PDF Oxu

Araşdırma

  • 9 092

Bəşər tarixində vəhşilik aktı: XOCALI SOYQIRIMI

image

PREZİDENT İLHAM ƏLİYEV: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi"

Bəli, bəşər tarixində vəhşilik aktı olan Xocalı soyqırımından 31 il keçir. Lakiq 31 il keçməsinə baxmayaraq Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq və unutmayır da! Çünki bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımların təkrarı olan Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları - erməni-rus hərbi birləşmələrinin törətdikləri qırğının yaraları unudulmur, bu yaralar sağalmır.

XOCALI FACİƏSİ ÖZÜNÜN ƏSL SİYASİ-HÜQUQİ QİYMƏTİNİ YALNIZ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYIDIŞINDAN SONRA ALDI

Bəli, Xocalı soyqırımı törədildiyi dövrdə hakimiyyətdə olan qüvvələr nəinki bu dəhşətli hadisə haqqında beynəlxalq aləmə məlumat vermirdi, əksinə respublika ictimaiyyətindən belə əsl həqiqətləri gizlətməyə çalışırdı. Günahkarlar siyahısında sapı özümüzdən olan baltaların adları da yer alır ki, bunu xalq heç vaxt onlara bağışlamayacaq. Xocalı faciəsi üzərində hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarı dövründə soyqırımı barədə danışılsa da, son nəticədə faciənin günahkarlarının adlarının üstündən sükutla keçdilər. Soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. Çünki hakimiyyətdə olan “bəylərin” də bu soyqırımında rolu ermənilərin, 366-cı motoatıcı alayın və ya Ayaz Mütəllibovun rolundan heç də az deyildi. 2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: “Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o, zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar”.

Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1994-cü ilin fevralında Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı “Xocalı soyqırımı” kimi rəsmiləşdirildi.

Ulu Öndərimiz, daha sonra isə cənab Prezidentimiz İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştrak etdikləri hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi.

Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehoriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Aparılmış məqsədyönlü siyasət sayəsində dünyanın doqquz dövlətinin və ABŞ-ın 20-dən çox ştatının parlamentləri Xocalı soyqırımına həsr olunmuş xüsusi qətnamələr qəbul etmiş, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır

Artıq bu gün Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Artıq erməni yalanları dünya miqyasında ifşa olunmaqda, beynəlxalq aləm Azərbaycan həqiqətlərini görüb etiraf etməkdədir. Son illərdə bir sıra sülhsever dünya dövlətlərinin parlamentləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və tanınmışdır. “Xocalıya ədalət” kampaniyasının fəaliyyəti deməyə əsas verir ki, bu sahədəki fəaliyyətimiz öz haqlı sonluğuna qədər davam edəcəkdir.

BU GÜN BU QİSAS YERDƏ QALMADI…

Bəli, Xocalı kimi faciəvi soyqırımı törədib, azərbaycanlıları yurd-yuvasından didərgin salan ermənilər təsəvvür etmədilər ki, bir gün torpaqların sahibi geri gələcək. 28 illik ağrı-acının, yurd nisgilinin qisas hissi o qədər dərin olacaq ki, geri gəldiklərində verdikləri dərs bütün dünyaya görk olacaq! Bəli, həmin vaxt, məqam yetişmiş, səbir kasası dolmuş xalq bir nəfər kimi Ali Baş Komandanının döyüş əmrini gözləyirdi. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi terrorçu ermənilərə 100 il də unutmayacaqları dərs oldu. Bu döyüş onlara sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında uzun müddət dayanmaq, müqavimət göstərmək mümkün deyil. Zəfərimizin arxasında duran ən böyük gücümüz isə birliyimiz idi: xalq-iqtidar birliyi. Doğrudur, Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramızı qaysaq oldu. Lakin əsrlər keçsə də, heç bir azərbaycanlı erməni vəhşiliyini və xalqımıza qarşı törədilən faciələri unutmayacaq!

Məhz, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı bir daha dövlət başçımızın informasiya sahəsində böyük qələbəsi idi.

AZƏRBAYCAN PREZİDENTİNİN FEVRALIN 26-DA YERLİ VƏ XARİCİ MEDİA NÜMAYƏNDƏLƏRİ ÜÇÜN KEÇİRDİYİ MƏTBUAT KONFRANSI ÖLKƏMİZİN BEYNƏLXALQ İNFORMASİYA MƏKANINDAKI MÜHÜM QƏLƏBƏSİDİR

2021-ci il məhz fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına 4 dildə ətraflı cavab verərək həm Azərbaycan həqiqətlərini, həm də dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırdı. Media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev bildirmişdir ki, bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür: "Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir".

Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirmişdir ki, Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü olduğunu, 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurduğunu, hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir: "Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır".

BİZ İSƏ XOCALI QURBANLARININ İNTİQAMINI DÖYÜŞ MEYDANINDA ALDIQ

Bəli, haqlı ikən haqsız duruma düşdüyümüz vəziyyət artıq arxada qalıb, indi situasiya tam fərqlidir. Prezident İlham Əliyev müraciətində demişdir: "Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq".

Bəli, Ali Baş Komandınımız, Azərbaycan Prezidenti İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə Güclü, Qalib Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı və iqtidar-xlq həmrəyliyi nəticəsində 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən müharibədə Qalib oldu. Ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət qalib gəldi, bir daha göstərdi ki, bütün şəhidlərimizin, Xocalı soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Bəli, bu gün Prezident İlham Əliyevin bu qətiyyəti, diplomatik bacarığı ilə tezliklə Xocalı qətliamına dünya səviyyəsində hüquqi qiymət alacaq. Gec və ya tez hər bir qatil və quldur erməni Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq.

Dövlət başçımızın dediyi kimi: "Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər