Nə qədər gec deyil, həm qarşı tərəflər, həm də vasitəçilər bu gerçəkliyi dərk etməlidirlər ki, sonra demədi-deməsinlər...
Nikol Paşinyan bəyan edib ki, “Ermənistan Qarabağ probleminin Ermənistan-Azərbaycan arasındakı tənzimlənmə prosesindən ayrıca olaraq həll edilməsinə razıdır”. Onun sözlərinə görə, bu həmin məntiqlədir ki, Xankəndidəki separatçıları ilə Bakı arasında “beynəlxalq müzakirə mexanizmi” formalaşdırılmalıdır (?-R.R.)
Maraqlısı da budur ki, Ermənistanın baş naziri bir tərəfdən öz yaxasını və məsuliyyətini Qarabağ separatçılarının əlindən qoparmağa cəhd edir, digər tərəfdən isə onun düşüncəsində hələ də qondarma rejimə bu və ya digər şəkildə dəstəyi görünür. Daha dəqiq desək, hazırda da Ermənistanın dövlət büdcəsindən Qarabağ separatçılarına ayrıca vəsaitlər ayrılır və bütün bunlar rəsmi qaydada həyata keçirilir. Sözsüz ki, bütün bunlar Paşinyanın bütövlükdə sülh prosesini uzatmaq cəhdləri anlamını daşıyır, lakin onun bu kimi manipulyasiyalarının nə zamana qədər davam edəcəyi də suallar doğurur. Yəni Paşinyan nə vaxta qədər siçan-pişik oyunu oynamaq fikrindədir və s...
Lakin bununla da iş başa çatmır...
Bu ərəfələrdə rəsmi Bakının Rusiya Sülhəmramlı Kontingentinin (RSK) vasitəçiliyi ilə Qarabağda yaşayan ermənilərlə dialoq qurması, xüsusilə qızıl yataqlarında monitorinqinin aparılmasına hazırlıq işləri və s. yoxlamaların reallaşdırılması yönündəki addımları da diqqət mərkəzindədir. Lakin bununla da iş başa çatmır, belə ki, hazırda Xankəndidə və ətraf ərazilərdə qanunsuz erməni silahlıları qalmaqda davam edirlər. Eyni zamanda, qondarma rejimin təmsilçiləri hələ də ümid edirlər ki, onlar “müstəqil respublika” kimi qalmağa davam edəcəklər və s. Halbuki, bunun belə olmayacağını və hadisələrin məhz Bakının maraqları fonunda inkişaf edəcəyini elə separatçı kəsim də çox gözəl anlayır. Daha dəqiq desək, quldur rejimin nəfəsi boğazındadır və onun yaşamasına sayılacaq müddətlər qalmaqdadır.
Yaxınlarda isə separatçıların adından bəyanatlar verən Sergey Qazaryan bəyan edib ki, Xankəndi Laçın yolunda yük avtomobillərinin yoxlanılması üçün texniki vasitələrin qurulması yönündə RSK ilə müzakirələr aparmağa hazırdır, amma Azərbaycan tərəfi nəzarət prosedurana heç bir müdaxilə etməməli və aparılan yoxlamalardan sonra texniki vasitələrdən verilən heç bir məlumata sahib olmamalıdır (?!-R.R.)
Göründüyü kimi, bir tərəfdən Ermənistan tərəfi necə deyərlər, “nala-mıxa” döyəcləyir, sülh prosesinin əldə olunmaması üçün maksimum cəhdlərini davam etdirir, digər tərəfdən isə separatçı-quldur rejim təmsilçiləri sözün əsl mənasında hansısa “şərtlərlə” çıxışlar edirlər.
Çıxış yolu birdir!
Beləliklə, bu da azmış kimi, nəinki Ermənistan, danışıqlara getməkdən yayınır, həmçinin qondarma rejim adi dialoq mühitinin formalaşmasına qarşı sərsəm iddialar irəli sürür. Üstəlik, adıçəkilən rejim dialoqda “geniş beynəlxalq iştirak mexanizmi” barədə də dəm vurur. Bütün bunların da səbəbləri kifayət qədərdir – yuxarıda qeyd edildiyi kimi, Ermənistan qarabağlı separatçıları maddi və s resurslarla təmin edir, onlara Fransa və s. bəlli ölkələr dəstək göstərirlər və söz yox ki, bütün bunlar reinteqrasiya prosesinə öz mənfi cəhətlərini göstərməkdədir. Bəs onda hansı çıxış yolu qalır?
Çıxış yolu birdir: Bakı hazırkı dövrə qədər kifayət qədər konstruktiv təkliflər irəli sürüb ki, həmin təkliflər qarşı tərəflərdən qəbul edilməyib. Danışıqlar və dialoq mühitinin potensialı tükəndikdə isə artıq bütün məsuliyyətlər əlbəttə ki, Bakının deyil, vasitəçilərin üzərinə düşür. Nə qədər gec deyil, həm qarşı tərəflər, həm də vasitəçilər bu gerçəkliyi dərk etməlidirlər ki, sonra demədi-deməsinlər...
Rövşən RƏSULOV