İqor Korotçenko: “Artsaxı” Kaliforniyada yaratmaq lazımdır – oradakı iqlim və demoqrafik situasiya tamamilə yararlıdır... ATƏT-in Minsk qrupu köməkləri olsun..!”
Rusiya sülhməramlıları kontingentinin (RSK) Qarabağda müvəqqəti yerləşdikləri ərazilərdə erməni separatçı-quldur dəstələrinin təxribatçı hərəkətləri nəticə etibarı ilə uzun müddət səbr və təmkin nümayiş etdirən Azərbaycan tərəfinin hiddətinə səbəb oldu. İstər ictimaiyyət, istərsə də müvafiq dövlət qurumları artıq əməli şəkildə RSK-nın olduğu bölgələrdəki özbaşınalıqlara son qoyulmasını tələb olaraq irəli sürdülər. Təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi səlahiyyətlilərinin Laçın-Xankəndi yolu üzərindəki RSK komandanlığı ilə tələb xarakterli görüşü və RSK-nın komandanı Volkovun təklifi ilə həmin görüşün Xocalıdakı qərargahında davam etdirilməsi separatçıların necə təlaşa düşmələrini kifayət qədər sübuta yetirdi.
“Kommersant”: “Bakı ərazi probleminin uzadılmasından narazıdır və birtərəfli qaydada məsələnin tezləşdirilməsini tələb edir”
Bu arada, Rusiyanın “Kommersant” nəşri yazıb ki, Azərbaycanın Ermənistanı Qarabağla əlaqələndirən Laçın dəhlizini bağlamaqla gücünü nümayiş etdirməsi boş xəbərdarlıqlar deyil, əslində həyata keçirilən ssenaridir. “Şənbə günü azərbaycanlılar de-fakto qarabağlı ermənilər üçün həyat əhəmiyyətli yoldakı hərəkəti dayandırdılar”, deyə yazan Rusiya qəzeti qeyd edib ki, RSK-nın komandanı, general-mayor Andrey Volkovun məsələyə müdaxiləsindən və aparılan danışıqlardan sonra məsələ yoluna qoyulub.“Kommersant” əlavə edib: “Bu insident onu göstərdi ki, Bakı ərazi probleminin uzadılmasından narazıdır və birtərəfli qaydada məsələnin tezləşdirilməsini tələb edir”Korotçenkoya görə, Qərbə bağlı olan erməni lobbisi Bakı ilə Moskva arasında hərbi münaqişə yaratmaq, Türkiyə və NATO-nu da cəlb etməklə Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd edirlər
Lakin ortada digər diqqətçəkən məqamlar var və həmin məqamları Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko şəxsi teleqram səhifəsində irəli sürdüyü maraqdoğurucu şərhi ilə izah etməyə çalışıb.Onun fikrincə, beynəlxalq erməni lobbisinin, diasporunun və onların arxalarında dayanmış Qərb xüsusi xidmət orqanlarının (MKİ və DGSE) hədəf və məqsədləri RSK ilə Azərbaycan hərbçiləri arasında qarşıdurma yaratmaq, sonradan həmin qarşıdurmanı Türkiyənin də cəlb olunması, eləcə də NATO qoşunlarının Cənubi Qafqaz regionuna daxil edilməsi ilə Rusiya və Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəyə çevirməkdən ibarətdir. Korotçenkoya görə, bu, faktiki olaraq hazırda özünün hərbi və iqtisadi gücünü hərbi əməliyyatlara (Ukraynadakı müharibəyə-R.R.) qoyan Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılması anlamını daşıya bilər. SİTAT: “Və bütün bunlar erməni millətçilərinin, orada çürüməkdə olan korrupsiyaya bulaşmış separatçı administrasiyasının Qarabağın Azərbaycandan qopardılması cəhdlərinə yönəlib”.
“Milli müdafiə” jurnalının baş redaktoru: “Rusiya Federasiyası özünün milli maraqlarına ziyan vurmamaq üçün dünya erməniçiliyinin qaranlıq siyasi maraqlarının realizəsinə alət olmamalıdır”
Rusiyalı politoloq xatırladıb ki, erməni millətçiləri artıq bir dəfə SSRİ-nin dağılması mexanizmini işə salıblar və indi də onlar Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər. SİTAT: “Moskva özünün siyasi praktikasında Rusiya ilə Azərbaycan arasında mövcud olan müttəfiqlik Bəyannaməsinin baza prinsiplərinə əsaslanmalıdır. Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonunu ərazisində olan erməni separatçı rejimi ümumiyyətlə Rusiyanın nə dostu, nə də müttəfiqidirlər. Rusiya Federasiyası özünün milli maraqlarına ziyan vurmamaq üçün dünya erməniçiliyinin qaranlıq siyasi maraqlarının realizəsinə alət olmamalıdır”.Korotçenko ermənilərin “ikinci erməni dövləti qurmaq” ideyalarına özünəməxsus təklif də irəli sürüb. “Artsaxı” Kaliforniyada yaratmaq lazımdır – oradakı iqlim və demoqrafik situasiya tamamilə yararlıdır. ATƏT-in Minsk qrupu köməkləri olsun!”, deyə İqor Korotçenko sözügedən şərhində istehza ilə bildirib.
Rövşən RƏSULOV