PDF Oxu

Araşdırma

  • 4 844

Tehran rejiminin növbəti hədəfi – məktəbli qızlar! TERROR?

image

Ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən məktəblərdəki şübhəli zəhərlənmə hadisələri beynəlxalq aləmi narahat edir

Artıq üç aydır ki, ardıcıl olaraq İranın 10-dan çox şəhərlərində fəaliyyət göstərən onlarla məktəblərdə təhsil alan məktəbli qızların şübhəli şəkildə zəhərlənmə faktları üzə çıxmaqdadır. Artıq ağır kimyəvi-qaz zəhərlənmələrinə məruz qalan qız uşaqları arasında ölənlər də var ki, sözügedən fakt yalnız ölkədəki insanları deyil, həm də beynəlxalq aləmi ciddi şəkildə narahat etməyə, təlaşlandırmağa başladıb. Zəhərlənmə faktları ilə bağlı aparılan qeyri-rəsmi araşdırmalar da göstərir ki, məsələnin kökündə zəhərli kimyəvi qaz məhlulu dayanır.

Məsələnin get-gedə böyüməsi isə məktəbli qız Fatimə Rezainin kimyəvi qazdan zəhərlənərək həyatını itirməsindən sonra daha da aktuallaşdı

Digər tərəfdən, insidentlərin yaşandığı ərazilər də nəzərə alındıqda qənaətə gəlinən ilk nəticə belədir: İran məktəbləri kütləvi olaraq kimyəvi terror hücumlarına məruz qalır. Və maraqlı məqamlardan biri də budur ki, İranın xüsusi xidmət əməkdaşları baş verən hadisələrlə bağlı apardıqları “araşdırmaların” nəticəsiz qaldığını deyir və nəyin baş verdiyini anlamadıqlarını bildirirlər. Sözügedən məsələnin get-gedə böyüməsi isə məktəbli qız Fatimə Rezainin kimyəvi qazdan zəhərlənərək həyatını itirməsindən sonra daha da aktuallaşdı.

Hakimiyyət isə özünü sığortalayaraq belə bir bəyanat yaydı. SİTAT: “Məktəbli qızların ardıcıl zəhərlənmələrini, onların fiziki və psixiki təsirlərə məruz qaldıqlarını nəzərə alaraq məktəblər onlayn təhsil rejiminə keçməlidirlər”.

Dəhşət doğuran belə bir olaylardan sonra Tehran hökumətinin sadəcə belə bir “qərar” verməsi isə növbəti sualları, həmçinin iddiaları ortaya çıxarmış olur...

Məktəbli qızların zəhərlənmələrə məruz qalmaları həm də onların təhsil almalarının qarşısını almağa yönəlmiş üsuldur

Məhz ilk ağıla gələn də budur ki, həmin hadisələrin təməlində hakimiyyətin özü dayanmaqdadır. Məqsəd isə budur – kütləvi etirazların artmasının qarşısını almaq üçün məktəblər bağlanmalıdır. Çünki məcburi hicab məsələsinə etiraz edənlərin də əksəriyyəti elə məktəbli qızlardır. Xüsusilə onların məktəb siniflərində İranın ali dini liderlərinin şəkilləri qarşısında başları açıq və s. xarakterli pozalar göstərmələri Tehran rejiminin vəhşi üsula – qazla kimyəvi zəhərlənə terror vasitəsinə əl atmasına səbəb olmaqdadır.

Bu arada, BBC-nin də verdiyi məlumat diqqət çəkməkdədir. Media qurumu İranda Noyabrdan bəri ən azı 700-ə yaxın qızın zəhərləndiyini müəyyən edib. “İranlı məktəbli qızları kim zəhərləyir?” sərlöhvəli yazıda bildirilir ki, hökumətin “rəsmi versiyaları” ilə yanaşı İran cəmiyyətində daha konkretləşdirilmiş nəticələr yaranır ki, məktəbli qızların zəhərlənmələrə məruz qalmaları həm də onların təhsil almalarının qarşısını almağa yönəlmiş üsuldur. Övladlarına görə təlaşlanan valideynlər hesab edirlər ki, bu, birbaşa hakimiyyətə bağlı olan radikal qrupların işidir. Bu baxımdan BBC də sual edir – görəsən, məktəbli qızların azadlıqları uğrunda anti-hökumət etirazlarında iştirakları, sonradan isə zəhərlənmələri radikal qrupların onlara verdiyi cavab sayıla bilərmi?

İran ictimaiyyətinin digər kəsimi isə belə qənaətə gəlir ki, zəhərlənmə vasitəsi islam fundamentalistliyini təşkil edən Əfqanıstan “Talibanının”, yaxud Nigeriya “Boko Haramının” təhdid etmə, qorxutma taktikalarıdır ki, insanlar öz qız övladlarını təhsil almağa yönəltməsinlər. O da əbəs deyil ki, İrandakı hüquq müdafiəçilərinin iddialarına görə, insidentlərin arxasında “Hazarexqara” adlı dini və anti-monernist şəbəkə dayanır ki, onun məqsədi qadın təhsilinin qarşısını almaqdan ibarətdir və bu şəbəkənin də gizli olaraq İranın hakimiyyət dairələrinə bağlı olan qollarının olduğu istisna edilmir.

Etirazlar artır!

O da qeyd edilir ki, İranın dini mərkəzi sayılan Qum şəhəri kütləvi zəhərlənmənin episentrindədir, lakin belə hücumlar ölkə boyunca daha səkkiz şəhərdə baş verib. Hadisələrlə bağlı ictimai narazılıqlar isə artmaqdadır. Belə ki, ilk zəhərlənmə halları 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyinin 18 şagirdinin xəstəxanaya yerləşdirilməsi vaxtı qeydə alınıb. Ondan bəri bölgədə daha 10-dan çox məktəbli qız zəhərlənib.Fevralın ortalarında ən azı 100 nəfər Qum qubernatorluğu qarşısında etiraz aksiyası keçirib.

“Uşaqlarımın təhlükəsizliyini təmin etməlisiniz! Mənim iki qızım var”, sosial şəbəkələrdə yayılan etiraz videolardan birində qışqıran atanı görmək olar. “İki qızım... və mənim onları məktəbə buraxmamaqdan başqa çarəm yoxdur..."

"Bu, müharibədir!", eyni videodakı qadın deyir. "Qumdakı qızlar liseyində bunları edirlər ki, bizi evdə oturmağa məcbur etsinlər. Qızların evdə qalmasını istəyirlər!"

Bəzi valideynlər isə zəhərlənmədən sonra uşaqlarının həftələrlə xəstə qaldığını deyir.

Xəstəxanadan çəkilən başqa bir videoda yeniyetmə qızının yatağı yanında danışan ananı görmək görmək olar. “Əziz analar, mən anayam və uşağım xəstəxana çarpayısındadır, onun əl-ayağında gücü qalmayıb”, deyə ana deyir.

"Onu çimdikləyirəm, amma heç nə hiss etmir. Xahiş edirəm, uşaqlarınızı məktəbə göndərməyin".

Qum şəhərinin qubernatoru ilə görüşlərdən birində iki dəfə zəhərləndiyini vurğulayan məktəbli qızın dedikləri isə rejim tərəfindən verilən rəsmi açıqlamalarının nə qədər qeyri-müəyyən və yanlış olduğunu göstərir. "Onlar [rəsmilər] hər şeyin yaxşı olduğunu, istintaqın keçirildiyini deyirlər. Ancaq atam məktəbdə sual verəndə, ona bildiriblər ki, müşahidə kameraları artıq bir həftədir işləmir və hadisəni araşdıra bilmərik", deyə məktəbli qız əlavə edir və onu da bildirir ki, hətta məkbət direktoru onun yerinə cavab verir, yalan məlumat ötürür: "Bazar günü ikinci dəfə zəhərləndiyim zaman məktəb direktoru, “ürəyində problem var deyə xəstəxanaya yerləşdirilib” dedi. Halbuki mənim ürəyimlə bağlı heç bir problemim yoxdur!”.

Beləliklə, İranda baş verənlər artıq belə nəticəyə də gəlməyə kifayət qədər zəmin yaradır ki, ölkə hakimiyyəti öz xalqına qarşı amansız terror aktlarına əl atmaqdan çəkinmir və bu reallıq, əslində, Tehran rejiminin çöküşü prosesini daha da sürətləndirir.

Rövşən RƏSULOV

Digər xəbərlər