PDF Oxu

Araşdırma

  • 4 858

“SƏS” TV-yə qarşı hücumun arxasında dayananlar hansı qüvvələrdir? ANALİTİK+AKTUAL

image

Mümkün ehtimallar hədəfləri müəyyən edir

Ölkəmizdə fəaliyyət göstərən nüfuzlu saytlara qarşı törədilən kiberhücumlar faktı ilk dəfə deyil ki, baş verir. Lakin bu günlərdə “SƏS” media qrupunun tərkibində fəaliyyət göstərən və 11 ildir özünə yüz minlərlə izləyici auditoriyası toplayan “SƏS” TV-nin kiberhücuma məruz qalmaqla YouTube kanalından tamamilə silinməsi illər ərzində əldə edilmiş uğurları necə deyərlər, bir anda yox edir. Qeyd edək ki, “SƏS” TV ilə yanaşı, “Yeni Müsavat”ın da media qrupuna məxsus YouTube kanalı eyni aqibəti yaşayıb və bu xüsusda müxtəlif ehtimallar yaranmağa başlayır. Həmin ehtimalları sadalayana qədər xatırladaq ki, artıq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi insidentlə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, YouTube kanallarımıza haker hücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir: “1 mart 2023-cü il tarixində Azərbaycanın “SƏS” və “Yeni Müsavat” media qruplarına məxsus “YouTube” platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalmış, onların arxivi silinmişdir. Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “SƏS” və “Yeni Müsavat” media qruplarının “YouTube” kanallarına haker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir və bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır”.

Qeyd edək ki, Mətbuat Şurası da insidentlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, "Müsavat TV” və “SƏS” TV haker hücumuna məruz qalıb. Bu media orqanlarının emailləri ələ keçirilib, bazaları silinib: “Mətbuat Şurası ölkəmizin digər aparıcı kütləvi informasiya vasitələrinin də oxşar xoşagəlməz aqibətlə üzləşəcəyi ehtimalının yaranmasından narahatdır. Hadisənin, demək olar, eyni vaxtda baş verməsi belə bir təhlükənin mövcudluğundan xəbər verir".

Bildirilib ki, baş vermiş hadisə kiber hücumlara qarşı mübarizəyə ciddi yanaşmağı aktuallaşdırmaqdadır: "Hadisə, eyni zamanda, kiber təhlükəsizliyin təminatına yönələn məqsədyönlü, ardıcıl və təxirəsalınmaz tədbirlərin görülməsi, hazırda həyata keçirlən işlərin gücləndirilməsi zərurətini doğurmaqdadır. Yalnız adını çəkdiyimiz media orqanlarının deyil, ümumilikdə, milli resurslarımızın bazalarının qorunması, həm də ölkəmizin informasiya təhlükəsizliyinin mühüm komponentidir. Hadisə onu da göstərir ki, media orqanlarımızın öz bazalarını milli resurslarda yerləşdirmələrinə ehtiyac var. Ötən illərin də təcrübəsi bu baxımdan xarici ölkələrdəki xidmətlərdən istifadənin kifayət qədər effektiv olmadığını, maksimum təhlükəsizliyə zəmanət vermədiyini söyləməyə əsas verir. Mətbuat Şurası ölkəmizin aparıcı media qurumlarını bunu nəzərə almağa, mövcud istiqamətdə fərdi tədbirlər görməyə çağırır.

Mətbuat Şurası, həmçinin, aidiyyatı dövlət orqanlarını baş vermiş hadisəyə həssas yanaşmağa, onun araşdırılması, tez bir zamanda hüquqi qiymətin verilməsi, günahkarların tapılaraq məsuliyyətətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirməyə çağırır. Şura əmindir ki, müvafiq strukturlar digər media orqanlarımızın da eyni xoşagəlməz hallarla üzləşməmələri üçün fəaliyyətlərini daha da gücləndirəcəklər".

Bəs yuxarıda da qeyd etdiyimiz kimi, ehtimallar hansılardır? Yaxud, bu hücumların arxasında dayanan haker qüvvələrinin müdaxiləsi hansı dairələrin sifarişləri ilə həyata keçirilə bilər? Təbii ki, ilk ağla gələn tərəf Ermənistan və bu ölkənin havadarlarıdır. İstər 44 günlük müharibədən əvvəl, istərsə də sonrakı dövrlərdə Ermənistanın xüsusi xidmət orqanlarına bağlı olan haker qrupları dəfələrlə düşmənçilik mövqeyindən çıxış etməklə aparıcı saytlara və internet resurslarına hücum cəhdləri ediblər. Hazırda da Ermənistanın siyasi cəhətdən yovuşmazlığı, eləcə də Azərbaycana qarşı revanşizm siyasəti yürütməsi cəhdləri mövcud olduğu üçün, mövcud insidentin məhz həmin ölkəyə bağlı hakerlər qrupu tərəfindən törədildiyi qənaətinə gələ bilərik. Üstəlik, Ermənistanın havadarları olan Fransa və s. kimi ölkələrdə də fəaliyyət göstərən kibercinayətkarların bu məsələdə əllərinin olması şübhəsi yüksəkdir.

Digər mümkün ehtimal isə İrandır. Belə ki, bu ölkədə fəaliyyət göstərən səfirliyimizin terror hücumuna məruz qalması, ümumiyyətlə Tehran rejiminin həm 30 illik işğal dövründə, həm də torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistana havadarlığı barədə isə internet resurslarında minlərlə informasiyalar var.

Bu gün kibercinayətlərə əl atan, səfirliyimizə, orada çalışan insanlarımıza qarşı terror aktı düzənləyən terrorçular jurnalistlərimizi, media adamlarımızı da hədəfə ala bilərlər

Bu gün İranda yaşayan milyonlarla soydaşlarımızın Milli Hökumət qurmaq ideyalarını, eləcə də, bu ölkədəki azsaylı xalqların azadlıq mücadilələrini hüquqlarını hürriyyət və istiqlallarını, habelə layiq olduqları istiqballarını müdafiə edən aparıcı mtbuat qurumları sırasında "SƏS" media qrupunun aparıcı mövqeyə sahib olması da çox yəqin ki, Tehran rejimini hiddətləndirən amillərdən biridir. Hətta istisna etmək olmaz ki, bu gün kibercinayətlərə əl atan, səfirliyimizə, orada çalışlan insanlarımıza qarşı terror aktı düzənləyən terrorçular jurnalistlərimizi, media adamlarımızı da hədəfə ala bilərlər. Yəni hazırda hücuma məruz qaldığımız kiber-terror faktı da deyilənləri təsdiq edir.

O cümlədən, unutmamalıyıq ki, İran hakerlərinin daha əvvəllər də Azərbaycanın internet məkanına kiberhücumları haqqında da məlumatlar kifayət qədərdir. Lakin inandırıcı görünən ehtimallardan biri də budur ki, TV-mizin YouTube kanalının silinməsi arxasında məhz bu kimi qüvvələr dayanıb.

Rövşən RƏSULOV

Digər xəbərlər