PDF Oxu

Araşdırma

  • 4 322

Toivo Klaara xeyli suallar var… TƏRS BAXIŞ+ÖZƏL

image

Beləliklə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda oldu və orada Bakını əsla razı salmayacaq ifadələri ilə yadda qaldı. Halbuki bu şəxsin Bakıda da görüşləri planlaşdırılıb və bəri başdan ona ünvanlanacaq bir sıra suallar var.

Cənab Klaar İrəvanda rəsmilərlə keçirdiyi görüşü əsnasında, eləcə də Qarabağın erməni icmasının Bakı ilə dialoqu fonunda tarixi Xankəndi toponimini səsləndirməsi yerinə, sovetlər vaxtı daşnak Şaumyanın adına verilmiş “stepanakert” adını istifadə edib. Suallardan biri də məhz budur: Toivo Klaar, siz Bakıda da “stepanakert” terminologiyasını işlədə bilərsinizmi? Əslində bu sualın cavabı bəri başdan məlumdur - əlbəttə ki, yox. Hətta buna cəhd və cürət belə etməyəcək. Yeri gəlmişkən, cənab Klaarın vətəni Estoniyadır və nəzərə alsaq ki, Estoniya əzəldən, hələ SSRİ-nin tərkibində olarkən də təmsil olunduğu quruluşa qarşı antipatiya hissləri bəsləyirdi, bu zaman o daha bir həqiqəti də dərk etməliydi ki, Ermənistanda səsləndirdiyi və sovetlərə məxsus “stepanakert” terminologiyası Azərbaycan xalqında da hiddət oyadır. Və ya bu gün Toivo Klaara deyilsə ki, onun vətəni Estoniya postsovet məkanının kiçik respublikalarından biri idi, o bu ifadəni necə qarşılayardı..? Əgər müsbət qarşılayırsa onda düşüncələrdə belə bir fikir formalaşmağa başlayacaq ki, Klaar ya Rusiyanın gizli agentdir, ya da SSRİ2.0-ın (yəni bərpasının) tərəfdarıdır. Axı niyə də belə düşünməyək? Çünki bildiyimiz qədər tarix boyu istər Avropada, istərsə də Qərb cinahında SSRİ, yaxud Rusiya agenturasının bayrağı altından keçənlər olub ki..!

Keçək digər sualla bağlı motivə. Toivo Klaar erməni KİV-lərinə verdiyi müsahibəsində Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərinin Bakı ilə dialoqu mövzusunda növbəti ciddi fikir ayrılığına səbəb olacaq ifadə səsləndirib. O, “Qarabağın erməni əhalisi” yerinə “Azərbaycanda yaşayan erməni etnik azlığı” ifadəsini səsləndirsəydi bax onda hər şey tamamilə fərqli təsəvvürdə olardı. Amma təəssüf ki, bu da olmadı...

Daha bir məqam. Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinin qapalı rejimdə keçirildiyini bəyan edən cənab Klaar bunu hansı əsaslara söykənərək deyib? Yaxud, proses kimlər üçün qapalı deyil, açıq görünməlidir? Avropa İttifaqı üçünmü? Maraqlıdır, Aİ-nin Azərbaycanın daxili işləri ilə bağlı Ermənistanla qapalı dialoq aparmasının bu quruma hansı dəxili ola bilər? Bəli, açıq üçtərəfli görüşlər Avropa İttifaqı Şurasının rəhbərliyi ilə keçirilir və həmin görüşlərin keçirilməsi əvvəlcədən razılaşdırılır. Bəs Toivo Klaar bu məsələdə kimdən, nədən və niyə gizlənir? Hər halda nə Azərbaycan, nə də Ermənistan Aİ-nin tamhüquqlu üzvləri deyillər. Ona görə də Bakı nəyi lazım bilsə və heç kimin diktəsinə etina göstərmədən keçirilən görüşlər haqqında həm yerli, həm də dünya ictimaiyyətinə açıq olacaq. Bütün bunların yerinə Toivo Klaar daha yaxşı olardı ki, İrəvan qarşısında Qarabağda yerləşən və bu gün də silahla gəzən qanunsuz erməni silahlıları məsələsini qaldırardı. Görəsən niyə bu haqda danışmadı? Sərf etmədi, yoxsa..?

Reallığa qalanda cənab Klaar başda olmaqla Aİ-nin bütün təmsilçiləri öz bəyanat və açıqlamalarında diqqətli olmalıdırlar. Əks halda onların ciddiyyətləri itməyə başlayır. Baxın, Şarl Mişel bir müddət əvvəl məhz Fransanın müdaxiləsindən sonra pozulmuş Brüssel formatını yenidən dirçəltməyə cəhdlər göstərir və ilkin razılıqlar əldə olunur, Toivo Klaar bu biri tərəfdən ehtiyatsız bəyanatları ilə Bakının qəzəbinə tuş gələcək fikirləri ilə ortaya çıxır – qəsdənmi, yoxsa bilməməzlikdənmi, bunu da zaman göstərəcək. Daha yaxşı olardı ki, cənab Klaar susardı...

Növbəti məsələyə keçid edək. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvandakı çıxışı zamanı deyib ki, əsas hədəf əsrlərdir (?!-R.R.) orada yaşayan Qarabağ əhalisinin (burada etnik erməniləri nəzərdə tutur-R.RŞ) təhlükəsizlikləri məsələsidir”. Halbuki Klaar unutmamalıydı ki, təhlükəsizlik məsələsi yalnız Rusiya Sülhməramlıları Kontingentinin müvəqqəti yerləşdikləri ərazilərdə yaşayan ermənilərə deyil, bu məsələ Qarabağda yaşayan azərbaycanlılara da aid olmalıdır. Və paralel olaraq, Klaar bilməlidir ki, ermənilər əsrlərdir orada yaşamırlar, onlar sadəcə müxtəlif zamanlarda Qarabağa köçürülüblər və əzəli hüquqlara, ümumiyyətlə, malik deyillər!

Üstəlik, bu gün Azərbaycanda hər kəs çox gözəl bilir ki, Qarabağ işğal altında olarkən Tətrəri, Bərdəni, Gəncəni, Mingəçeviri kimlər raket atəşlərinə məruz qoyurdu. Bəs Toivo Klaar azərbaycanlıların qətlini, evlərinin dağılmasını və s. bu kimi məsələləri kriminal cinayət qismində görmürmü? Xankəndidə yaşayan erməni azlığının təhlükəsizlik hüquqları varsa, bu hüquq Şuşaya, Füzuliyə, Cəbrayıla, Ağdama geri dönəcək azərbaycanlılara şamil olunmamalıdırmı?

Suallar çoxdur, hətta lap çoxdur və bu suallara cavab gözləyirik...

Rövşən RƏSULOV

Digər xəbərlər