Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.
Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir.
Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür.
Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.
Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.
Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.
Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.
Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün – 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir.
Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.
Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.
Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi- texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir.
Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir- birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi- mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Rövşən Quliyev,
Xızı rayon Statistika idarəsinin rəisi,
Statistika ərazi partiya təşkilatının sədri