PDF Oxu

Araşdırma

  • 4 251

Qərbin Paşinyana verdiyi “monpasyesi” və havadakı qamçısı SİYASİ RAKURS

image

Qərbin müəyyən dairələrinin Cənubi Qafqazdakı siyasi-iqtisadi maraqlarını, məhz Ermənistan vasitəsi ilə təmin etməsi cəhdi sirr deyil. O da məlumdur ki, Ermənistanda “məxməri inqilab” həyata keçirən Qərb strukturları, özəlliklə Soros Fonduna bağlı tərəflər hələ illər öncə bu planlarını realizə etmək üçün Nikol Paşinyan kartından maksimum istifadə ediblər. Məqsəd Rusiyanın təsirini regiondan uzaqlaşdırmaq və söz yox ki, Qərbin təsir rıçaqlarını tənzimləməkdən ibarət idi. Və bu gün diqqətçəkən daha bir amil budur ki, hazırda Ermənistandakı mühit bir növ 2008-ci ilin Ukrayna mühitinə bənzəməyə başlayıb.

Məhz həmin illərdə də Qərb, əsasən, Rusiyanın onun sərhədlərinə doğru genişlənmə siyasətinin qarşısını almaq yönündə müxtəlif planlar üzərində işləyirdi. Hələ o dövrlərdə proqnozlar irəli sürülürdü ki, həmin maraqlar sonunda Rusiya-Ukrayna müharibəsi ilə nəticələnəcək. Beləliklə, bu maraqlar özünü ötən ilin fevralında doğrultdu və hazırda yalnız Rusiya-Ukrayna deyil, həm də Qərb-Rusiya müharibəsinin dəhşətli gedişatını müşahidə etməkdəyik. Bütün bunlar öz yerinə...

Ermənistana transfer olunmuş oyun nədir?

Maraqlıdır ki, 2018-ci ildən başlayaraq Ermənistanda hakimiyyətə yiyələnmiş mövcud Nikol Paşinyan iqtidarı Qərb tərəfindən necə deyərlər, “monpasye barbarisi” ilə ələ alınmaqda davam edir. Məsələn, hələ “Vətəndaş sazişi”nin hakimiyyətdə olduğunun ilk illərində Paşinyana “ruh” vermək üçün Qərbin bir sıra aparıcı dairələri Ermənistanın “demokratiya reytinqini” az qala Avropanın ən nüfuzlu ölkələrinin birində mövcud olan demokratiyadan daha üstün qiymətləndirilirdi və bununla erməni baş nazirə “avans” verilirdi. Əlbəttə ki, bunun qarşılığı üçün proseslərə də start verilmişdi.

Yeri gəlmişkən, Qərbin Ermənistana qarşı təsir və təzyiq rıçaqları da öz qüvvəsində qalmaqdadır və bu izahın da nə qədər qəribə görünsə, yaxud görünməsə də Ukraynadakı proseslərlə tərəf müəyyən bənzərliyi mövcuddur.

Misal üçün, istisna etmək olmaz ki, əgər 2018-ci ildə Ermənistanda “korrupsiyaya qarşı mübarizə” Qərb tərəfindən “yüksək” qiymətləndirilirdisə, artıq bu gün həmin məsələdən ümumiyyətlə, danışılmamaqdadır. Hətta zaman-zaman “korrupsiyaya qarşı mübarizənin” uğursuzluqları haqqında fikirlər səslənməyə başlayıb və bu da söz yox ki, geosiyasi təzyiqlərin artırılması üçün bir alətdir.

Qərbin Paşinyana və yaxın ətrafına qarşı kompromatları var

Daha bir misal: Qərb əlbəttə ki, Ermənistanın “ala gözlərinə” aşiq olmayıb və hazırda müəyyən dairələrin əlində Nikol Paşinyana və XİN başçısı Ararat Mirzoyan da daxil olmaqla onun digər yaxın ətrafına qarşı kifayət qədər kompromat paketləri mövcuddur. Əgər bu gün Qərb hələ ki, bu və ya digər şəkillərdə Paşinyanın başına sığal çəkirsə, bu sığallamalar anidən kəsilə bilər. Ona görə də erməni baş nazir onda yaranmış özünəvurğunluq, həmçinin tamahkarlıq qurbanına çevrilə biləcəyini unutmamalıdır.

Yenə də Ukrayna bənzərliyinə qayıdaq. Rusiya ilə müharibəyə, savaş fonunda Kiyevə göstərilən nəhəng hərbi və s. yardımlara rəğmən, Qərb strukturları ara-sıra korrupsiya və s. kimi məsələləri qabardır. Paralelliyi şərh edərkən əminliklə qeyd edə bilərik ki, əgər Qərb postsovet ölkələri arasında favorit hesab etdiyi Ukraynaya korrupsiya və s. məsələlərdə göz yummayacağını eyham vurursa, Ermənistana münasibətdə, ümumiyyətlə, sərt mövqe tuta bilər. Və beləliklə, qalır Nikol Paşinyanın özünü sözə baxmayan uşaq kimi aparmasına ki, Qərb dərhal öz mənbələrinə istinad edərək ona qarşı təzyiq vasitələrini gücləndirməyə başlayacaq.

Proses isə başa çatmayıb və çox yəqin ki, çata bilməyəcək

Artıq bir sıra nüfuzlu maliyyə institutları, habelə müxtəlif xüsusi xidmət orqanları Nikol Paşinyanın və yaxın ətrafının korrupsiyaya bulaşma epizodlarını isbatlayan faktlarla, epizodlarla zəngindirlər.

Hazırda Ermənistanın baş naziri Qərbin ondan olan gözləntilərini realizə etməyə çalışır. Yerləşdiyi coğrafiyada geosiyası cəhətdən anidən dönüş yaratmaq cəhdləri (Rusiyadan imtina, Qərbə doğru inteqrasiyanın sürətləndirilməsi və s.) də buna hesablanıb. Proses isə başa çatmayıb və çox yəqin ki, çata bilməyəcək. Xüsusilə, Aİ-nin müşahidə missiyasının regiona daxil edilməsi, bunun müqabilində Paşinyana yuxarıda da qeyd edildiyi kimi, “monpasye barbaris”in verilməsi, digər tərəfdən isə qamçının havada hazır vəziyyətdə saxlanılması danılmaz faktdır. Əgər Paşinyan öz işini tam olaraq başa çatdıra bilməyəcəksə, həmin qamçı da zaman-zaman ona qarşı işləməyə başlayacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər