Hazırda dünyanın ən çox diqqət mərkəzində Rusiya xarici işlər naziri Segey Lavrovun Bakıya səfərinin olduğunu söyləsək, yanılmarıq. Çünki bu səfər çərçivəsində səsləndirilən fikirlər və həmin fikirlərin İrəvanda əks-sədası həqiqətən də diqqəti cəlb edir. Lavrovun Bakıdan səsləndirdiyi fikirlər ermənilərə hədd bildirmək baxımından daha effektiv olub və Simonyanın ifadələrindən də görünür ki, bu ifadələr heç də təsirsiz olmayıb, əksinə, onların kürklərinə birə salıb.
İndi ermənilər açıq şəkildə iddia edirlər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük səfəri Moskvadan İrəvana açıq-aşkar demarş və xəbərdarlıqdır. Onlar rusları neytral olmamaqda ittiham da edirlər və Moskvanın Bakıya meyilli olması, Azərbaycanın maraqlarını üstün tutmaqda davam etməsi qənaətindədirlər. Sözsüz ki, bu qənaətə gəlməkləri də səbəbsiz deyil, çünki Rusiyaya qarşı o qədər xəyanətlər ediblər ki, bağışlanılmayacaqlarına ən çox özləri əmindirlər. Ermənistana məxsus mətbuat səhifələri Rusiyanın Azərbaycana maraq göstərdiyini, ölkəmizin tərəfində olduğunu yazırlar və qeyd olunur ki, Moskva açıq-aşkar Bakıya doğru əyilir, oradan İrəvanı Lavrovun barmağı ilə hədələyir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistanda hərbi mövcudluğunun təhlükəsizliyə təhdid olduğunu və Avropa İttifaqının missiyasının mövcud qorxuların qarşısını ala biləcəyi barədə bəyanatını şərh edən Rusiya diplomatiyasının rəhbərinin, “Ermənistan liderinin bəyanatı tamamilə onun vicdanındadır”, deməsi təsadüfi ifadə deyil. “Xidmətlərimizi təklif etməkdə çox israrlı olacağımızı düşünmürəm”, deyən Lavrov bununla Ermənistana xəbərdarlıq edir ki, bundan sonra həmin ölkə üçün heç də hansısa köməklik göstərilməyəcək. İndi erməni cəmiyyəti hesab edir ki, Lavrov Ermənistan tərəfinin Moskvada keçirilməli olan növbəti üçtərəfli görüşə hələ də yekun razılıq verməməsinə görə də qəzəblidir. Hətta bu cəmiyyət, Mirzoyanı ötən ilin dekabr ayında Moskvada üçtərəfli görüş üçün Moskvaya göndərməkdən imtina etdiyinə görə Rusiya XİN rəhbərinin İrəvana qarşı kin saxladığı qənaətindədir. Amma əslində, o qənaətdə olmalı idi ki, 44 gün ərzində istər hərbi texnika və silah-sursat, istər hərbi qüvvə, istər maddi baxımdan tamamilə tükənən, məğlub olan ölkəni məhv olma təhlükəsindən xilas edən Rusiyaya qarşı Ermənistan açıq-aşkar xəyanət etməkdə davam edir və üçtərəfli danışıqlara hələ də yekun razılıq verməməklə həm saymazlıq, həm hədsizlik, həm də nankorluq edir və Rusiya tərəfinin buna adekvat cavabı məntiqi, eləcə də gözləniləndir.
Məsələ burasındadır ki, Ermənistan tərəfi proseslərdən düzgün, doğru nəticə çıxarmaq əvəzinə hələ də manipulyasiyalara üstünlük verir. Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunur ki, Lavrovun Bakıdan Ermənistana hücumlarına rəsmi İrəvan bu ölkənin Milli Məclisinin spikeri Alen Simonyanın dili ilə reaksiya verib. “Rusiya daha təmkinli olmalı və Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilməyəcəyini etiraf etməlidir”, deyən Simonyanın həyasızlıq dərəcəsi ifadələrindən bəllidir. Çünki mövcudluğu dövründə Ermənistanın təhlükəsizlik məsələlərini həll edən elə Rusiya olub və indi bunu inkar etmək üçün ən azından Simonyan qədər həyasız və hədsiz olmaq gərəkirdi ki, görünür, Paşinyan hakimiyyəti belə birini tapmağa müyəssər olub.
“Düşünürəm ki, hər hansı digər bir tərəf müsbət bir şey etməyə çalışarkən Moskvadan gələn reaksiyalar bir az lazımsızdır. Moskvanın bəyanatları bir az daha sakit, təmkinli olmalıdır və onlar başa düşməlidirlər ki, Ermənistanın öz maraqları və təhlükəsizlik problemləri var, hansı ki, geosiyasi dəyişkənliklərə, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq, təmin edilməlidir”, deyə Simonyan bildirib və əslində, bununla o qorxularını, ölkəsinin hansısa təhlükə qorxusunu faş edib. Deməli, rəsmi İrəvan dalana dirəndiyinin fərqindədir. Doğrudur, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq, işğalçı ölkə öz məğlubiyyətindən sonra dalana dirənmişdi, bunu inkar etməyə çalışsa da. Amma görünən odur ki, bu dalan artıq get-gedə daralmaqda davam edir və bunu həmin ölkənin səlahiyyətlisi öz ifadələri ilə ortaya qoymuş oldu.
Simonyan öz ifadələrində bildirib ki, guya Ermənistanın Rusiyanı regiondan çıxarmaq üçün Avropa İttifaqından bir alət kimi istifadə etməsi barədə deyilənlərlə razı deyil. Bir sözlə, erməni səlahiyyətlisi rəsmi İrəvanın Qərb oyununun qaydalarını qəbul etməsi ilə bağlı deyilənlərlə razılaşmır. Guya Ermənistan indi heç bir oyun oynamır və bu ölkə guya “aydan arı, sudan duru” imiş. Hətta Rusiyanın əhəmiyyətini də guya yüksək qiymətləndirdiyini Simonyan bildirib. Maraqlıdır, bura qədər dedikləri ilə bu ifadə təzad təşkil edir axı. Yaxşı bəs belə təzadlı fikir söyləməkdə məqsəd nə ola bilər? Sözsüz ki, Ermənistan tərəfi Rusiyadan həm qorxur, həm yenə də istifadə etmək arzusundadır, həm də hələ Avropanın, Qərbin dəstəyinə ümid edə bilmir deyə, el dili ilə desək, bir “əl yeri” saxlamaq fikrindədir.
Erməni spikerin sözlərindən belə çıxır ki, guya Ermənistan anti-Rusiya koalisiyasına qoşulmayıb, amma bu ifadə onun həqiqəti söyləməsi demək deyil, bu, qorxunun təzahürüdür. Qərblə Rusiya arasında toqquşma platformasına çevrilmək qorxusu spikerin ifadələrindən dərhal hiss olunur. Həqiqətən də Ermənistan hakimiyyəti ölkəni dəqiq demək olmasa da, əlbəttə ki, özünü qorumaq istəyir. Bu məqsədlə istər Avropa İttifaqı olsun, istər ABŞ olsun, istər Hindistan olsun, istərsə də Rusiya, yaxud Çin olsun, bunu kiminlə edəcəyi qətiyyən Ermənistan, ermənilər üçün fərq etmir və heç şübhəsiz ki, bu, yenə də qorxudan irəli gəlir. Qorxu da səbəbsiz, təsadüfi deyil, görürlər və anlayırlar ki, İrəvanın dirəndiyi dalan daralmaqda davam edir.