Analitika

  • 2 892

Ölkəmizdə payız turizmi ilə bağlı hansı işlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

image

"İlin əvvəlindən etibarən aparılan marketinq və təbliğat tədbirlərinin nəticəsi olaraq yay aylarında turizm sənayesində xeyli canlanmanın şahidi olduq. Yanvar- avqust ayları ərzində Azərbaycana 1 milyondan çox xarici ziyarətçi gəlib ki, bu rəqəmin 2019-cu ilin rəqəmləri ilə müqayisəsi turizmin təxminən 50 faiz bərpa olunduğunu deməyə əsas verir". Bi fikirləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva bildirib.

O qeyd edib ki, payız mövsümündə Avropa bazarları üçün marketinq və təbliğat işini gücləndirmək istiqamətində işlər görülür: "Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır. Məsələn, sentyabr ayında Polşada Azərbaycanın turizm potensialının təqdimatı və B2B formatlı görüşlərin təşkili üçün xüsusi tədbir keçiriləcək, həmçinin noyabr ayında Varşavada keçirilən beynəlxalq turizm sərgisində iştirak planlaşdırılır. Eyni zamandan Çexiyada, həmçinin Almaniya, İsveçrə və Avstriya kimi ölkələrdə Azərbaycanın turizm imkanları haqqında məlumatlılığın artırılması və sənaye nümayəndələri arasında əlaqələrin yaradılması üçün təqdimat və görüşlər təşkil olunacaq.Avropa bazarlarında işgüzar turizm imkanlarının təbliğatı da davam etməkdədir. Azərbaycanın işgüzar turizm destinasiyası kimi tanıdılması məqsədilə noyabr ayında Barselonada keçiriləcək “İBTM” sərgisində iştirak edəcəyik.Sentyabr ayında İtaliyada Turin şəhərində kulinariya ilə bağlı keçirilən beynəlxalq tədbirdə ölkəmizin qastroturizm imkanlarının təbliğatını həyata keçirəcəyik. Ənənəvi olaraq dünya turizm sənayesini bir araya toplayan Londonda keçirilən “World Tourism Market” sərgisində bu il də iştirak edəcəyik. Bununla belə, Yaxın Şərq və körfəz ölkələri, o cümlədən Pakistan, Hindistan, MDB ölkələri üzrə marketinq tədbirləri payız və qış mövsümündə də davam etdiriləcək. Növbəti bir neçə ay ərzində Yaxın Şərq üzrə genişmiqyaslı təbliğat işləri davam etdiriləcək. Dubay, Əbu-dabi və Ər-Riyadda keçiriləcək beynəlxalq sərgi və tədbirlərdə iştirak planlaşdırılır.Qış mövsümündə də Yaxın Şərqdən turist axınının təmin edilməsi üçün müvafiq danışıqlar aparılır, birgə tədbirlər davam etdirilir. Məsələn, ilk dəfə olaraq bu il “Flynas” hava yolu şirkəti həftədə 3 dəfə olmaqla Səudiyyə Ərəbistandan – Ər-riyad şəhərindən qış mövsümündə ölkəmizə uçuşlar həyata keçirəcək. Əlbəttə, tələbə əsasən digər hava yollarının da cəlb edilməsi planlaşdırıla bilər.Oktyabr ayında İsraildə Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış, 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Azərbaycanın da 2019-cu ildən üzv olduğu “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutu üzrə Azərbaycanın şərabçılıq turizminin təqdimatının həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirdə, həmçinin Azərbaycanda mövcud olan zəngin yəhudi irsinin təqdimatı da keçiriləcək. Bütövlükdə, ölkələrimiz və xalqlarımız arasındakı dost münasibətləri, Azərbaycanda geniş yəhudi icması və zəngin yəhudi irsinin mövcudluğu, eləcə də birbaşa uçuşların olması israilli turistləri ölkəmizə cəlb etmək üçün önəmli məqamlardandır"."Əsas məqamlardan biri də artıq pandemiyadan sonra biz ölkəmizə xarici turizm şirkətlərinin, media nümayəndələrinin tanışlıq səfərlərini bərpa etməyə başlayırıq. Beynəlxalq mediada aktiv çalışırıq, “BBC”, “CNN”, “Euronews”, dünyaca məşhur səyahət jurnalları və hədəf bazarlara uyğun olaraq xarici onlayn media ilə, eləcə də “Expedia”, “Wego”, “Almosafer”, “Dnata”, “Sletat.ru”, “Avisales”, “Skyscanner”, “ProfiTravel” kimi dünya üzrə ən tanınmış səyahət planlaşdırma platformaları ilə əməkdaşlıq edirik.
Bütövlükdə qeyd etmək lazımdır ki, 2022-ci ilin payızında həyata keçirilən marketinq tədbirlərinin əsas məqsədi 2022-nin qışı və 2023-cü ilin yazı üçün turizmdə canlılığı saxlamaq və növbəti il üçün turizmin bərpasına nail olmaqdır",- deyə Gülnar Mustafayeva bildirib.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər