Sabiq müdafiə nazirinə qarşı bir neçə cinayət işi açıldı
Serj Sarqsyan hakimiyyətinin müdafiə naziri, birinci Qarabağ müharibəsində toraqlarımızın işğalında əsas rol oynayanlardan biri, eləcə də sonrakı dövrdə fransız istehkamçılarının hesabına guya “keçilməz Ohanyan xətti” qurduğunu iddia edən Seyran Ohanyanın Ermənistan parlamentindəki deputatlıq mandatı əlindən alındı. Səsvermə nəticəsində impiçmentə məruz qalan Ohanyana qarşı paralel olaraq bir neçə cinayət işi də açılıb. Beləliklə, onu uzunmüddətli həbs gözləyir və bu prosesin digər maraqlı tərəfləri də var...
Cinayət işlərinin sübuta yetiriləcəyi halda Ohanyanı uzunmüddətli dəmir barmaqlıqlar gözləyir
Sözügedən vəziyyət, eyni zamanda, ermənilərin “məğlubedilməzlik” haqqında miflərinin də get-gedə dağılması faktını daha çox açığa çıxarmış olur. Açılan cinayət işinə gələrkən: ona qarşı birdən-birə bir neçə vəsatət qaldırılıb - xüsusilə, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi – burada iki epizod var, eləcə də xidməti vəzifələrini yerinə yetirməmək. Məhz bu cinayət işlərinin sübuta yetiriləcəyi halda Ohanyanı uzunmüddətli dəmir barmaqlıqlar gözləyir.
Maraqlıdır, bəs onun özü bu ittihamlara necə münasibət bildirib? Deputat mandatı əlindən alınar-alınmaz mətbuata çıxan Ohanyan deyib: “Bu işlər çoxdan başlayıb, lakin Qeqarqunik kazarmasında yanaraq ölən əsgərlərimizin səsini boğmaq, ictimaiyyətin diqqətini bundan yayındırmaq, ümumi qəzəb dalğasının qarşısını almaq üçün vəsatət indi verilib. Təmsil olunduğum fraksiyam tezliklə ordudakı real problemlərin müzakirəsində iştirak edəcək. İndiki müdafiə naziri gəlib konkret suallarımıza cavab versin. Anlatsınlar ki, nəyə görə kresloların qorunmasına, polis dövləti qurulmasına pul xərcləyirlər, amma əsgərlərə elementar şərait yaratmırlar ki, kazarmalarımız yanmasın? Mən qalib ordunun generalıyam. Ordunu məhv edənlər məni heç nədə qınaya bilməzlər”.
Siyasi şərhçi Tevis Arşakyan: “Ohanyanın özü və s. generallarının, eləcə də Ermənistan rəhbərliyinin ordunu soyaraq necə varlanmaları, milyonlarla pul yığmaları haqqında danılmaz faktlar kifayət qədərdir”
Lakin Ohanyanın həmin fikirlərinə elə ermənilərin özləri cavab veriblər. Misal üçün, Armenianreport saytının baş redaktoru, siyasi şərhçi Tevos Arşakyan deyib:- Ohanyan deyir ki, çox şeydə indiki rəhbərliyin günahı var. Bəs bütün bu proseslərin başlanğıcında onun özü də dayanmamışdımı? Sənədlərdə fəxrlə kazarma adlandırılan tövlələrdə erməni əsgərlərinin başlarına oyunların gətirilməsi Ohanyanın dövründə baş vermirdimi? Yadınızdadır, Seyran Muşeqoviç, sizin zabitlər əsgərlərin məişət şəraitlərini yaxşılaşdırmaq üçün onların valideynlərindən necə pul alırdılar? Bizdə faktlar var.“Ohanyanın özü və s. generallarının, eləcə də Ermənistan rəhbərliyinin ordunu soyaraq necə varlanmaları, milyonlarla pul yığmaları haqqında danılmaz faktlar kifayət qədərdir”, deyə erməni siyasi şərhçisi yazıb. Arşakyan daha sonra yazıb:- O ki qaldı “polis dövlətinə”, bəli, indiki Ermənistan dünya demokratiyası üçün nümunə deyil. Amma Ermənistan Köçəryan və Sarkisyanın dövründə əsl polis dövləti hesab edilməli idi. Hamımız xatırlayırıq ...
Serj Sarqsyan 2016-cı ilin aprel müharibəsindən sonra, yəni Azərbaycan Ordusu ilə toqquşma zamanı yaşanan ağır məğlubiyyətə görə Ohanyanı vəzifəsindən azad edib
Ermənilərin bir-birlərini didmələri qalsın öz yerində. Lakin biz də bəzi xatırlatmaları edə bilərik. Məsələn, birayaqlı general iddia edir ki, o “qalib ordunun generalıdır”. Amma Serj Sarqsyan 2016-cı ilin aprel müharibəsindən sonra, yəni Azərbaycan Ordusu ilə toqquşma zamanı yaşanan ağır məğlubiyyətə görə Ohanyanı vəzifəsindən azad edib. Yəni o, heç də “qalib ordunun generalı” statusuna malik deyil. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə yadda qaldı. Bu döyüşlər nəticəsində bir neçə rayonda strateji yüksəkliklər eyni vaxtda azad edildi və ən əsası – 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Zəfər yürüşünün başlanğıc nöqtəsi oldu. Nəticədə, erməni ordusunun yenilməzliyi haqqında uzun onilliklər ərzində şişirdilmiş miflər, məhz Ohanyanın dövründə ifşa olundu. İndi isə o, yalnız buna görə deyil, həm də erməni xalqının başına gətirilən bəlalara görə uzunmüddətli həbsə doğru sürünməkdədir...
Rövşən RƏSULOV