlki təfəkkürlə aksiyalar keçirənlərə üz tutub demək istəyirik ki, bu xalq 30 il əvvəlki xalq deyil. Bu xalqın Zəfərli Azərbaycan kimi ölkəsi var. Arxasında duran, şərəf, namus məsələsini həll edən, bütün təbəqələrdən olan insanlara, bütün sahələrdə çalışan zəhmətkeşlərə qayğı ilə yanaşan ölkə rəhbəri var. Bu xalq artıq kimin arxasınca getməyi özü çox yaxşı müəyyən edir. Boş-boş danışıqları artıq bizim qulaqlarımız eşitmir. Çünki o qulaqlarda sizlərin satdığınız torpaqları alanların adı səslənir, bir də Zəfər nəğməsi...Biz Qarabağa qayıtmağa hazırlaşırıq. Orada böyük quruculuq işləri həyata keçirilir. Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzulu və digər azad olunmuş torpaqlarımızda tədbirlər keçiririk, onların sizlər tərəfindən oğurlanmış ruhunu özlərinə qaytarırıq. Dünyanı dəvət edirik torpaqlarımıza. Satdığınız torpaqları erməni adlı qəbilənin nə günə saldığını göstəririk. Fotoları, videoları dünyaya yayıb həqiqətləri faş edirik.Ərazi bütövlüyü təmin olunmuş ölkəmizdə firavan, dinclik şəraitində yaşayırıq. Və kimin arxasınca getməyi də artıq müəyyən etmişik. Biz minlərlə şəhidi, qazisi olan xalqıq. Torpaqlarımız vaxtında satılmasaydı, bu qədər itkilərimiz də olmazdı. Minlərlə ana qəlbi dağlanmazdı, ata beli bükülü qalmazdı, minlərlə uşaq atasız, minlərlə qadın ərsiz qalmazdı.Bu Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Lakin 30 il əvvəlki təfəkkürdə olanlar var. O təfəkkürlər isə indi boş xülyadan başqa bir şey deyil. Bunu özləri bizdən də yaxşı bilirlər. Lakin könül bulandırmaq məsələsi...

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər