“Həyatda yaşanılacaq ekstremal şərait qaçınılmazdır. Təbiət bəzən özünün rəngarəng hadisələri ilə öz varlığını göstərir. Təbiətdə baş verən hadisələrin qarşısını ala bilmərik, amma ən azından təbiət hadisəsinin qurbanlarının az olmasının qarşısı alına bilərdi. Burada da yenə insanların fərqli yanaşması, digərlərini düşünməmələri bu gün baş vermiş təbii fəlakətin nəticələrini bizə bir daha göstərmiş oldu. Bu gün insanlar ürək dağlayan videoları izləyirlər. Bu isə onlarda empatiya duyğusunu gücləndirir. Zəlzələnin nəticəsini görən insanların ürəkləri eyni hadisəni yaşaya biləcəklərinin qorxusu ilə döyünür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.Onun sözlərinə görə, həqiqətən də insanın başına belə bir hadisənin gəlməsi dəhşətlidir: “İnsan təbiət hadisələri qarşısında çox acizdir. Hər kəs bu hadisələrə öz sinir sisteminə uyğun olaraq reaksiya verir. Əvvəlcədən ölüm qorxusundan əziyyət çəkən insanda hazırda həyəcan, təşviş pozuntusu yaranıb. Belə olduğu təqdirdə də o gündəlik iş rejiminə qatıla, sağlam ünsiyyətə qoşula bilmir. Belə bir ekstremal şəraitdə insanların biri-birinə psixoloji dəstəyi, dünyagörüşü, onların intellekt səviyyəsi mühüm rol oynayır.Bu cür hadisələrdə insanlar əsasən üç qrupda birləşir. Birinci qrup zərərçəkən insanlardır. Hansı ki, bura dünyasını dəyişənlər, fiziki olaraq ciddi zərbə alanlar daxildir. Eyni zamanda hadisənin şahidi olanlar da birinci qrupa daxildir. İkinci qrup xilasedicilərdir. Məhz xilasedicilərin sayəsində insanları dağıntıların altından çıxarmaq mümkün oldu. Çox sevindirici haldır ki, saatlar, günlər sonra insanlar arasında ac-susuz qalsalar belə dağıntılar altından sağ qurtulanları olur. Üçüncü qrup isə informasiyanı izləyən, yayımlayan, insanları həddindən artıq təşvişə salan və ya sakitləşdirən bir qrup insanlardır. Biz bu cür çətin anda birlik göstərərək, insanların psixologiyalarının çökməməsi üçün çalışmalıyıq.Təbiət hadisələri hər zaman hər yerdə baş verə bilər. İnsanların həyatlarının məhv olması isə təbiət hadisəsi deyil, bəzilərinin səriştəsizliyi ucbatındandır. Məhz bu aspektdən yanaşıb, nəzərə almaq lazımdır ki, bu cür təbii fəlakətdən qorunmaq mümkündür. İnsanlar belə anlarda davranış qaydalarını bilməli və biri-birlərinə mənəvi dəstək olmalıdırlar. Beynimizi və şüurumuzu vacib işlərlə məşğul etməyimiz də mühümdür. Daim fəaliyyətdə olmalıyıq. Həyat davam edir, hər birimiz həyata yaşamaq üçün gəlmişik. Buna görə də mübarizə aparmalıyıq”.
Müəllif: Səbinə Hüseynli