Bir evin məqsədyönlülüyü onun bizə qazandırdığı rahatlığına və funksionallığına söykənməlidir. Belə olan halda yeni ev sahibi olmaq istəyən hər kəsin düşündüyü bir sual var: “Həyət evi yaxşıdır, yoxsa mənzil?”Günümüzdə həyət evlərinə maraq daha da artıb. Xüsusilə qardaş Türkiyədə və dünyada baş verən dəhşətli zəlzələlərdən sonra insanlar bina evindən qorxur. Bu da normal olaraq həyət evlərində qiymət artımına gətirib çıxarır. Bəs, zəlzələ zamanı həyət, yoxsa bina evi daha təhlükəsizdir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
• Təbiətlə daim bir vəhdət şəklində olacaq, həmçinin, təmiz hava ala biləcəyiniz, səs-küysüz sağlam bir həyata qovuşacaqsınız.
• Evinizdə yarada biləcəyiniz şəxsi kinoteatr sayəsində sevdiklərinizlə birgə film gecələrindən maksimum zövq ala biləcəksiniz.
• Avtomobilinizi vaxt itirmədən park edə biləcəyiniz bir 2 yerlik qarajla aylıq xərclərdən də xilas olacaqsınız.
• İstədiyiniz bitkiləri əkib-biçə biləcək və onların qayğısına qalaraq, təbiətlə bir bütün ola biləcəksiniz.
• Dənizə getməyə ehtiyac qalmayacaq, 4x8 skimmer tipli hovuz və hovuzətrafı zonada əyləncənizi qura biləcəksiniz. Bir sözlə, dənizi evinizə gətirəcəksiniz!
• Tüstü və qoxu sizi narahat etmədən öz əllərinizlə ləziz yeməklər bişirə biləcəyiniz manqalxana və həmin yeməkləri sevdiklərinizlə birgə nuş edə biləcəyiniz terrasa sahib olacaqsınız.
• Sevimli bir ev heyvanı sahiblənmək istədiyinizdə artıq qonşularınıza görə narahat olmayacaqsınız.
Həqiqətən müstəqil evdə yaşamağı sevən insanlar üçün həyət evlərinin avantajlarını saymaqla bitməz. Əvvəla, otaqların təyinatını hər hansı bir maneə olmadan tamamilə öz istəklərinizə və zövqünüzə uyğun şəkildə dizayn edə biləcəksiniz.Həyət, yaxud bağ evlərini insanlar daha çox şəhərdən kənarda yay boyu dincəlmək üçün istəyir. Daha çox Bakı kəndlərində imkanlı şəxslərin həyət (bağ) evləri mövcuddur. Şəhərdə olan həyət evlərinin əksəriyyəti isə orta- kasıb təbəqəyə məxsusdur. Lakin etiraf edək ki, zəlzələ üçün ən təhlükəsiz variant bu evlərdir. Həmçinin, həyət evində rahat dincəlmək, kiçik miqyasda da olsa əkin-biçinlə məşğul olmaq mümkündür. Bundan əlavə öz həyətində əlavə bir ev də tikmək şansın olur.Bir də var ki, rayon və kəndlərdə yaşayan insanların həyət evləri. Təbii ki, bu, Bakı və ətraf ərazilərdə olan evlərdən çox fərqli və böyükdür.Binada isə bunların heç biri mümkün deyil. Həm zəlzələdə bina çox təhlükəlidir, həm yayda dincəlmək olmur, həm də sahəsi daha kiçik olur. Bundan əlavə, bina evində xüsusi məsuliyyət var.Bina evi, yəni fərdi yaşayış sahəsi sizə aid olsa da, ümumiyyətlə əmlakın bir hissəsinə sahibsiniz. Yəni mənzil alanda liftdən tutmuş bağçaya kimi başqaları ilə paylaşdığınız bir sahədə ortaq olursunuz.Bununla bağlı bəzi öhdəlikləri də öz üzərinizə götürməlisiniz. Siz həm də mənzil haqları və bağçaya qulluq kimi xərclərdə tərəfdaş olacaqsınız. Bağda və ya hovuzda vaxt keçirmək istədiyiniz zaman, digər mülk sahibləri ilə bu əraziləri bölüşməlisiniz.Həyət, yaxud bağ evi alanda həm ev, həm də bağ sizə məxsusdur. Həyət evi, mənzildən fərqli olaraq sahibinə daha geniş yaşayış sahəsi təklif edir. Bununla belə, bağın və ya hovuzun baxımı yalnız sizə aid olduğundan, bu yerlərin saxlanması üçün daha çox büdcə ayırmalı ola bilərsiniz. Təbii ki, əgər xüsusi köməkçiniz yoxdursa.Mənzillər adətən çoxmərtəbəli olur. Bu gün də əksər mənzillərdə bir mərtəbədə birdən çox yaşayış yeri ola bilər. Bu da daha kiçik kvadratmetrlər deməkdir. Həmçinin, mənzillərdə saxlama yeri və qaraj kimi imkanlar daha məhduddur. Həyət evi isə sizə geniş yaşayış sahəsi təklif edir.Adətən iki mərtəbəli olan həyət evi istədiyiniz kimi dizayn edə bilərsiniz. Mətbəxinizi böyütmək istədiyiniz zaman divarları qıra və ya yataq otağınızı istirahət otağı ilə birləşdirə bilərsiniz. Bunun üçün heç kimin icazəsinə ehtiyacınız yoxdur.Bina evində dostlarınızla təşkil etdiyiniz ev şənliyində qonşu mənzildə qonşunun uşağının səsi sizi və qonşunuzu narahat edə bilər. Yaxud axşam saatlarında tozsoran işlətmək və ya qab yumaq qonşularınızı qıcıqlandıra bilər.Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov: “Bu günlərdə qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində zəlzələnin baş verməsi bütün dünyanı, o cümlədən Azərbaycan xalqını dərindən kədərləndirdi. Uca Allahdan qardaş ölkədə zəlzələ nəticəsində dünyasını dəyişmiş bütün insanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.Mən deyə bilərəm ki, bu zəlzələ son 100 ilin ən faciəli və ən çox dağıntılara səbəb olan hadisəsidir. Zəlzələnin baş verməsi və bu qədər insanın həyatını itirməsi qardaş ölkə ilə yanaşı bizim ölkəmizdə də, bir çox sualları ortaya çıxarır. Son illərdə Bakı şəhərində və ətraf qəsəbələrdə tikilən yeni bina evləri zəlzələyə nə qədər davamlıdır? Baş verən zəlzələ insanları bu barədə dərin düşünməyə məcbur etdi.Bu fəlakətin baş verməsi nəinki Azərbaycanda, bir çox ölkələrdə, hətta dünyada belə hündür mərtəbəli binalarda yaşayan insanlar arasında da bir xof yaratdığı görünür. Allah uzaq etsin, belə bir zəlzələ gözlənilməsə də, insanlar bu duruma görə narahatlıq keçirir və həyət tipli evlərin daha güvənli olması barədə bir fikir formalaşdırdı.Mənim fikirimcə, Azərbaycanda həyət evlərinin alqı- satqısında olan durğunluq indi əksinə olacaq və insanlarda hündür mərtəbəli binalardan çox həyət evlərinə marağın artmasına səbəb olacaq. Zəlzələdən öncə Azərbaycanda həyət tipli evlərə və torpaq sahələrinə maraq o qədər də yox idi. Alıcıların haradasa 60 faizi daha çox yeni tikili binalarda olan mənzillərə maraq göstərirdilər, indi isə tam əksini görəcəyik. Çünki qardaş ölkədə baş vermiş fəlakət insanlarda psixoloji travmaya səbəb oldu və yaşadığı mənzilin nə dərəcədə güvənli olması onların beynində bir sorğu kimi qaldı. Belə olan halda alıcıların həyət tipli evlərə daha çox maraqlarının artmasına və həmin evlərin bundan sonra daha çox alıcısının olmasına səbəb olacaq.Bu fəlakətdən sonra Bakı və ətraf qəsəbələrdə həyət tipli evlərin və torpaq sahələrinin qiymətlərində artımın olması gözlənilir. Mənim bir mütəxəssis kimi fikrim budur. Bu hələ təkcə Azərbaycanda yox, bir çox ölkədə, o cümlədən qardaş ölkə Türkiyədə də belə olacaq.Əvvəllər tikilən binaların tikintisini görmədiyim üçün deyə bilmərəm, amma son 5-6 ildə tikilmiş binaların tikiliş prosesini gördüyüm üçün deyə bilərəm ki, bizdə tikilən binalar çox keyfiyyətli və möhkəmdir.Nəzərə alsaq ki, hər il mart ayının əvvələrində torpaq sahələrinin və həyət evlərinin qiymətlərində bahalaşma olur (təlabatın çoxalmasına görə). Onda deyə bilərik ki, gələn aydan həyət evlərində və torpaqlarda kəskin bahalaşma qeydə alınacaq. Daha çox bahalaşma çıxarışı olan (Kupçası olan ) həyət evlərində və torpaq sahələrində qeydə alınacaq.Bir məsələni də qeyd etmək istəyirəm ki, bu təbii fəlakət təkcə satışı yox, həm də həyət evlərində kirayə qiymətlərinin artmasına və tələbatın çoxalmasına səbəb olacaq. Həyət evlərinin bahalaşması daha çox Bakı şəhərində və ətraf qəsəbələrdə olacaq. Mən demirəm daha yeni tikilən mənzilləri alan olmayacaq, sadəcə, həmin evlərdə bir müddət alıcısı əvvəlki illərlə müqayisədə az olacaq.Ümumilikdə keçən illərlə müqayisə etsək, bu il, yəni 2023- cü il həyət evlərinin alqı- satqısı üçün əlamətdar bir il olacaq və daha çox həyət evlərində alqı- satqı qeydə alınacaq.Mən də bir azərbaycanlı kimi sizin vasitənizlə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımıza uca Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Onlara demək istəyirəm ki, qardaşlar, acınız bizim də acımızdır. Azərbaycan xalqı sizinlədir yaxşı gündə də, pis gündə də. Başımız sağ olsun”.
Ayşən Vəli