“Hraparak”ın iddiasına görə, Qarabağda Azərbaycana qarşı hərbi təxribat hazırlanır
Qarabağda, Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdikləri ərazilərinə qalan separatçı tör-töküntülərinin öz cinayətkar rejimlərini ayaqda saxlamaq cəhdləri ilk növbədə Bakının səbrini tükəndirmək üzrədir. Lakin daha bir maraqlı məqam budur ki, artıq separatçıların bir az da irəliyə gedərək öz təbirlərincə “müharibə anonsları” vermələri Ermənistanı da narahat etməyə başlayıb. Fakt budur ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra, eləcə də növbəti müddətlərdə Azərbaycan Silahlı Qüvvələrinin həm Qarabağda, həm də Ermənistanla müəyyən olunmamış sərhədlərdə həyata keçirdiyi mövqe dəqiqləşdirmə əməliyyatlarının ardınca rəsmi İrəvandan Qarabağdakı separatçılara mesaj yollanıldı ki, onlar növbəti silahlı toqquşmalara səbəb ola biləcək bəyanatlar, fikirlər səsləndirməkdən çəkinsinlər. Yəni bu tələb faktiki olaraq Ermənistandakı siyasi hakimiyyətin Qarabağ separatçılarından imtinası anlamını daşıyır.
Belə bir vəziyyətin tezliklə, hətta dərhal aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsi zərurəti yaranır
Düzdür, hazırda RSK-nın müvəqqəti məsul olunduğu ərazilərdə Ermənistana məxsus silahlıların, hərbi texnikaların olması faktı mövcuddur və Ermənistan rəhbərliyi bunu nə qədər inkar etməyə çalışsa da, peyk və s. vasitələrlə əldə edilmiş fotolar, video-görüntülər tamamilə əksini göstərir. Ona görə də, əgər bu gün Qarabağdakı cinayətkar rejim yenidən müharibə ritorikalı bəyanatlar səsləndirirsə, artıq belə bir vəziyyətin tezliklə, hətta dərhal aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsi zərurəti yaranır.Beləliklə, Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, məhz Rusiyadan Qarabağa atılmış “desant”, eləcə də dələduz milyarder kimi daha çox tanınan Rusiyanın keçmiş vətəndaşı Ruben Vardanyan Azərbaycana qarşı silahlı təxribat hazırlayır. Nəşr yazır ki, Vardanyan Qarabağ erməniləri ilə görüş keçirdiyi zaman əvvəlcə hər şeyin tezliklə yaxşı olacağını deməklə onları ümidləndirməyə çalışıb, sonra isə bir az da irəliyə gedərək hərbi qarşıdurmanın yaşanacağını istisna etməyib. Və maraqlısı da budur ki, Vardanyanın sözünü dolayısı ilə cinayətkar rejimin qondarma “prezidenti” Araik Arutyunyan da təsdiqləyib.
“Hraparak”: “Artsaxda” olan silahlar Ermənistandakından çoxdur” (?!)
“Hraparak” yazır: “Qarabağ sakinləri ilə qapalı görüşündə o (Araik Arutyunyan) qeyd etdi ki, “artsaxda” olan silahlar Ermənistandakından çoxdur. Lakin o, Vardanyanın mövqeyinə qarşı çıxış edib. Müharibədən yayınmaq üçün Azərbaycanla, yalnız dialoq vasitəsi ilə danışmaq lazımdır. Əks halda müharibə “artsax” və “artsaxlılar” üçün son olacaq”.
Çox yəqin ki, Araik Arutyunyanın son ifadəsi elə onun özünə çox yaxşı bəllidir. O, 2020-ci ili əsla unutmayıb. Ancaq...Ancaq buna rəğmən, biz əsas diqqəti onun Qarabağdakı silahların Ermənistandan çox olması iddiasına tərəf yönəltməliyik.
Vardanyanın ssenarisi - “acından ölən artsax” səhnəsini yaratmaq, əhalinin ərzaq təminatlarını bağlamaq və sonra da hansı nəticə verəcəyini bilə-bilə təxribata yol açmaq
Birincisi, bu bir daha sübut edir ki, ekofəalların aksiyalarına qədər Laçın-Xankəndi yolu Qarabağa silahların daşınması üçün istifadə edilib. Əbəs deyil ki, Vardanyan artıq 50 gündən artıqdır ki, özünə yer tapa bilmir. “Ac əhali” isə onun ümumiyyətlə vecinə deyil.İkincisi isə Qarabağın silahlanması yalnız Vardanyanın özünə sərf edir və o qarabağlı erməniləri silahlı toqquşmalara hazırlayır. Əslində, maraqlı bir ssenari üzə çıxır – “acından ölən artsax” səhnəsini yaratmaq, əhalinin ərzaq təminatlarını bağlamaq və sonra da hansı nəticə verəcəyini bilə-bilə təxribata yol açmaq.Son olaraq isə ortada yalnız bir sual qalır – axı Vardanyan nəyə nail olmağa çalışır? Bax, bu sualın cavabı bəri başdan məlumdur: PUA vasitəsi ilə ona nöqtə zərbəsinin endirilməsi. Məhz bundan sonra hər şey öz yoluna donəcək. Gözləyək...
Rövşən RƏSULOV