Analitika

  • 6 057

İlham Əliyevin enerji strategiyası və sülh sazişi ilə bağlı mükəmməl konsepsiyası - ANALİTİKA

image

Moskva-Brüssel-Çernobbio xətti: İlham Əliyevin enerji strategiyası və sülh sazişi ilə bağlı mükəmməl konsepsiyası

Son günlər dünya ictimaiyyətinin diqqəti Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi hərbi təxribatlara yönəlib. Böyük dövlətlərin liderləri, ekspertlər nə baş verdiyini anlamağa çalışırlar. Azərbaycan Ordusunun qətiyyətli cavab əməliyyatı ilə geri oturdulan düşmən yeni ideoloji-təbliğati fəaliyyətə başlayıb. Bütün bunlar Prezident İlham Əliyevin Brüssel və İtaliyaya səfərlərində ifadə etdiyi çox aktual fikir və arqumentlərin fonunda izahına ehtiyac olan geosiyasi məqamlar təsiri bağışlayır. Azərbaycan rəhbəri regional və qlobal geosiyasətin mühüm məsələlərini Azərbaycanın yeritdiyi xarici siyasətin bir sıra məqamları kontekstində dolğun ifadə edib. Aydın olur ki, Azərbaycan geniş coğrafiyada əhəmiyyətli geosiyasi və sabitləşdirici rol oynayır. Bu tezisin bir sıra detallarının açılmasını ölkə rəhbərinin Brüsseldə və Çernobbio şəhərində beynəlxalq forumdakı çıxışında irəli sürdüyü tezislərdə görmək mümkündür. Biz Ermənistanın son təxribatlarının arxasında dayanan məqamların da aydınlaşması üçün həmin tezislərin üzərində geniş dayanmağa ehtiyac görürük.
Region liderinin fəallığı: Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə
Son bir neçə ayda Cənubi Qafqazda qlobal miqyaslı nəticələri şübhə doğurmayan geosiyasi proseslər cərəyan etdi və ekspertlər indi onların təsirindən bəhs edirlər. Söhbət, faktiki olaraq, üç mühüm görüşün dünyanın yeni nizamının formalaşması kontekstində geosiyasi müqayisəsindən gedir. Onlardan biri bu ilin may ayında Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü, digəri Brüsseldə sentyabrın başlanğıcında Əliyev-Paşinyan-Mişel görüşü və ondan dərhal sonra Azərbaycan Prezidentinin İtaliyanın Çernobbio şəhərində keçirilən mötəbər beynəlxalq forumda iştirakı, söylədiyi nitq, iştirak etdiyi müzakirələr, keçirdiyi görüşlər və kütləvi informasiya vasitələrinə verdiyi müsahibədir.Bu proseslər hətta Rusiya-Ukrayna müharibəsi kimi təsiredici hadisənin fövqündə belə ekspertlərin Cənubi Qafqazdakı geosiyasi dinamikaya böyük maraq göstərməsinə və onu dərk etməyə çalışmasına səbəb oldu. Və hadisələrin mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti, irəli sürdüyü tezislər, regionda sülhün bərqərar olması üçün etdiyi təkliflər dayanır. Aydın görünür ki, İlham Əliyev regionun aparıcı mütərəqqi lideridir. Dünyanın böyük gücləri hər şeydən öncə İlham Əliyevin fəaliyyətinin məzmununa və irəli sürdüyü tezislərə diqqəti yönəldir, regionun geosiyasi, siyasi, iqtisadi, enerji və təhlükəsizlik nəbzini Azərbaycanın dövlət başçısının tutduğu mövqe əsasında müəyyən edirlər.Bu, həm tarixi hadisədir, həm də indiki mərhələdə Cənubi Qafqazda proseslərin vuran nəbzinin Azərbaycan olduğunun göstəricisidir. İlham Əliyev XXI əsrin uğurlu lider modelinin mükəmməl təmsilçisidir və hətta geniş geosiyasi məkanda bu obrazı yaradandır! Yuxarıda vurğuladığımız görüş-müzakirələrin ekspert analizi bu tezisin doğruluğunu tam təsdiq edir. Həm də söhbət, ilk növbədə, xarici ekspert dairələrindən və beyin mərkəzlərindən gedir.Bu kontekstdə bir maraqlı məqamı da qeyd etmək lazımdır. Biz Rusiya və Avropa İttifaqının Cənubi Qafqazda geosiyasi nüfuz uğrunda mübarizədə yeni mərhələyə qədəm qoymalarını nəzərdə tuturuq. Bu məsələdə bir qədər gərgin və bir qədər də güzəştsiz durumun yarandığını demək olar. Belə ki, Aİ daha fəal və siyasi-diplomatik müstəvidə daha praktiki mövqe tutmağa başlayıb, Rusiya isə buna qarşı kəskin tənqid və ittihamlarını bildirməkdədir. Belə ki, Brüssel görüşü ərəfəsi Rusiyanın xarici işlər naziri S.Lavrov bəyanat verdi ki, Moskva görüşündə Azərbaycanla Ermənistan razılaşmada əhəmiyyətli "irəliləyiş əldə ediblər". Bütövlükdə "proses çox irəli gedib". Yəni, Moskva tərəflərin sərhədləri müəyyən etməsi, kommunikasiyaları açması və əməkdaşlığa başlaması istiqamətində nailiyyətləri məhz Rusiyadakı görüşlərdə əldə etdiyini bəyan edir. Təbii ki, bu, Brüssel görüşünün əsas olmadığını və məsələni yalnız Rusiyanın patronajlığı ilə həll etməyin mümkünlüyünü nümayiş etdirmək idi.Paralel olaraq, Moskva Aİ-nin bu məsələyə müdaxilə etməsindən narazılığını da bildirməklə, faktiki baxımdan əsas məqsədini açıq ifadə etmiş olur. Bunun fonunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarovanın Brüsseldə Əliyev-Paşinyan-Mişel görüşünün keçirildiyi gün daha kəskin ifadələr işlətməsi təsadüfi deyildir. M.Zaxarova deyib ki, bu, "avropalıların yalançı təşəbbüskarlığıdır" və məqsəd "vasitəçilik missiyasını həyasızcasına ələ keçirməkdən" ibarətdir. Lakin bu cəhdin "arxasında müsbət heç bir şey yoxdur". Bu iradı ekspertlər, əslində, Rusiyanın Ermənistana etirazı kimi qiymətləndirirlər. Yəni, rəsmi İrəvanın Aİ-nin vasitəçiliyinə "ifrat maraq göstərməsinə" baxmayaraq, real bir nəticə yoxdur. Aİ məsələni həll etməyə qadir deyil. Lakin o, özünü prosesə cəlb olunmuş kimi göstərir. Sözlərinə davam edərək, M.Zaxarova xüsusi vurğulayır ki, Cənubi Qafqazda nəqliyyat əlaqələrini bərpa etmək üçün Azərbaycan və Ermənistanla Rusiya "predmet üzrə işləyir".Brüssel görüşü ərəfəsi Rusiya diplomatiyasının bu cür fəallığı onu göstərirdi ki, Moskva Cənubi Qafqazda özündən başqa kimsənin geosiyasi aparıcı rola iddia etməsini arzulamır. Bundan başqa, Kreml regionda geosiyasi proseslərin daha intensiv mərhələyə keçməkdə olduğunu qəbul edir. Lakin Kremlin bu qənaəti fonunda Brüsselin vasitəçilikdə inad etməsi mürəkkəb geosiyasi mənzərə yaradır. Fakt ondan ibarətdir ki, Brüsseldə Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Avropa İttifaqı Şurasının Prezidentinin görüşü baş tutdu. Müzakirələr dörd saat çəkdi ki, bu da tərəflərin dərin və ciddi danışıq apardığını sübut edir.
Brüssel görüşü: beş baza prinsipi və Şarl Mişelin bəyanatı
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonra verdiyi bəyanata görə, Aİ bu vasitəçilik missiyasından məmnundur. Onun dediyinə görə, tərəflər "gündəlikdə olan bütün məsələlərə baxıblar". Sülh müqaviləsinin hazırlanması üzrə fəaliyyəti artırmaqda razılığa gəliblər. Azərbaycan və Ermənistan bu istiqamətdə konkret addımlar atmağa ("predmet üzrə") söz veriblər. Hətta tərəflər bir ay müddətində nazirlərin görüşüb, mətn layihəsi üzərində işləməli olduqları barədə razılıq əldə ediblər. Ş.Mişel humanitar məsələlərin, minasızlaşdırmanın, əsirlərin və itkin düşənlərin taleyinin müzakirə edildiyini də qeyd edib.Bundan başqa, Brüssel görüşündə sərhədlərin delimitasiyası ilə bağlı razılığa gəlinib. Həmin məsələ üzrə bu ilin noyabrında Brüsseldə nazirlərin görüşməsi razılaşdırılıb. Əhalinin dayanıqlı uzunmüddətli sülhə hazırlanması üçün lazım olan addımlar atılmalıdır. Hər iki tərəf ehtiyatla davranmalıdırlar.Azərbaycan tərəfi Ş.Mişelin bəyanatından razıdır. Ancaq nəzərə almaq gərəkdir ki, bu, Prezident İlham Əliyevin qətiyyətli, ədalətli və bütün tərəflərin maraqlarına cavab verən mövqeyinin sayəsində mümkün olub. Konkret desək, Azərbaycan dövlət başçısı Brüsselə irəli sürdüyü beş baza prinsipinə əməl edilməsi şərti ilə getmişdi. Həmin prinsiplər aşağıdakılardır:
1) Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2) Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3) Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4) Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5) Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Onu da vurğulayaq ki, nəqliyyat dəhlizi ifadəsi, ilk növbədə, Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Brüsselin bu mövqeyi ekspertlərin marağına səbəb olub. Çünki Ermənistan rəhbərliyi son zamanlar Zəngəzur məsələsində tərəddüd edirdi. İrandan da müəyyən hədələr eşidilirdi. Bütün bunlara baxmayaraq, Aİ Zəngəzur dəhlizi məsələsinə konkret müsbət münasibət bildirməklə bir sıra geosiyasi məqamlara münasibətini ifadə etmiş oldu.Bunlar, faktiki olaraq, Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquq normaları çərçivəsində bütün istiqamətlərdə normal münasibətlər yaratmağa, sülh və barışı təmin etməyə, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmağa lazımi bazanı yaradır.İlham Əliyev Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibədə bu barədə fikrini dolğun ifadə edib. Azərbaycanın dövlət başçısı deyib: "Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi ... Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib".Deməli, Brüsseldə Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsindən sonra irəli sürdüyü tənzimləmə prinsiplərini rəsmi İrəvan iki il sonra qəbul etməyə məcbur olub. Bunun səbəblərindən biri də Aİ-nin özünün Cənubi Qafqazda 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı əvvəlcə qəbul etmək istəməməsidir. Brüssel əlacsız qalıb onu etiraf edəndən sonra İrəvanın şikayət etməyə başqa ünvanı qalmadı. Doğrudur, ABŞ və Fransa hələ də tərəddüd edirlər. Lakin Aİ-nin bir təşkilat kimi qəbul etdiyi fakta Parisin şübhə ilə yanaşması təşkilatın daxili problemidir. Real vəziyyət ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin yenidən qurulması İlham Əliyevin irəli sürdüyü beş baza prinsipi üzrə getməkdədir.
Azərbaycanın enerji strategiyasının mərhələləri: qlobal əməkdaşlıq və milli təhlükəsizlik kontekstində
Buradan geosiyasi və siyasi xarakterli üç mühüm nəticə çıxara bilərik. Birincisi, Azərbaycan Prezidenti Cənubi Qafqazda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq aspektləri üzrə həlledici sözə sahib olan liderdir. Bu, çox əhəmiyyətli bir hadisədir. Çünki burada, əvvələn, Azərbaycanın İkinci Qarabağ – Vətən müharibəsində qalib gəlməsinin dünya tərəfindən qəti etiraf edilməsi öz əksini tapıb. Əlavə olaraq, Azərbaycanın dövlət başçısının XXI əsrin uğurlu lideri kimi fəaliyyəti həm Avropa, həm də Rusiya tərəfindən etiraf edilir. Burada İranın da ciddi etirazını görmürük. Türkiyə isə həmişə olduğu kimi, bu məsələdə də Azərbaycanı tam dəstəkləyir. Bu, Prezidentin böyük geosiyasi və diplomatik qələbəsidir.İkincisi, İlham Əliyevin siyasi-diplomatik məharəti, eyni zamanda, Avropa İttifaqı ilə Rusiyanı regional geosiyasi mənzərənin formalaşmasında Azərbaycanın aparıcı rolunu qəbul etməyə sövq etdi. Məhz Azərbaycan diplomatiyasının fəaliyyətinin nəticəsi idi ki, Rusiya və Aİ-nin yüksək səviyyəli rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin Bakının təklif etdiyi prinsiplər üzrə reallaşmasında özlərinin rolunu vurğulamaqda sanki yarışa girişiblər. Onların hər ikisi haqlıdır. Çünki həqiqətən də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində faydalı addımlar atırlar. Lakin hər iki tərəfi (Aİ və Rusiyanı) bu müstəviyə birbaşa Azərbaycan Prezidentinin fəaliyyəti gətirib.Üçüncüsü, Azərbaycan diplomatiyasının bu uğuru, faktiki olaraq, qlobal miqyasda münaqişələrin yeni siyasi-diplomatik həlli modelinin formalaşdığını ifadə edir. İlham Əliyev məsələnin bu tərəfini konkret fikirlərində ətraflı açıb. Bu baxımdan Azərbaycan Prezidentinin Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda ifadə etdiyi fikirlər mühüm əhəmiyyət kəsbi edir. Dövlət başçısı forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edib. Prezident İlham Əliyev Avropa üçün aktual olan enerji təhlükəsizliyindən bəhs edib, həmin kontekstdə Avropanın enerjiyə artan tələbinin ödənilməsində Azərbaycanın oynadığı rolun əhəmiyyətini bir daha əsaslandırıb.Prezident çıxışını başlıca olaraq enerji sahəsində əməkdaşlığın mərhələləri üzərində qurub. Lakin İlham Əliyev böyük məharətlə həmin məsələni regional və qlobal geosiyasi dinamika ilə əlaqəli şəkildə təqdim edib. Prezident çıxışının əvvəlində ifadə edib ki, "Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm. Bizim enerji strategiyamız mərhələlərə bölünüb".Azərbaycanın dövlət başçısı bununla bütün dünyaya bir daha bəyan edir ki, 1993-cü ildən başlayaraq Azərbaycanın enerji strategiyası regional və qlobal miqyaslarda geosiyasi nəticəsi olan dərin düşünülmüş xüsusi konsepsiya üzərində qurulub. Təcrübə bu mövqenin tam uğurlu olduğunu göstərməkdədir. Deməli, hələ keçən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev uzun müddətdə səmərə verəcək bir enerji strategiyası hazırlayıb. Prezident İlham Əliyev də böyük uğurla onu inkişaf etdirir. İndi əldə olunan nailiyyətlər məhz bu xəttin birbaşa nəticəsidir.İlham Əliyev Çernobbio Forumundakı çıxışında enerji strategiyasının mərhələlərini konkret faktlarla ifadə edib. Hər mərhələnin öz məqsədi və hədəfləri vardır. Birinci mərhələni ölkə rəhbəri aşağıdakı kimi xarakterizə edib: "1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq".Göründüyü kimi, ilkin mərhələdə Azərbaycan rəhbərliyi enerji strategiyasının təməlini xarici şirkətlərin Azərbaycana dəvət edilməsində görmüşdür. Bu, doğru bir qərar idi. Çünki qlobal miqyasda müstəqil enerji siyasəti yeridib, uğur əldə etmək üçün güclü tərəfdaşlar tapmaq lazım idi. 1994-1995-ci illərdə Azərbaycanda və onun ətrafında gedən proseslər göstərdi ki, ölkə rəhbərliyi əhəmiyyətli bir seçim edib. Bununla da enerji strategiyasının birincidən az çətin olmayan ikinci mərhələsinin başlaması üçün baza yarandı.Prezident İlham Əliyev ikinci mərhələni qısa şəkildə belə xarakterizə edib: "Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi". Yəni, bu mərhələdə neft və qazın Avropaya nəqlini mükəmməl təşkil etmək kimi çətin, lakin mühüm bir prosesi aparmaq gərək idi. Özü də Azərbaycanın böyük enerji ehtiyatlarına (2,6 trilyon kubmetr) malik olması kənar diqqətləri özünə çəkirdi. Bütün törədilən maneələri uğurla aşan rəsmi Bakı dünya bazarında etibarlı təchizatçı kimi tanınmaqdadır.Eyni zamanda, Azərbaycan yeni boru kəmərləri də inşa etməli idi. Onu Cənub Qaz Dəhlizi adlandırdılar. Cənub Qaz Dəhlizi Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri kimi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Bundan başqa, Azərbaycan yeni addımlar atmaqdadır. Bu ilin avqust ayında Azərbaycan Prezidenti ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladı. Həmin bağlılıqda İlham Əliyev vurğulayıb: "Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır – siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə".Bununla Prezident İlham Əliyev yeni şərtlər daxilində Azərbaycanla Avropanın daha sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacı olduğu tezisini irəli sürür. Və "buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır".Üçüncü mərhələnin konkret xarakteristikasını və başlıca vəzifələrini dövlət başçısı yığcam ifadə edib. İlham Əliyev Forumdakı çıxışında vurğulayıb: "Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir".Beləliklə, Azərbaycan Prezidenti Azərbaycanın enerji strategiyasını üç mərhələdə analiz etməklə, faktiki olaraq, regional və qlobal geosiyasi dinamika ilə əlaqəli bir izaha da ehtiyacın olduğunu vurğulayıb. Dövlət başçısı konkret hansı məqamları nəzərdə tutur?
Beynəlxalq hüquq və qlobal geosiyasət: Azərbaycan Prezidentinin beş prinsipi və tezisləri işığında
Bu, ilk növbədə, ölkə rəhbərinin enerji strategiyasının qlobal geosiyasi mənzərənin "böyük rəsmi" ilə sıx əlaqəli olmasını ifadə etməsidir. Azərbaycan rəhbərliyi öncədən bunu ciddi surətdə nəzərə alıb və enerji siyasətini hər mərhələdə ona uyğun həyata keçirib. Nəzəri və praktiki baxımdan bu, prinsipial əhəmiyyətli məsələdir. Çünki birbaşa müstəqil bir dövlətin başçısının və liderinin müasir mərhələdə fəaliyyətinin daxili məntiqini açır. Təhlillər göstərir ki, İlham Əliyev həmin mənada XXI əsrin ən uğurlu liderlərindən biri, Cənubi Qafqazda isə yeganə uğurlu liderdir! Faktlara müraciət edək.Brüsseldə uğurlu müzakirələrdən sonra Azərbaycan Prezidenti 48-ci Beynəlxalq Çernobbio Forumuna qatıldı və dərin məzmunlu nitq söylədi. Biz bu çıxışın bir sıra məqamlarına yazının əvvəlində toxunmuşuq. Burada regional və qlobal geosiyasətin dinamikası, onun Cənubi Qafqazda konkret təzahürü və bu cür mürəkkəb bir mənzərədə Azərbaycanın müstəqil dövlət kimi özünü təsdiqləməsi fəlsəfəsi üzərində dayanmaq istərdik.Əslində, İlham Əliyev regional və qlobal geosiyasətə Azərbaycanın xarici siyasətinin prioritetləri prizmasından baxışının mühüm prinsiplərini Brüsseldə ifadə etmişdi və onu İtaliyada təkrarladı. Prezident Çernobbio Forumunda çıxışından sonra xarici jurnalistin Ermənistanla bağlı qeyd edilən beş prinsipin nədən ibarət olduğu haqqında suala cavab verərkən ifadə etdi: "Birincisi, hər iki ölkənin ərazi bütövlüyünün tanınması, ikincisi, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, üçüncüsü, güc tətbiq etməmək və ya güclə hədələməmək, dördüncüsü, sərhədlərin delimitasiyası və beşincisi, kommunikasiyaların açılması.Bunlar Azərbaycan tərəfindən Ermənistana təklif olunmuş beş baza prinsipidir və Ermənistanın baş naziri onları qəbul edib. Bu, bir daha iki gün bundan əvvəl bizim Brüsseldəki görüşümüzdə təsdiq edilib. Bizim xarici işlər nazirləri həmin beş prinsip əsasında sazişin mətni üzərində praktiki danışıqlara başlayacaqlar".Qlobal geosiyasət və beynəlxalq hüquq normaları baxımından bu tezislər nəyi ifadə edir? Hər şeydən öncə, Azərbaycanın BMT-nin Nizamnaməsinə tam əməl etməsini göstərir. Azərbaycan təcavüzə məruz qalmış dövlət kimi ərazi bütövlüyünü təmin etdikdən sonra yalnız beynəlxalq hüquq çərçivəsində hərəkət edir. Hazırda qlobal miqyasda dövlətlərin müstəqilliyi, suverenliyi təhdid altındadır və böyük dövlətlər belə ona əməl etmək istəmirlər. Azərbaycan isə hətta təcavüzkara sülh, barış, əməkdaşlıq və ərazi bütövlüyünü tanımaq barədə təklif edir. Digər məqam ondan ibarətdir ki, Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini ön plana çıxarmaqla yenə də beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində gələcəkdə hər hansı münaqişənin olmaması təklifini irəli sürür.Məsələnin bu aspekti həm enerji strategiyası, həm də regional və qlobal təhlükəsizliyin təminində Azərbaycanın oynaya biləcəyi rolun müəyyənləşməsi baxımından çox önəmlidir. Prezident İlham Əliyevin regional və qlobal geosiyasi baxışlarının məzmunundan maraqlı nəticələr çıxara bilərik.Yenə Çernobbioda Azərbaycan Prezidentinə verilən suallardan birinə qayıdaq. Müxbir belə bir məzmunda sual verir: "...İcazə verin, Sizə bir sual verim. Bir regional məsələ də var. Siz çıxış edərkən bu sualı vermək istədim. Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir? Mən anlamağa çalışıram ki, Sizin ölkənizin siyasəti hansı yöndədir. Bilirsiniz ki, bu, çox çətindir".Aydındır ki, bu sual təkcə jurnalist marağından qaynaqlanmır. Burada Azərbaycanın müstəqil dövlət kimi regionu necə gördüyünü öyrənmək həvəsi də duyulur. Bu baxımdan Prezident İlham Əliyevin cavabı həm səmimi, həm də həqiqi mənada möhtəşəmdir. Dövlət başçısı vurğulayır: "Bu, çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu, göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür".Azərbaycan Prezidentinin fikirlərinin dərin siyasi-diplomatik, geosiyasi və elmi əsasları var. Ölkə başçısı öncə onu vurğulayır ki, hər bir dövlət konkret bir coğrafiyada yerləşir və tarixi bununla bağlı olur. O cümlədən qonşuların kim olmasını kimsə seçmir – tarixin bir hökmü var. Və bu reallığı regionda yerləşən və ya ona yaxın olan heç bir dövlət dəyişə bilməz. Həmin səbəbdən söhbət çətinlikdən yox, reallığı qəbul edərək praqmatik (realpolitik) siyasət yeritməkdən getməlidir. Deməli, hər bir regionda olduğu kimi, dövlətin uğuru "siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir". Azərbaycan Cənubi Qafqazda buna nail olan dövlətdir və deyə bilərik ki, bu istiqamətdə liderdir! Müstəqilliyin 30 ilində əldə edilən nəticələr göstərir ki, Azərbaycan qonşularla normal münasibətlər saxlaya bilib və indi də bu yoldadır.
Müstəqil siyasət: böyük qonşularla bərabərhüquqlu münasibətlərin qurulması
Özü də bu, Azərbaycan üçün çox mürəkkəb, ziddiyyətli, erməni havadarlarının regiona süni və haqsız təsirləri (daha doğrusu, təzyiqləri) şəraitində baş tutub. Burada dövlət başçısı Ulu Öndər Heydər Əliyevin uğurlu dövlət quruculuğu kursunun özünü tam təsdiq etdiyini də nəzərə almağı ifadə edir. Sonrakı fikirdə həmin məqam daha qabarıq özünü göstərir. Prezident İlham Əliyev vurğulayır: "Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq".Dövlətçilik kursunun təməl faktorları çox yığcam və məzmunlu ifadə edilib. Birincisi, Azərbaycan rəhbərliyi regionda böyük qonşularla münasibəti saxlamağın taktiki və strateji şərtlərini çox gözəl bilir.İkincisi, bunun üçün ölkə rəhbərliyi qonşularla yaxşı münasibət qurmağın başlıca şərtlərini müəyyənləşdirib.Üçüncüsü, o şərtlərin təməlində "milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq" fəlsəfəsi dayanır.Dördüncüsü, həmin əsasda da strateji məqsəd qonşularla əməkdaşlıq sahələrini tapmaqdan, daim onların axtarışında olmaqdan ibarətdir.Eyni zamanda, Azərbaycan rəhbərliyi problemli sahələrin və fərqli mövqelərin ola biləcəyini də istisna etməyib, əməkdaşlıqla yanaşı, bu məqamı da nəzərə almaqla fəaliyyət göstərib. Bu iki aspektin uğurlu sintezi Azərbaycanın müstəqil mövqe tutmasına, siyasətini nəhəng qonşuların siyasətinə uyğunlaşdırmamasına imkan yaradıb. Məhz bu mənada Azərbaycanın regionda mövqeyi dinamik və davamlı olaraq möhkəmlənib və bu proses indi daha sürətlə davam edir.Məsələnin həmin tərəfinin siyasi izahını dövlət başçısı dolğun ifadə edib. İlham Əliyev vurğulayıb: "Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız və tərəfdaşlarımız olmalıdır".Burada Azərbaycanın xarici siyasətinin çox əhəmiyyətli təməl prinsipləri öz ifadəsini tapıb. Prezident İlham Əliyev onları beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədlərinə dəqiq əməl etmək və müdriklik kimi müəyyənləşdirir. Müasir qlobal siyasət baxımından da olduqca əhəmiyyətli tezislərdir. Sirr deyil ki, hazırda bütün dünyanın beynəlxalq hüquqa, ədalətə və müdrikliyə böyük ehtiyacı vardır. Azərbaycan Cənubi Qafqazda bunun ən parlaq nümunəsini yaradır. Təsadüfi deyildir ki, İlham Əliyev İkinci Qarabağ müharibəsindəki Zəfəri tarixi ədalətin bərpası, milli qürur və barışa aparan yol kimi xarakterizə edib.Bundan başqa, Azərbaycan daim humanitarlığa, mədəniyyətlər və sivilizasiyalar arasında əməkdaşlığa açıq olub. Ölkə rəhbərliyi BMT, Qoşulmama Hərəkatı, MDB, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumların üzvü kimi pandemiya dövründə həmin istiqamətlərdə konkret addımlar atıb. Məhz İlham Əliyevin təşəbbüsü və təklifi ilə beynəlxalq təşkilatlarda pandemiyada yardımların göstərilməsi, peyvəndlərin paylanması, humanitarlığa əməl olunması ilə bağlı müzakirələr, xüsusi iclaslar keçirilib.Bu gerçəkliyi Azərbaycanın xarici siyasətdə milli, regional və qlobal maraqları tam uyğunlaşdıra bilməsi, Cənubi Qafqazda yeni əməkdaşlıq üfüqləri açan kursu davamlı olaraq həyata keçirməsi kimi qəbul etmək gərəkdir. Bu halda Azərbaycanın müstəqil dövlət kimi regionda oynadığı çox müsbət rolu görmək mümkündür. Özü də bu, dünya əhəmiyyətli təhlükəsizlik və əməkdaşlıq fonunda öz təsdiqini tapıb. Prezident İlham Əliyev həmin bağlılıqda Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində maraqlı və vacib məqamı önə çəkib.
Nəqliyyat marşrutları: "hər ikisi eyni dərəcədə əhəmiyyətlidir" tezisinin geosiyasi mənası
Həmin müsahibədə Azərbaycan Prezidenti konkret layihələrdə aktiv iştirakla ölkəmizin dünya miqyasında təhlükəsizliyinə və qarşılıqlı faydalı əməkdaşlığına töhfə verdiyini vurğulayıb, Yeni İpək Yolunun Xəzər üzərindən keçməsi və zəruri infrastruktur olduğu halda Azərbaycanın regionda geosiyasi, siyasi, mədəni və biznes mərkəzinə çevrilə bilməsi imkanını qiymətləndirib.Dövlət başçısı bəyan edib: "Biz bunun üzərində illər öncə çalışmağa başlamışıq. Biz Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişik. Bu gün o tam gücü ilə çalışır və biz artıq onu genişləndirməliyik. O, 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır. Biz Bakıda gəmiqayırma zavodu inşa etmişik. Biz Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilirik. Biz dəmir və avtomobil yolları tikmişik. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır və zənnimcə, artım 20 faiz səviyyəsindədir".Aydın olur ki, Azərbaycan illərdir vurğulanan istiqamətdə fəal çalışıb, onu əhatə edən bütün aspektlər üzrə işlər görüb. Bu isə, faktiki olaraq, Azərbaycanı Yeni İpək Yolu layihəsinin Avrasiyada əsas iştirakçılarından birinə çevirib. Yəni, enerji təhlükəsizliyi məsələsi üzvi surətdə ticarət-nəqliyyat əlaqələri ilə birləşib. Özü də bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Bu isə o deməkdir ki, Azərbaycan kimsəyə qarşı deyil, öncədən ümumi maraqlara xidmət etmək çərçivəsində həmin xətti yeridib.Bunun nəticəsidir ki, "...açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir...". Bu, iki nəhəng nəqliyyat marşrutunda öz konkret ifadəsini tapıb. Onlardan biri Şərq-Qərb, digəri isə Cənub-Şimaldır. Bunun tərkibində Şərqdən Cənuba olan istiqamət də vardır ki, Azərbaycanın cənubdakı dənizlərə çıxışına imkan verir.
İlham Əliyev bununla bağlı ifadə edib: " ... təkcə Şərqdən Cənuba və geriyə deyil, həmçinin Şimaldan Cənuba. Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni, Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici olur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar".
Bunların əsasında Azərbaycanın dövlət başçısı geosiyasi əhəmiyyətli mühüm bir qənaətini bəyan edib. İki dəhliz – Cənub-Şimal və Şərq-Qərb dəhlizləri üzərində yerləşən Azərbaycan yerləşdiyi regionun coğrafiyasından uzaq olan məkanlar üçün də vacib rol oynamağa başlayıb.
Birincisi, bununla Azərbaycanın geosiyasi əhəmiyyəti artır və yeni iş yerlərinin yaradılması imkanı meydana gəlir.
İkincisi, "Biz Cənub-Şimal nəqliyyat dəhlizinin Şərq-Qərb dəhlizi qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir".
Burada Azərbaycanın geosiyasi roluna aid iki aspektdə mühüm tezis təqdim edilib. Hər şeydən öncə, Azərbaycan yerləşdiyi regionun coğrafi sərhədlərini aşan və daha geniş məkanda geosiyasi əhəmiyyəti olan gücə çevrilir. Azərbaycanın qlobal layihələrdə fəallığı yeni iş yerlərinin açılmasına əlavə imkan yaradır. Bu isə geniş coğrafiyada müstəqil bir dövlətin xalqların rifahına verdiyi töhfənin nümayişidir. Yəni, Azərbaycan dünya miqyasında müsbət rol oynayan quruculuğa, əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə yardım edən müstəqil dövlətdir!Bu mənzərə Azərbaycanın iki istiqamətdə nəqliyyat dəhlizlərinə eyni dərəcədə üstünlük verməsindən qaynaqlanır. Ölkəmiz, faktiki olaraq, Cənubi Qafqazın əsas nəqliyyat qovşağına çevrilir. Artıq bu istiqamətdə konkret addımlar atılır. Onların fonunda dünya üçün Zəngəzur dəhlizinin əhəmiyyəti daha dərindən anlaşıla bilər.Məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizi Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb marşrutlarının kəsişmə sahəsində yerləşir. Hər üç istiqamətdən gələn yollar Zəngəzurda birləşə bilər. Bu o deməkdir ki, Azərbaycan qlobal miqyasda bir neçə istiqamətdə dünya üçün əhəmiyyəti şübhə doğurmayan nəqliyyat yollarının birləşdiyi məkandır. Bunun strateji vacibliyini anlamaq çətin deyildir.Beləliklə, Azərbaycanın dövlət başçısının Brüssel və İtaliya səfərləri regional və qlobal təhlükəsizliyin, əməkdaşlığın perspektivlərini daha konkret təsəvvür etmək baxımından son dərəcə faydalıdır. Onun daxilində bu prosesdə Azərbaycanın oynadığı siyasi, geosiyasi, sabitləşdirici və yeni əməkdaşlıq formatlarına yol açan siyasi kursu qürur hissi doğurur. Bu kursun bir sıra konkret məqamlarını İlham Əliyev Brüsseldə və Çernobbioda dolğun ifadə edib. Ekspertlər məsələnin bu tərəfini analiz etməkdədirlər.Ermənistanın son hərbi təxribatları fövqündə vurğulanan məsələlərin əhəmiyyəti daha aydın görünür. Rəsmi İrəvan Azərbaycanla sərhəddə təxribat törətdi və böyük zərbə alaraq, yenidən məğlub duruma düşdü. İrəvanın küçələrində səfil ermənilər hökumətin istefasını tələb edirlər. Faktiki baxımdan onlar sülh prosesinin qarşısını almağa çalışırlar.Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, sülh müqaviləsi imzalanacaq. Çünki regionun gələcəyi Ermənistandakı xaosla deyil, Azərbaycanın həyata keçirdiyi düşünülmüş, konstruktiv və regionun sabitliyinə, rifahına xidmət edən siyasi kursdan asılıdır. Azərbaycan hazırda siyasi, iqtisadi, mədəni, geosiyasi gücü ilə yanaşı, hərbi potensialı və real gücü ilə də Cənubi Qafqazın lideridir. Həlledici söz sahibi rəsmi Bakıdır! Bunu Brüssel görüşü və Çernobbioda Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər təsdiq edir. Həmin fikirlər Ermənistanın son təxribatları kontekstində də geosiyasi əhəmiyyətli mövqeni əks etdirir!

Kamal Adıgözəlov

Digər xəbərlər