İranda hökumətin 40-a yaxın gizli işgəncə mərkəzləri üzə çıxıb, Almaniya vətəndaşına ölüm hökmü verilib
CNN kanalı İslam Respublikası xüsusi təyinatlı qüvvələri tərəfindən işgəncələrə məruz qalan onlarla iranlı etirazçıdan götürdüyü müsahibələrlə bağlı yeni reportajda hökumətin gizli işgəncə mərkəzləri haqqında məlumat əldə edib. İnsanlarda dəhşətlər doğuran videoreportajda qeyd edilən faktlar həqiqətən də tükürpədicidir. Belə ki, işgəncə mərkəzlərinin konkret yeri xəritədə dəqiq coğrafi koordinatlarla göstərilib və bu binalarda həbs edilənlərə qarşı ən aşağılayıcı təhqirlər, eləcə də cinsi təcavüzlər də daxil olmaqla ən qəddar psixoloji və fiziki zorakılıqların həyata keçirildiyi qeyd olunub.
İşgəncələrin həyata keçirilməsi üçün ayrıca öyrədilmiş cəlladlar fəaliyyət göstərirlər
Reportajda bildirilir ki, Tehran rejimi gizli zindanları həm də ona görə istifadə edir ki, oraya salınanlardan lazım olan “etiraflar” əldə olunsun. Bunun üçün də ağlasığmaz işgəncə vasitələri işə salınır. Üstəlik, bu işgəncələrin həyata keçirilməsi üçün ayrıca öyrədilmiş cəlladlar fəaliyyət göstərirlər. Şahidlərin sözlərinə görə, həbs edilən etirazçılar İranda 40-a yaxın qeyri-rəsmi, yəni beynəlxalq aləmdən gizlədilən işgəncə yerləri mövcuddur. Maraqlıdır ki, onların əksəriyyəti hökumətə bağlı olan obyektlərin ərazilərində fəaliyyət göstərir – binaların, hətta məscidlərin zirzəmilərində və s.

Təkcə paytaxt Tehranda 8, Sənandacda 6, Zahedanda 5 belə zindan yeri müəyyən edilib. Bu kimi zindanlardan canlarını qurtara bilmiş şahidlərin sözlərinə görə, məlum işgəncələrdən başqa həbsə məruz qalanlara qarşı tərkibləri və mənşəyi bilinməyən inyeksiyalar edilir, fiziki-cinsi zorakılıqlarla yanaşı, psixoloji təzyiq vasitələri də işə salınır, onlar ailələrinin, övladlarının, yaxınlarının öldürülmələri ilə təhdid olunurlar.
Edam cəzası verilmiş Almaniya vətəndaşı Cəmşid Şarməhdiyə qarşı çoxsaylı və əsassız ittihamlar irəli sürülüb!
Bütün bu kimi faktlarla yanaşı, İranda xarici vətəndaşların, eləcə də ikili vətəndaşların da haqqında çoxsaylı ölüm hökmləri verilməkdədir. Bu günlərdə məlum olub ki, Almaniya vətəndaşı olan iranlı barədə edam cəzası çıxarılıb. Belə ki, təqib olunduqdan sonra ələ keçirilən Cəmşid Şarməhdiyə qarşı çoxsaylı və əsassız ittihamlar irəli sürülüb. Lakin diqqətçəkən məqamlardan biri də budur ki, fevralın 21-də keçirilən məhkəmədə Şarməhdiyə vəkillə təmin olunması icazəsi də verilməyib.

Bu kimi faktlar da sübut edir ki, Tehran rejimi üçün, ümumiyyətlə, insan hüquqlarının nəzərə alınması, hüquqi bazanın mövcud olması sıfır həddindədir. Beləliklə, "terror aktlarının hazırlanması və yönləndirilməsi" ilə məşğul olduğu iddia edilən Almaniya vətəndaşı "ictimai asayişin ciddi şəkildə pozulmasına səbəb olan" hərəkətlərdə də ittiham edilib.
Tehran rejimi tərəfindən bu kimi məsələlərdə əsas hədəfə alınan zümrələrdən biri də jurnalistlərdir!
Məlumatlarda da bildirilir ki, 67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik qüvvələri tərəfindən qaçırılaraq İrana köçürülüb. Onun qızı Qəzalə Şarməhd atasının radio müxbiri olduğunu və sadəcə, xalqın narazılığını əks etdirdiyini deyib və atasına qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirib.

Bu fakt isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, İranın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərində ayrıca qruplar fəaliyyət göstərirlər. Onlar hətta İran vətəndaşı olmayan başqa ölkələrin vətəndaşlarını da hədəfə alırlar. Daha dəqiq desək, Tehran rejiminə qarşı söylənilən ittihamlar sonradan təqiblərə çevrilir və nəticədə iranlı casuslar şəbəkələri etiraz edənləri oğurlayaraq İrana aparır, onlara qarşı qanunsuz məhkəmələr keçirir, ölüm hökmləri çıxarırlar. Bu kimi məsələlərdə əsas hədəfə alınan zümrələrdən biri də təəssüf ki, jurnalistlərdir. Məhz Almaniya vətəndaşının da edam cəzasına məruz qalması onun öz vəzifə borcunu icra etməsi sayəsində hadisələri işıqlandırması olub.
Lakin Tehran rejimi tərəfindən davam etdirilən bu kimi kirli siyasət əvvəl-axır etirazların pik həddinə çatması ilə nəticəsini tapacaq. Çünki molla rejimi artıq bütün qırmızı xətləri keçir və buna görə də beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.
Rövşən RƏSULOV