PDF Oxu

Araşdırma

  • 4 290

Ermənistanda Aİ missiyasına inam yoxdur? SİYASİ RAKURS

image

Politoloq Artur Xaçikyan: “Bu müşahidəçilər silahsızdırlar və mandatlara sahib deyillər”

Məlum olduğu kimi, artıq bu aydan etibarən Avropa İttifaqına məxsus geniş tərkibli müşahidəçilər missiyası birtərəfli qaydada Ermənistanın Azərbaycanla şərti sərhədlərində monitorinqlər keçirməyə başlayıblar. Xatırladaq ki, sözügedən missiya Fransanın prezidenti Emmanuel Makronun uzun sürən təkidi ilə qəbul olunub. Və o da məlumdur ki, Makron Ermənistanın sülh prosesinə müxtəlif bəhanələrlə maneələr yaratmasına bu və ya digər şəkillərdə dəstəyini göstərməkdə davam edir.

Monitorinq missiyasının fəaliyyətə başlayar-başlamaz Ermənistanın istər şərti sərhədlərdə, istərsə də Qarabağdakı separatçılar vasitəsi ilə atəşkəs rejimini pozması da deyilənləri kifayət qədər əsaslandırmaqdadır. Söz yox ki, belə olan vəziyyətdə istər 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli Bəyanatdakı bəndlərin icra edilməməsi ilə yanaşı, sonrakı müddətlərdə və müxtəlif sahələrdə, eləcə də müxtəlif vasitəçilərlə aparılan danışıqlarda əldə edilmiş razılaşmaların nəticəsizliyi rəsmi Bakıya başqa çıxış yolu vermir – ya rəsmi İrəvan öz inadkarlıqlarından əl çəkməlidir, ya da...

Aİ müşahidəçiləri bizi yeni hücumlardan (?-R.R.) müdafiə edə bilməyəcəklər”

Lakin diqqətçəkən nüanslardan biri də budur ki, Aİ-nin monitorinq qrupunun fəaliyyətindən sui-istifadə edərək vəziyyəti gərginləşdirməyə cəhd edən Ermənistanın özündə də missiyanın hər hansı uğura imza ata biləcəyinə inam demək olar ki, qalmayıb. Hətta bu barədə nüfuzlu erməni politoloqları da etiraf etməyə başlayıblar. Misal üçün, politoloq Artur Xaçikyan mövzu ilə bağlı erməni KİV-nə şərh edərkən deyib ki, Aİ müşahidəçiləri erməniləri müdafiə etmək iqtidarında deyillər. SİTAT: “Aİ müşahidəçiləri bizi yeni hücumlardan (?-R.R.) müdafiə edə bilməyəcəklər, onların nə silahları var, nə də mandatları”.

“Onlar burada gördüklərini kosmik kəşfiyyat sistemlərindən, peyklərdən də müşahidə edə bilərdilər”

Xaçikyan hesab edir ki, Aİ müşahidəçilərinin Ermənistana yerləşdirilməlidir, sadəcə, simvolik addımdır və hər hansı gücə malik deyil. Onun sözlərinə görə, əgər müşahidəyə ehtiyac vardırsa, onu digər vasitələrlə də etmək mümkün idi, məsələn, kosmosdan. “Onlar burada gördüklərini kosmik kəşfiyyat sistemlərindən, peyklərdən də müşahidə edə bilərdilər”, deyən erməni politoloqu avropalı müşahidəçilər, sadəcə, erməni xalqının qarşısında “müdafiəçi” illüziyasını yaratmağa çalışırlar ki, sonradan xalq Rusiyanın mövcudluğundan imtina etməyi bacarsın.

Xaçikyan bir ifadə üç hədəfi nəzərdə tutub – həm güclü Azərbaycan tandemini, həm Azərbaycanın hərbi müttəfiqi olan Türkiyənin mövcudluğunu və nəhayət, Cənubi Qafqaz regionundan sıxışdırılaraq çıxarılmasına cəhd edilən Rusiya faktorunu

Xaçikyan Ermənistanın sonradan düşəcəyi vəziyyətin proqnozunu da irəli sürməyi unutmayıb. SİTAT: “Sonra isə, əgər hücum olarsa müşahidəçilər aeroporta gedəcəklər və ardınca Brüsselə uçaraq bu barədə məruzə edəcəklər, biz isə türk ordusu ilə təkbətək qalacağıq”.

Göründüyü kimi, erməni politoloqu bu məsələdə bir ifadə ilə, əslində, üç hədəfi nəzərdə tutub – həm güclü Azərbaycan tandemini, həm Azərbaycanın hərbi müttəfiqi olan Türkiyənin mövcudluğunu və nəhayət, Cənubi Qafqaz regionundan sıxışdırılaraq çıxarılmasına cəhd edilən Rusiya faktorunu. Söz yox ki, belə bir nəticəyə gəlinməyə də bilinərdi, əlbəttə, əgər Ermənistanın mövcud rəhbərliyi kompromislərə doğru qarşılıqlı addımlarını atmağa güc və iradə tapsaydı. Amma göründüyü kimi, regionun taleyini məhz regional dövlətlər həll etməlidirlər və edirlər də. Bu baxımdan, erməni siyasi-ictimai rəyinin Aİ-nin müşahidəçi missiyasına bel bağlamaması da ortada olan bu danılmaz faktlara söykənir. Hər halda Xaçikyan öz proqnozunda yanılmayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər