PDF Oxu

Araşdırma

  • 3 804

Ağalıya növbəti köç - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "İstəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək"

Prezident İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Belə ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən il mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı dövlət başçısı Qarabağımıza «Böyük Qayıdış»ın rəmzi olan, Zəngilanın Ağalı kəndinin “Ağıllı kənd” layihəsi ilə yenidən qurulmasının başa çatması ilə əlaqədər Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə demişdir ki, Müstəqillik Günü ərəfəsində burada olmalı idimi: "Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq".

“Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
"Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir»,-deyən Azərbaycan Prezidenti bildirib ki, bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil: «Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.

AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI ÖZ DAXİLİ MALİYYƏ MƏNBƏLƏRİ HESABINA REALLAŞDIRIR

Bəli, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.

O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin böyük iqtisadi potensialı var. Bu potensialın reallaşdırılması üçün işğaldan azad olunmuş ərazilərdə yeni müəssisələr tikilməli, sahibkarlıq fəaliyyətləri qurulmalıdır. Bu fəaliyyətlərin uğurla qurulması üçün investorları stimullaşdıracaq uzunmüddətli vergi və gömrük güzəştləri tətbiq olunacaq. Proqramın icrası müddətində işğaldan azad olunmuş torpaqlarda yaradılacaq yeni istehsal sahələri bu ərazilərə qayıdacaq insanların işlə təmini məsələlərini də qabaqcadan həll etməyə kömək edəcək.

Həmçinin, Dövlət Proqramının əsas hədəfləri həm infrastrukturun formalaşdırılması, yenidən qurulması, həm iqtisadiyyatın formalaşması və reinteqrasiyası, sosial inkişaf, həm də ətraf mühitdə tarazlığın qorunması, “yaşıl iqtisadiyyat”ın formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, işğal müddətində Qarabağ və Şərqi Zəngəzurda infrastruktur tamamilə dağıdılıb. Onların yenidən qurulmasına ehtiyac var və bu istiqamətdə də intensiv şəkildə işlər gedir. Həmçinin, Proqramda “yaşıl iqtisadiyyat”, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına uyğun olaraq yaşayış məntəqələrinin salınması, alternativ enerji mənbələrindən daha çox istifadə edilməsi nəzərdə tutulub. Buraya ətraf mühitin qorunmasına və işğal müddətində Ermənistanın törətdiyi ekoloji soyqırımdan sonra ekologiyanın yenidən formalaşması, yaşıllıqların artırılması kimi hədəflər daxildir. Bütövlükdə Proqramın əsas özəlliyi ondan ibarətdir ki, sənəddə konkret hədəflər və fəaliyyətlər müəyyən olunub. Hər fəaliyyətə məsul olan dövlət qurumu müəyyənləşdirilib. Bir sözlə, I Dövlət Proqramının imzalanması birmənalı şəkildə qayıdış prosesinin daha da sürətlənməsinə şərait yaradacaq.

QISA ZAMANDA GERÇƏKLƏŞDİRİLƏN VƏDLƏR

Dövlət başçımızın dediyi kimi: "Tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək". Bəli, Böyük Qayıdışın ilk addımı olaraq Ağalı kənd sakinlərinin ilk qrupu 19 iyul 2022-ci ildə Şərqi Zəngəzurun Zəngilan rayonuna köçürülüb. Sentyabrın 7-də isə Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb və Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüb. On iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Sentyabrın 9-da isə ikinci köç karvanı ilə digər 13 ailənin məcburi köçkünlük həyatı başa çatıb.

Bu gün isə, Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti 3-cü mərhələsi başlayıb. Bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülür. Onlardan 50 nəfərdən ibarət 10 ailə bu gün yola düşüb, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürüləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur.

ZƏNGİLAN ÖZÜNÜN YENİ DÖVRÜNÜ YAŞAYIR

Bəli, bu gün Zəngilan özünün yeni dövrünü yaşayır. İşğaldan azad olunduqdan sonra həyatın canlandığı Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışının davam etməsi prosesinə şahidlik etməyimizin özü də ayrı bir xoşbəxtlikdir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana qayıdışın ikinci mərhələsi çərçivəsində neçə-neçə ailənin məcburi köçkün həyatına son qoyulub, onlar artıq bu adla vidalaşıblar. Bütün bu uğurlar, məhz müharibədən sonra dövlətimizin dərhal düzgün istiqamət götürüb quruculuq-bərpa işlərinə start verməsi oldu. 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev bəyan edirdi ki, ənənəvi infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir, ona görə əsas diqqət işğaldan azad edilmiş torpaqlara yönəldilməlidir. Bütün bunlar gerçəkləşdi və Azərbaycanın prioriteti Qarabağa qayıdışdır və Qayıdışın tam olaraq icra edilməsidir. Təbii ki, təkcə Zəngilanın Ağalı kəndinə deyil, işğaldan azad olunmuş bütün şəhər və rayonlara Böyük Qayıdış həyata keçiriləcək. Əlbəttə, kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq, yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər və o yerlərdə həyatın rəngi, ahəngi dəyişəcək. Heç şübhəsiz ki, Azərbaycan dövləti onların layiqli həyatını təmin edir və edəcək də. Böyük Qayıdışa xidmət edən layihələrin icrası olduqca sürətlə gedir və mərhələli şəkildə qayıdışın addımlarını eşidirik. 2022-ci il Azərbaycan tarixinə böyük qayıdış ili kimi düşəcək. Məlumata görə, İkinci Ağalı kəndi ərazisində də inşa edilən "ağıllı kənd"'də 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərədə tutulan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi başa çatıb. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub.

BİZ GÜCLÜ OLMASAQ, İSTƏDİYİMİZ KİMİ YAŞAYA BİLMƏRİK

Dövlət başçısı Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında dünyada güc amilinin ön planda olması və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsinə toxunaraq bildirdi ki, bu gün güc amili ön plandadır: "Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də".

Bəli, dövlət başçımızın söylədiyi kimi, biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur.

Bəli, bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Və bu gün hamı "Böyük Qayıdış" gözləyir, o günə çox az qalıb...

Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər