Welt am Sonntag qəzeti: “Almaniya hökuməti ötən il İranda kütləvi etirazlar başlayandan sonra bu ölkənin kəşfiyyat orqanlarının Almaniyada yaşayan iranlılara qarşı casusluq fəaliyyətinin artdığını açıqlayıb”
İranın Avropa ölkələrindəki casus şəbəkələri barədə yayılan informasiyalar öz təsdiqini tapmaqda davam edir. Belə ki, Tehranın molla rejimi ona müxalif olan, eləcə də müxtəlif vasitələrlə etiraz səsini qaldıran xarici vətəndaşlara qarşı da repressiv siyasət yürüdür. Xüsusilə, İranın Avropa ölkələrində fəaliyyət göstərən səfirliklərində xüsusi hazırlanmış casus şəbəkələrinin dissidentlərə qarşı terror aktlarını həyata keçirmək cəhdləri barədə məlumatlar kifayət qədərdir. Çünki bənzər cəhdlər olub və törədilən cinayətlərin arxasından da məhz Tehran rejiminin hazırladığıı casus şəbəkələrinin adları çıxıb.

İran səfirlikləri gizli casus şəbəkələri ilə öz təqiblərini davam etdirməyə cəhdlər göstərirlər
Almaniya və s. Avropa ölkələrinə mühacirət edərək həm özlərinin, həm də ailələrinin həyatlarını mümkün təhlükələrdən qurtarmağa çalışan iranlı ziyalılar, siyasilər və Tehranın mövcud rejiminə qarşı çıxış edən şəxslər təəssüf ki, getdikləri ölkələrdə də narahat qalmağa davam edirlər. Belə ki, həmin ölkələrdəki İran səfirlikləri gizli casus şəbəkələri ilə öz təqiblərini davam etdirməyə cəhdlər göstərirlər.

Buna misal olaraq bir neçə gün əvvəl Almaniyanın nüfuzlu Welt am Sonntag qəzeti 2022-ci ilin sentyabrından, yəni kütləvi etirazlar başlayandan bəri Almaniyada yaşayan və mühacirətdə olan iranlılara qarşı İran kəşfiyyatçılarının casusluğunun artdığını etiraf etməsi barədə Almaniya hökumətinin fikirlərini qeyd edib. SİTAT: “Almaniya hökuməti ötən il İranda kütləvi etirazlar başlayandan sonra bu ölkənin kəşfiyyat orqanlarının Almaniyada yaşayan iranlılara qarşı casusluq fəaliyyətinin artdığını açıqlayıb. İran hakimiyyəti müxalifət qruplarını və ayrı-ayrı şəxsləri rejimin mövcudluğuna təhlükə kimi qiymətləndirir”.

“İran İnqilabı Keşikçiləri Qvardiyasının geniş yayılmış casusluq fəaliyyəti, eyni zamanda, Almaniyadakı İsrailyönlü hədəflərə qarşı da yönəlib”
Qeyd edək ki, Almaniyanın Federal hökuməti solçu Linke partiyasının sorğusuna cavab olaraq bu barədə rəsmi məlumat yayıb, eləcə də vurğulanıb ki, ölkənin daxili kəşfiyyat xidməti Almaniya, eləcə də İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan 160 nəfərlik casus şəbəkəsini müəyyən edib. “İran İnqilabı Keşikçiləri Qvardiyasının geniş yayılmış casusluq fəaliyyəti, eyni zamanda, Almaniyadakı İsrailyönlü hədəflərə qarşı da yönəlib”, qəzet Federal hökumətin bəyanatından sitat gətirib.
Bu arada daha bir məqamı da xatırlatmaq olar. Daha dəqiq desək, Tehran rejimi qeyd edilənlərlə paralel olaraq bütövlükdə avropalı anti-İran siyasəti yürüdənlərə qarşı amansız repressiyalara əl atır.
Cozef Borrel: “Aİ İranı xarici vətəndaşların həbsinə son qoymağa çağırır!”
Əbəs deyil ki, bugünlərdə Avropa İttifaqının İranda həbs olunan avropalılarla bağlı bəyanatı da səsləndirildi. Aİ-nin xarici siyasət rəsmisi Cozef Borrel deyib: "Aİ İran tərəfindən Avropa Birliyi vətəndaşlarının və Britaniya-Avropa ikili vətəndaşlarının özbaşına həbs edilməsinə qəti şəkildə qarşı çıxır və bu ölkəni siyasi məqsədlər üçün xarici vətəndaşların həbsinə son qoymağa çağırır!"
Lakin təəssüf ki, bu çağırışlara Tehran rejimi tərəfindən ümumiyyətlə etina olunmur, üstəlik təqib, təhdid və repressiya siyasəti daha artırılır. Hazırda İranın həbsxana və zindanlarında onlarla avropalılar saxlanılmaqda və onlara qarşı işgəncələr tətbiq edilməkdədir.

Belə ki, bir müddət əvvəl də, daha dəqiq desək yanvar ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsini pisləmişdi. Həmin bəyanatı bir daha xatırlatmaq yerinə düşərdi. SİTAT: “Avropa İttifaqı İran və Britaniya vətəndaşı Əlirza Əkbərinin İranda edamını ən sərt şəkildə pisləyir. İstənilən şəraitdə belə bir cəza tədbiri ilə razılaşmırıq”.
Beləliklə, faktlar ortadadır və İranın yalnız Avropada deyil, dünyanın müxtəlif ölkələrində terror və casusluq küləyi əsdirməsi fakta çevrilib. Bu baxımdan, həm də öz ölkəsindəki etirazçılara qarşı amansız davranan Tehran rejimi belə davam edərsə öz süqutunu daha da tezləşdirir. Çünki demokratik və çağdaş beynəlxalq aləm də artıq bu cinayətkar rejimin bəşəriyyətə nə qədər təhlükəli olduğunu bəyan edir.
Rövşən RƏSULOV