PDF Oxu

Araşdırma

  • 6 642

“Altılı masa”nın “Millet İttifakı” niyə narahatdır? ANALİTİK

image

Hakim Ak Parti seçkilər ərəfəsindəki reytinqlərini yüksəltməyə nail olub

Türkiyədə baş vermiş dağıdıcı zəlzələ fəlakətindən sonra seçkilər ərəfəsində olan ölkədə bu prosesin təxirə salınacağı barədə, yaxud seçkilərin daha gec vaxta təyin olunması ətrafında müxtəlif mülahizələr irəli sürüldü. Xüsusilə “Altılı masa” və ya “Millet İttifakı” adlandırılan və özündə 6 müxalifət partiyasını birləşdirən koalisiya hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti-R.R.) eləcə də koalisiyada olduğu Milli Herakat Partisinin (Milli Hərəkat Partiyasının - MHP-R.R.) vəziyyətdən istifadə edərək seçkilərin gec vaxtlara təyin olunacağı iddialarını irəli sürürdülər. Lakin həmin iddialara, eləcə də zəlzələ fəlakətinə rəğmən, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 may tarixində keçiriləcəyini bəyan edib. Qeyd edək ki, bundan əvvəl seçkilərin tarixi 2023-cü ilin 18 iyun tarixinə elan edilmişdi.

Müxalifət koalisiyasında təlatümlər bitmir, toplantılar yekun qənaətə vara bilmir, Kılıçdaroğlu-Akşener arasındakı vahid namizəd savaşı isə qızışır

Bu arada, “Altılı masa”da təlatümlər bitmir. Belə ki, indi də vahid namizəd məsələsində ciddi fikir ayrılıqlarının olması barədə məlumatlar yayılmaqdadır. Türkiyə KİV-lərinin yazdıqlarına görə, müxalifət liderləri arasındakı rəqabət Cümhuriyyət Xalq Partiyasının (CHP-R.R.) sədri Kemal Kılıçdaroğlu ilə İyi Partinin sədri Meral Akşener arasında gedir. Baxmayaraq ki, müxalifət koalisiyası bugünlərdə birgə bəyanatla çıxış ediblər və vahid namizədin martın 6-da elan ediləcəyini bildiriblər.

Məhz bu zaman kəsimində partiyalararası qızğın müzakirələr zaman-zaman siyasi qarşıdurmalarla, ittihamlarla əvəzlənməkdədir. CHP-nin himayəsi ilə fəaliyyət göstərən Halk TV isə məlumat verib ki, 6 partiyalı koalisiya qaşırdan gələn bazar ertəsi günü yenidən toplaşacaq və prezidentliyə vahid namizədin kim olacağı müəyyənləşəcək.

Maraqlıdır ki, koalisiyada təmsil olunan digər partiya liderlərinin fikirləri üst-üstə düşmür. Misal üçün, “SAADET” partiyasının sədri Bülent Kaya isə öz növbəsində bildirib ki, vahid namizədin kimliyi mart ayının 10-da ictimailəşdiriləcək.

Kılıçdaroğlunun “Başlayırıq” kampaniyası başladı və dərhal da sona çatdı?

Bu arada, CHP-nin tərəfdarı olaraq fəaliyyət göstərən Tele1 kanalı müxalifətin toplantısı zamanı aparıcı bildirib ki, Kılıçdarğlunun adından başqa heç bir ad çəkilməyib. Ancaq İyi Partinin lideri Meral Akşener öz növbəsində səs çoxluğunun verdiyi qərara tabe olacağını bəyan etsə də sonradan onu da bildirib ki, həmin məsələni öz partiyası daxilində də müzakirə edəcək.

Daha bir maraqlı məqam isə budur ki, CHP-nin lideri Kemal Kılıçdaroğlu partiyasının geniş toplantısı zamanı özünü vahid namizəd kimi göstərib və “Başlayırıq” şüarı ilə çıxış edib. Məhz onun bu şüarından sonra köməkçisi Deniz Demir dərhal sosial şəbəkədə “Başlayırıq” kampaniyasına start verib. Ancaq daha sonradan həmin paylaşımını silib.

Görünür, “Altılı masa”dakı müttəfiqləri Kılıçdaroğlunu buna görə qınayıblar və vaxtından əvvəl qərar verməsinə qarşı çıxıblar. Məhz bu kimi məsələlər də belə deməyə zəmin yaradır ki, Türkiyədə hakimiyyətə iddialı olan müxalifət rəsmiləri sözün əsl mənasında öz aralarında önə çıxmaq savaşına başlayıblar.

Misal üçün, Kemal Kılıçdaroğlu Davudoğlu ilə görüş keçirib. Sözügedən görüş də CHP lideri tərəfindən təklif edilib. Ahmet Davudoğlu isə görüş zamanı Kılıçdaroğlunu əmin edib ki, o, namizəd kimi məhz CHP liderini dəstəkləyəcək. Məhz bu kimi incə məqamlar da digər partiya sədrlərini narahat etməyə başlayıb.

İyi Partidə təmsil olunan yüksək səlahiyyətlilərə görə koalisiyadan çıxmaq düzgün qərar ola bilərdi

Türkiyənin tanınmış siyasi yazarı, jurnalist Nevşin Mengü isə seçkilərlə bağlı yazdığı məqaləsində diqqətçəkən nüansa toxunub. Onun müşahidəsinə görə CHP ilə İyi Parti arasında kəskin fikir ayrılıqları yaranıb. Jurnalist hesab edir ki, CHP səlahiyyətliləri İyi Partinin blef etdiyini düşünürlər. Belə ki, İyi Partidə təmsil olunan yüksək səlahiyyətlilərə görə koalisiyadan çıxmaq düzgün qərar ola bilərdi.

Bu məqam həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, hətta İyi Partinin daxilində belə ciddi fikir ayrılıqları yaşanır. Belə ki, Meral Akşenerin prezidentliyə namizədliyindən başqa digər şəxslərin namizədlikləri qəbul olunmur. Halbuki koalisiya yaradılarkən ümumi fikrin gəldiyi qənaət nəzərdə tutulurdu.

Hansı məsələlər Ərdoğanın xalq arasındakı liderlik mövqeyini möhkəmləndirir?

Bütün bunlar isə göstərir ki, Türkiyə müxalifətinin bir araya gəldikləri koalisiya öz aralarındakı münasibətlərini doğru yöndə tənzimləyə bilmirlər və belə bir reallıq hazırda da hakim Ak Partinin və onun lideri Ərdoğanın imkanlarını daha da artırır. Üstəlik, zəlzələ fəlakətindən sonra onun həm də dövlət başçısı olaraq bir sıra mühüm qərarlar verməsi – 1 milyon zərərdidə üçün yeni mənzillərin tikintisi, şəhərlərin yenidən inşası, kompensasiyaların artırılması, eləcə də qeyri-sağlam binaları tikmiş 100-dən çox memarın cinayət məsuliyyətinə cəlb edilməsi kimi məsələlər Ərdoğanın xalq arasındakı liderlik mövqeyini daha da möhkəmləndirir. Təbii ki, həmin reallıq “Altılı masa” deyilən “Millet İttifakı”ndakı müxalifət koalisiyasını təlaşlandırmaqda davam edir.

Rövşən RƏSULOV

Digər xəbərlər