PDF Oxu

Araşdırma

  • 5 253

Volodin, ardınca isə "Nezavisimaya qazeta" İrəvana nəyi işarə etdi..? ANALİTİK+AKTUAL

image

Rusiyanın yalnız siyasi dairələri deyil, nüfuzlu media qurumları da Ermənistana xəbərdarlıq siqnalları yollamağa başlatdılar

Bu günlərdə Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşündə kifayət qədər diqqətçəkən fikirlər səsləndirdi. O, əsasən qeyd etdi ki, Ermənistan rəhbərliyinin Qərbə doğru meyillənməsi bu ölkənin dövlətçiliyinin itirilməsi ilə nəticəsini tapacaq. Xüsusilə, erməni hökumətinin öz ərazisində, əslində, Avropa İttifaqının yarımhərbi xarakterli müşahidə missiyasını yerləşdirməsi Rusiyanın maraqlarına birmənalı olaraq əks istiqamətdə dayanır və bu bəyanat da məhz həmin mövzuya doğru yönəldilib. Volodinin ATƏT, AŞPA, yaxud Avropa Parlamentinin hər hansı kəskin situasiya ilə bağlı yaranmış problemin hazırkı dövrə qədər həll edilmədiyi barədə faktları da önə sürüb və bu faktlar həqiqətən də reallığı əks etdirir.

Lakin Rusiyada eyni cür yalnız rəsmi şəxslər düşünmürlər, həmçinin, orada dərc edilən media orqanları da artıq bu barədə gen-bol yazılarla çıxış edirlər. Təbii ki, bütün bunların təməlində dayanan əsas faktorlardan biri Ermənistanda anti-Rusiya siyasətinin artması, ölkənin ictimai-siyasi rəyində bu motivlərdəki çıxışların sürətlə çoxalmasıdır.

“Nezavisimaya qazeta” yazır ki, Nikol Paşinyanın Aİ missiyası ilə bağlı əsaslandırmaları Rusiya Federasiyasında qıcıqla qarşılandı

Misal üçün, “Nezavisimaya qazeta” (“NQ”) Cənubi Qafqaz regionundakı situasiyaya həsr olunmuş “Ermənistanın geosiyasi cəhətdən Qərbə doğru can atması hansı marağa söykənir?” sərlövhəli məqalə ilə çıxış edib və həmin məqalədə olduqca diqqətçəkən nüanslara toxunulub. Həmin nüanslardan bir neçəsini diqqətə çatdıraq. SİTAT: “Moskva erməni liderlərinin Aİ nümayəndələrinin Azərbaycanla sərhədə toplaşmaları ilə bağlı bəyanatlarına inanmır. Baş nazir Nikol Paşinyanın Aİ missiyasının Ermənistana Rusiya və Ermənistan ordularının hərəkətləri zamanı Azərbaycanın bu müttəfiq ölkələrin ona qarşı əməliyyatlara hazırlaşmaqda ittiham irəli sürə bilməməsi üçün gəldiyini əsaslandırmağa çalışması Rusiya Federasiyasında aşkar anlaşılmazlıq və qıcıq yaradan amil olaraq qarşılandı”.

“NQ” yazır: ““Alovun üzərinə yağ tökən məlumatlardan biri də budur ki, Aİ missiyası heç də tamamilə mülki deyil, belə ki, orada fransız jandarmları da iştirak edəcəklər”

“NQ” daha bir maraqlı məqama toxunub. Daha doğrusu, Aİ-nin müşahidə missiyasının heç də birmənalı olaraq mülki olmadığı faktını önə sürüb. SİTAT: “Alovun üzərinə yağ tökən məlumatlardan biri də budur ki, Aİ missiyası heç də tamamilə mülki deyil, belə ki, orada fransız jandarmları da iştirak edəcəklər. Rusiyanın siyasi dairələrində erməni hökumətinin geosiyasi cəhətdən istiqamətini dəyişdirmək arzusunda olması şübhələri möhkəmlənməkdədir”.

Məhz bunun ardınca adıçəkilən rus nəşri İrəvanın KTMT ilə mürəkkəb münasibətləri barədə xatırlatmalar edib və yazıb ki, artıq bu barədə danışmaq izafidir...

Adiçəkilən nəşr Ermənistanın Qərblə Rusiya arasındakı toqquşmalarda Suriya və Ukraynadan sonra üçüncü hərbi platsdarma çevriləcəyi mümkünlüyünü vurğuladı!

“NQ” qeyd edir ki, bu gün Rusiya ilə Qərb arasında toqquşmalar iki nöqtədə gedir – Suriyada və Ukraynada. Və bu yerdə, məqalənin əvvəlində də qeyd edildiyi kimi, Rusiya Dumasının spikeri Volodinin Ermənistanın dövlətçiliyini itirəcəyi ilə bağlı xəbərdarlığı yada düşür. Çünki qəzet də demək olar ki, eyni hədəfi vurur. Daha dəqiq desək, Rusiya ilə Qərbin toqquşması mənzərəsində üçüncü ölkənin Ermənistan olacağına işarə edir. SİTAT: “Mümkündür ki, Ermənistan üçüncüsü olsun. Ciddi problem ondan ibarətdir ki, artıq İrəvan diplomatik meydanda baş verən Qərblə Moskva arasındakı ziddiyyətlərin ortasında dayanıb. Moskva ilə İrəvanın ziddiyyətləri ona doğru aparır ki, Ermənistan hərbi meydançaya çevriləcək”.

Əslində, bu, gözlənilən idi. Zamanında Rusiyanın forpostu olmuş bir ölkənin indi həmin vəziyyətdən çıxması cəhdləri həqiqətən də riskli bir addımdır. Və fakt da budur ki, Kreml hər şeyə rəğmən, hətta Ukraynada uzanan müharibəyə baxmayaraq İrəvana, reallıqda isə Qərbə qarşı cəbhə açmaq məcburiyyətində qalacaq. Söz yox ki, Qərbə də bu lazımdır ki, Rusiya Ukrayna cəbhəsində daha ağır situasiyalarla qarşı-qarşıya qalsın. Ermənistan isə, sadəcə, platsdarmdır və bir gün Moskva Ermənistanla bağlı ciddi ölçülər götürməyə başlasa nə Aİ, nə də bütövlükdə Qərb İrəvana lazım olan dəstəyi göstərməyəcək. Hər halda, proseslər də buna doğru inkişaf etməkdədir.

Rövşən RƏSULOV

Digər xəbərlər