PDF Oxu

Araşdırma

  • 5 553

Tehranın yuyulmamış qaşıq prinsipi ANALİTİK+AKTUAL

image

Yaxud, səfir Zohuri birdən-birə neçə ölkəyə qarşı diş qıcıdır?

Belə görünür ki, Tehran Cənubi Qafqaz regionunda vəziyyəti gərgin saxlamaqda israrlı görünür və zaman-zaman özünə yumşaq desək, geosiyasi rəqib elan etdiyi tərəflərə qarşı aşkar həyasızlıq nümayiş etdirir. Üstəlik, siyasi molla rejimi müsəlman və şiə Azərbaycan qarşısında öz keçmiş riyakarlıq əməllərinə görə də cavab vermir. Misal üçün, Azərbaycan torpaqlarının işğal və talan olunmasına görə Ermənistana verdiyi dəstəyi, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazisinə müdaxilə edərək hərbçilərimizin irəliləməsinə qarşı törətdiyi maneəçiliyinə, o cümlədən, Tehrandakı səfirliyimizdə törətdiyi terror əməlinə görə hələ də susur.

Bu da azmış kimi, ötən müddət ərzində “dostluqdan”, “mehriban qonşuluqdan” dəm vurmaqla, əslində, öz riyakar simasını daha da aşkara çıxarır. Məsələn, Tehranın İrəvandakı səfiri Abbas Bədəşxan Zohurinin İran-Ermənistan münasibətləri ilə bağlı keçirdiyi konfransdakı təxribatçı bəyanatları da bu sıradandır. Ancaq həmin təxribatçı fikirlərin yalnız Azərbaycana qarşı deyil, həm də digər ölkələrə də qarşı səslənməsi diqqət çəkib. Zohuri açıq şəkildə və Azərbaycana, Türkiyəyə, Rusiyaya qarşı təhdidlə bəyan edib ki, Tehran və İrəvan hansısa dəhlizin yaradılmasına imkan verməyəcəkmişlər...

Klerikal rejimin molla-diplomatının sərsəmləməsi nəyə işarədir?

Gəlin, elə də uzağa getməyərək, molla rejiminə məxsus səfirin fikirlərinə daha dəqiq diqqət yetirək. SİTAT: “İran və Ermənistan qonşu olublar və qonşu kimi də qalacaqlar. Əlbəttə, müəyyən gedişləri görmək mümkündür, onlar hansısa dəhlizdən danışırlar. Amma İran və Ermənistan belə bir dəhlizin yaradılmasına imkan verməyəcək. Bununla yanaşı, biz kiminsə dəhlizlə bağlı ideya ilə çıxış edəcəyini gözləməməliyik ki, sonra da hər hansı mövqe nümayiş etdirək. Biz buna yol verməməliyik. Hər iki ölkə qarşıda hansı addımların atılacağı ilə bağlı aydınlaşdırmalar aparmalı və təşəbbüs göstərməlidir”.

Buradan da kifayət qədər aydın görünür ki, klerikal rejimin diplomat-mollası Zəngəzur dəhilzinin adını açıq şəkildə ifadə etməsə də, reallıqda məhz bu dəhliz barəsində sərsəmləyir. Məhz həmin dəhliz barəsində ki, Birinci Qarabağ müharibəsindən əvvəl, yəni erməni işğalından öncə Naxçıvanı Azərbaycanın materik hissəsi ilə birləşdirirdi!

Tehran Rusiyaya da meydan oxuyur?

Sadəcə, Zohuri unudub ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanata əsasən, regionda olan bütün iqtisadi-nəqliyyat rabitələri və kommunikasiyaları blokadadan çıxarılır. Və ən əsası, burada öz kapitulyasiyasına imza atan Ermənistanın mövcud rəhbərliyinin də imzası dayanmaqdadır. Üstəlik, Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək dəhlizə nəzarət və təhlükəsizlik məsələsinə, məhz Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə məxsus Sərhəd xidməti etməlidir. Bu gün isə Tehran rejiminin İrəvandakı səfiri molla başbilənlərinin siyasi maraqlarından çıxış etməsi ilə və özünü ortaya ataraq açıq şəkildə Rusiyaya da meydan oxumağa başlayıb. Yəni üç ölkə öz arasında razılığa gəlib və Tehran yuyulmamış qaşıq kimi özünü ortaya atıb. Yeri gəlmişkən, xarici işlər naziri Abdullahiyanın, ardınca isə prezident Rəisinin ötən il Moskvaya səfər etmələri də nəticəsiz qaldı və Tehran da bunu yaxşı bilir!

Əslində bu da bizim üçün yenilik deyil. Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra məhz Tehran rejimi öz yerində qıvrılırdı, yanıb-yaxılırdı – o daha Qarabağdan narkotrafik kimi istifadə edə bilməyəcəkdi, işğaldakı torpaqlarda narkotika planstasiyaları əkmək şansı ilə əldən çıxmışdı. İndi isə Zəngəzur dəhlizi planının realizəsi kənarları qığırdaqlı sümük kimi ilişib-qalıb mollaların boğazlarında!

Lakin nə ucuz hərbi təlimləri, nə də digər addımları Bakını öz yolundan döndərməyə imkan vermədi. Əksinə, hərbi təlimlərə gerçək hərbi təlimlərlə cavab verildi – Azərbaycan və Türkiyənin hərbi müttəfiq olaraq irimiqyaslı təlimləri də buna bir sübutdur. Ən azından, bu təlimlər mollaların başlarından çıxarmadıqları tərli, həm layiq olmadıqları əmmamələrindəki istiliyi soyutmuş oldu. Bütün bunlar barədə çox deyildi və çox yazıldı.

Məhz İrəvan Tehranın dəstəyinə arxalanaraq ümid edir ki...

Qaldı ki Tehranın İrəvandakı səfirinə, onun “islam respublikası” tərəfindən mütəmadi olaraq, üstəlik, uzun illərdir ki, Ermənistanla İran arasındakı sərhədlərin dəyişilməsinə imkanın verilməyəcəyi barədə fikirlər səsləndirilir. Baxmayaraq ki, Azərbaycan rəsmi qaydada və dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın ərazilərinə qarşı iddia qaldırmır və mövcud nəqliyyat arteriyası Tehrana qarşı yönəldilməyib - əksinə, regionun bütün ölkələrinin səmərəsinə hesablanıb. Lakin erməni-fars tandemi hələ də bu məsələnin üzərində fokuslanıb.

Məhz İrəvan Tehranın dəstəyinə arxalanaraq ümid edir ki, üçtərəfli bəyanatın bəzi müddəaları, xüsusilə, regional nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması tələbində dəyişikliklər ediləcək. Yəni İrəvan Bakı ilə Moskva qarşısında üzərinə götürdüyü öhdəlikdən yaxasını qurtara biləcək. Amma İrəvan unudur ki, o çox təhlükəli oyuna gedir, odla oynayır və bu od onun bütövlükdə regional varlığını külə çevirə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev öz qəti sözünü deyib!

Bu yerdə isə Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini xatırlamaq lazımdır: “Zəngəzur dəhlizi mütləq açılacaq, Ermənistan bunu istəsə də, istəməsə də. Biz Azərbaycanın əsas hissəsinin onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə əlaqəsinə nail olacağıq”.

Yəni Zəngəzur dəhlizinin blokdada qalması yönündə edilən bütün cəhdlər bilavasitə uğursuzluğa düçar olacaq. Çünki dəhlizin açılmasını “İran” adlı qondarma “islam respublikasından” fərqli olaraq bir çox ölkələr istəyirlər – Azərbaycan, Türkiyə, Rusiya, Avropa və Mərkəzi Asiya. Onların hər biri ciddi şəkildə bu layihəyə tərəf istiqamət alıblar. Bu baxımdan, Tehranla İrəvanın baş-başa verməklə ağız büzmələrinə heç bir tərəf ciddi yanaşmayacaq. Çünki regional çağırışlar və dəyişikliklər artıq baş tutub.

Rövşən RƏSULOV

Digər xəbərlər