Azərbaycanda idman inkişafının ən yüksək dövrünü yaşayır. İdmanın bugünkü inkişaf səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı diqqətin nəticəsidir. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib və dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Vurğulamaq yerinə düşər ki, ölkəmizin idman sahəsində əldə etdiyi uğurlar beynəlxalq idman təşkilatları tərəfindən maraqla qarşılanır və ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur. Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir".
İdman ölkəsi olaraq tanınan Azərbaycanda 5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.Sovet dövründə Azərbaycanda idman və bədən tərbiyəsi özünün inkişaf mərhələsinə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra qədəm qoymuşdur. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan idmanının inkişafı və gənc nəslin sağlamlığı üçün əhəmiyyətli addımlar atılmışdır. Ümumilli Liderin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Belə ki, təkcə Bakıda 1975-ci ildə 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə respublikanın paytaxtında möhtəşəm idman sarayının təməli qoyulmuşdu. 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
"İDMANIN VƏ BƏDƏN TƏRBİYƏSİNİN İNKİŞAFI ÜÇÜN GÖRÜLƏN İŞLƏR, GƏLƏCƏKDƏ GÖRƏCƏYİMİZ İŞLƏR, DÖVLƏTİN VƏ HÖKUMƏTİN SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR".
Müstəqilliyimizin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Amma Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. İdmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Qısa bir zamanda Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar. Qısa zaman kəsiyində Azərbaycan idmançılarının qazandığı qızıl medalların sayı 70 illik sovet dövründə qazandığımız qızıl medalların sayını ötüb keçdi. Ümummilli Lider Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və çıxışlarının birində belə demişdir:"İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir".
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. Müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub.
Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət, respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyanın idman arenasında, artıq özünə layiqli yer tutub, istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir.
Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə, tezliklə öz müsbət nəticəsini verdi. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qələbələri, xüsusilə, qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya Oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazandılar. Cənab Prezident "Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi."
"BİZ İDMANÇILARA ŞƏRAİT YARATMALIYIQ, ONLARDAN İSƏ NƏTİCƏ GÖZLƏMƏLİYİK"
Son 19 ildə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Dünyanın 17 gün ərizində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü. Paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula 1" idman tarixində yeni maraqlı səhifəyə çevrildi. İlham Əliyev "Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik, - deyərək bildirib ki, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir: "Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın. Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur - idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik".
"İDMAN SAHƏSİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNƏ DƏ ÇOX CİDDİ DİQQƏT YETİRMƏK LAZIMDIR"
Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Azərbaycan Prezidenti İlham Əliyev çıxşlarının birində "Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır", - deyərək idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür."İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır", - deyə Cənab Prezident çıxışlarının birində bildirib ki, bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır: "Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır".
Əlbəttə ki, hər bir gənc milli-mənəvi dəyərlərə, ənənələrə sahib olmalıdır. Onların vətənpərvər gənc kimi böyümələri vacib amillərdəndir. Əlbəttə ki, biz 44 günlük Vətən müharibəsində gənclərimizi necə yüksək vətənpərvər olduqlarını gördük. Vətən qarşısında ən müqqəddəs borcu verərək qanı-canı bahalarına torpaqlarımızı işğaldan azad etdilər. "Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır", - deyən Cənab Prezident 44 günlük Vətən müharibəsinin hər gününün bizim üçün əziz, doğma olduğunu bildirib: "Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq".
Zümrüd BAYRAMOVA