Analitika

  • 5 633

Azərbaycan təhsilində son vəziyyət - TƏHSİL EKSPERTİ ŞƏRH ETDİ

image

"Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycan Prezidenti andiçmə mərasimində bu məsələyə toxunaraq demişdir ki, ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib". Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.Təhsil eksperti qeyd edib ki, Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar: "Bu, onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir ki, bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın.Son vaxtlar modul tipli məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Hazırda ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi gedir.

Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri böyükdür. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yeni istifadəyə verilən məktəb və uşaq bağçalarının açılış mərasimlərində iştirak edir, kollektivlərlə görüşür, onlara milli təhsilimizin inkişafında uğurlar arzulayır.
Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş dövlət proqramları da məktəb tikintisinin genişlənməsinə əhəmiyyətli stimul vermişdir. Məktəb tikintisini regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib.
Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin.
Təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Bu məktəblərdə təhsilin keyfiyyəti də yüksəlməkdədir. Müəllim hazırlığı, kurikulumun (tədris proqramlarının) hazırlanması, yeni dərsliklərin yaradılması və digər sahələrdə də islahatlar davam edir. Yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən yeniliklər son illər qazanılan uğurlardır.
Bir sözlə, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir. Lakin işlər bununla yekunlaşmır. Hazırda respublika üzrə cəmi 4500 məktəb var, onların çox hissəsi yenidən tikilib və bu proses davam edir.Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.
Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu, isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksək səviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.
Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir. Bu gün məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb və bu proses davam etməkdədir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son 13 ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədriz müəssisələri bərpa və əsaslı təmir edilib.
Hazırda biz yeni dərs ili ərəfəsindəyik. Sentyabrın 15-də bütün təhsil müəssisələrində yeni tədris ilinə start veriləcək. Ənənəvi olaraq bu dərs ili ərəfəsində də dövlətimizin başçısı İlham Əliyev yeni tikilən və ya əsaslı təmir olunaraq istifadəyə verilən məktəblərin açılışında iştirak edir və görülən işlərlə şəxsən tanış olur. Bütövlükdə, son 13 ildə ölkəmizdə 3 mindən artıq məktəb tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub.
Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir.
Ümumiyyətlə, son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Hesab edirəm ki, biz hazırda həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görməkdəyik.
Bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Bunlarla yanaşı, təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyilləri və motivlərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri də bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir. Bu, onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin mühüm vəzifə, məqsəd, meyil, motiv və inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur".
Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər