Prezident İlham Əliyev: “Ciddi qarşılıqlı addımlara ümid bəsləyirik”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya rəsmi səfəri və səfərin ötən ilin fevralında ölkələrimiz arasında imzalanmış Müttəfiqlik haqqında sazişinin ildönümü vaxtına təsadüf etməsi mövcud vəziyyətdə bir neçə məqamları ehtiva etməkdədir. İlkin olaraq diqqətçəkən məqam Cənubi Qafqaz regionunda yaranmış yeni situasiyadır ki, bu fonda həm narahatedici, həm də müsbət amillər mövcuddur. Narahatedici məqam istər-istəməz regionun oyunçularından biri hesab edilən Ermənistanın sülh danışıqları prosesini bu və ya digər bəhanələrlə uzatması cəhdləri, həmin cəhdləri fonunda regiondan kənar qüvvələrlə açıq-aşkar, eləcə də Rusiya əleyhinə fəaliyyətə keçməsidir. Yəni bu kimsəyə sirr olan məsələ deyil ki, Ermənistanın hədəflərindən biri Rusiyanın Cənubi Qafqaz regionundakı rıçaqlarını zəiflətməkdən ibarətdir və proses hazırda Qərbin müəyyən dairələrinin dəstəyi ilə başlayıb – Fransanın dəstəyi və təkidi ilə 100 nəfərlik Aİ missiyasının monitorinq qrupunun Azərbaycanla şərti sərhədlərdə işə başlamaları da bu konteksti əhatə etməkdədir.
Balanslı və müstəqil siyasəti ilə əslində bir çox region və regiondan kənar ölkələrə örnək, nümunə sayılan Azərbaycan bu xüsusda qonşu Rusiya ilə də münbit əlaqələrini inkişaf etdirməkdədir
Halbuki, Ermənistan istər Avrasiya İqtisadi İttifaqı, istərsə də KTMT çərçivəsində Rusiya Federasiyası ilə müttəfiqlik sazişinə malikdir. Bu gün də Gümrüdə fəaliyyətdə olan Rusiyanın 102-ci hərbi bazasının da ölkə ərazisindən sıxışdırılaraq çıxarılması tələblərinin də irəli sürülməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, sərhədlərini başqalarının hesabına qorumağa çalışan Ermənistan regiona Fransa başda olmaqla bir sıra Avropa hərbi kontingentini cəlb etmək planı üzərində iş aparmaqdadır. Məhz bu baxımdan və əsas olaraq Rusiyanın maraqları üzərindən çalın-çarpaz xətlər çəkən sözügedən plan uzun illərdir Ermənistanı sözün əsl mənasında xəritədən silinməsinə imkan verməyən rəsmi Moskvanın haqlı olaraq qıcıqlanmasına səbəblər yaratmaqdadır.
Reallıqları anlayan Rusiya Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək üçün daha çevik fəaliyyətə keçməlidir
Başqa tərəfdən, fakt budur ki, Azərbaycan nəinki regionda, eləcə də dünyada ən etibarlı tərəfdaş, partnyor, habelə işbirliyi quran ölkə kimi tanınmaqdadır. Siyasi, iqtisadi, hərbi və s. sahələr üzrə istənilən ölkə ilə münbit əlaqələr qurmağı bacaran rəsmi Bakı paralel olaraq milli maraqlarının müdafiəsi amilini də daim öndə tutur. Balanslı siyasəti ilə əslində bir çox region və regiondan kənar ölkələrə örnək, nümunə sayılan Azərbaycan bu xüsusda qonşu Rusiya ilə də münbit əlaqələrini inkişaf etdirməkdədir. Xüsusilə, regionumuzun iki mühüm ölkələri – Türkiyə və Rusiya ilə Müttəfiqlik Bəyannamələrinə malik olan Azərbaycan eyni zamanda, özünün uğurlu xarici siyasəti ilə Avropa və Qərb ölkələri ilə də münasibətlərini qurmağa davam edir. Bu reallıqları da anlayan Rusiya Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək üçün daha çevik fəaliyyətə keçməlidir.
Azərbaycan Prezidenti: “Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar”
Mövzu Rusiya ilə əlaqələrə gələndə isə digər diqqətçəkən məqamlar nəzər cəlb edir. Rusiyanın XİN başçısı Sergey Lavrovu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasındakı münasibətləri şərh edərkən vurğulayıb. SİTAT: “Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır”.
Dövlətimizin başçısı başladılmış işlərin uğurla yekunlaşması yönündə fəaliyyətin artırılması vacibliyinə də toxunub və bildirib ki, həmin fəaliyyət növbəti vaxtlarda daha səmərəli şəkildə inkişaf etdirilməlidir. SİTAT: “Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik”.
Ölkə başçısı: “Ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir”
Bu məqamda Azərbaycan Prezidentinin siyasi dialoq faktoruna toxunmasına diqqət çəksək onun Rusiyanın vasitəçiliyinə də önəm verməsi qənaətinə gələ bilərik. Belə ki, istər Aİ, istərsə də digər sahələrdə aparılan danışıqlarla yanaşı, ötən ilin oktyabrında Soçidə keçirilən görüşün də əhəmiyyəti qeyd olinmaqdadır. Ölkə başçımız buna müvafiq olaraq deyib. SİTAT: “Ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir”.
Lavrovla görüşü əsnasında sülhün bərqərar olması yönündə Ermənistanın qeyri-konstruktiv siyasətinin regionun inkişafına ciddi maneələr yaratdığına işarə edən Prezident İlham Əliyev Rusiyanı yalnız yaxın qonşu kimi deyil, həm də dost ölkə qismində görüldüyünü xatırladıb. SİTAT: “Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”.
Bu fikirlərdən isə belə nəticə hasil etmək olar – rəsmi Bakı müəyyən məsələlərdə regiondan kənar siyasi mərkəzlərlə hər hansı mövzunu müzakirə edə, hətta vasitəçilik təkliflərini nəzərdən keçirə bilər, lakin əsas oyunçulardan, habelə vasitəçilərdən biri olmaqla Rusiya faktorunu dəyərləndirir. Təbii ki, rəsmi Moskva da Bakının ona verdiyi dəyərlərini qiymətləndirməli və mövcud prosesdə həm də etibarlılıq prinsipini inkişaf etdirməlidir. Yəni bu kimi münasibətlər yaxın perspektivdə Rusiyanın da maraqlarına cavab verəcək. Xüsusilə, nəqliyyat-kommunikasiya rabitələrinin qurulması prosesi hazırda qarşıda dayanan qlobal məsələlərdən biri olaraq mühümlük təşkil edir.
İlham Əliyev Sergey Lavrova: “Düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq”
O da əbəs deyil ki, Prezident İlham Əliyevin vurğuladığına görə, Azərbaycan və Rusiya arasında münasibətlər tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur. Bu kimi dinamik inkişaf isə həm də dövlətlərarası münasibətlərin daha geniş sferada təşəkkül tapmasına xidmət edə bilər. SİTAT: “Deməliyəm ki, ötən il münasibətlərimizin çox dinamik xarakteri ilə əlamətdar olub. Prezidentlər səviyyəsində bir neçə görüş olub, həmçinin siz Azərbaycana, həmkarınız isə Rusiyaya səfər edib. Ölkələrimizin hökumətlərinin və parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri olub, digər rəsmi şəxslərin səfərləri də. Bunlar onu göstərir ki, münasibətlərimiz tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur və düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq. İlin əvvəlində bizə səfər etməyiniz də bu il qarşılıqlı fəaliyyətimizə xüsusi dinamika verəcək".
Sergey Lavrov: “Ermənistan tərəfi hələlik yekun razılığı verməyib”
Yeri gəlmişkən, Sergey Lavrov Bakıya rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla da ikitərəfli görüş keçirib. Əbəs deyil ki, Lavrov Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın növbəti üçtərəfli görüş keçirməsinə hazır olduğunu ifadə edib, lakin Ermənistan tərəfinin hələ də görüş haqqında yekun razılığının olmadığını bildirib. “Azərbaycan tərəfi üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib”, deyə Rusiyanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransı keçirərkən vurğulayıb. SİTAT: “Biz dəfələrlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə görüşmək üçün meydança təqdim etmişik. O cümlədən, ötən ilin dekabrında razılıq vardı ki, həmkarlarımızın Rusiya ərazisində növbəti görüşünü keçirək. Ceyhun Bayramov hadisələrin sonrakı inkişafını xatırlatdı. Erməni həmkarlarımız bu tədbirdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz belə görüşü keçirməyə hazır olduğumuzu təsdiqlədik. Azərbaycan tərəfi də buna hazır olduğunu bildirib. Ermənistan tərəfi də buna etiraz eləmədiyini deyib, lakin hələlik yekun razılığı verməyib. Düşünmürəm ki, biz öz xidmətlərimizi təklif etməkdə təkid edəcəyik. Lakin bu təkliflər hər iki tərəfə yaxşı məlumdur”.
Beləliklə, rəsmi Bakı öz mövqeyini bir daha nümayiş etdirdi və Rusiya ilə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu ifadə etdi. O cümlədən, Moskvanın da bu addımları dəyərləndirməsi ilə yanaşı həm də sübut olundu ki, regional siyasi-iqtisadi inkişafın əldə edilməsinin əsas güc mərkəzi məhz Azərbaycandır. Daha dəqiq yekunlaşdırsaq sülhə və inkişafa doğru gedən bütün yollar Bakıdan keçir.
Rövşən RƏSULOV