Təkcə ötən həftə boyunca 1000-ə qədər məktəbli qız xəstəxanalara yerləşdirilib
İranın müxtəlif regionlarından məktəblilərin zəhərlənmələri barədə məlumatlar gəlməkdə davam edir. Qeyd edək ki, bu ölkədə qızlarla oğlanlar ayrı-ayrı məktəblərdə təhsil alırlar. Lakin diqqətçəkən nüans budur ki, hücuma məruz qalan obyektlər məhz qızların təhsil aldıqları təhsil müəssisələridir. Məlumatlara görə, təkcə ötən həftə boyunca 1000-ə qədər məktəbli qız xəstəxanalara yerləşdirilib. Zəhərlənmə haqqında ilk informasiya isə 2022-ci ilin noyabrında verilib. Lakin son həftələrdə belə informasiyaların sayı get-gedə artmaqdadır. İsrailin Jerusalim Post nəşrinin yazdığına görə isə zəhərlənmə hadisələrindən əvvəl yavaş partlayış səsi eşidilir. Daha sonra kəskin qoxu yayılır, bunun ardınca isə məktəblilər sürətli ürək döyüntüləri, nəfəs çatışmazlığı və ürəkbulanmalarla şikayət edirlər.
Baş verənlərə rəğmən, Tehran rejimi iddia edir ki, onlar araşdırma aparırlar. Belə ki, ölkənin təhsil nazirinin müavini jurnalistlərlə söhbətində bildirib ki, Qum şəhərindəki zəhərlənmə insidentindən sonra bir çox insanlar qız məktəblərinin bağlanmasını tələb ediblər. O əlavə edib ki, qızların zəhərlənməsinə səbəb olan maddələr hərbi məqsədli kimyəvi elementlərdən ibarət deyillər və sürəkli müalicəyə ehtiyac yoxdur.
Ancaq buna baxmayaraq, həyatlarına yarana biləcək təhlükələrə rəğmən, bir sıra iranlı fəallar və siyasilər, hətta deputatlar cürətli çıxışlar edirlər. Məsələn, İran parlamentinin səhiyyə komissiyasının üzvü, deputat Humayun Sameya Nəcəfabadi bəyan edib ki, Qum və Borudcərd şəhərlərindəki zəhərlənmələr qəsdən törədilib.
Rejimə bağlı olan şəxslər isə, əslində, rejim tərəfindən törədilən zəhərlənmə ehtimallarını ört-basdır etmək üçün, hadisələri “xarici kəşfiyyatın” üzərinə yıxmağa cəhd göstərirlər. Belə ki, parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Vahid Cəlalzadə bənzər bəyanatla çıxış edib.
Başqa tərəfdən, “1500 tasvir” adlı antihökumət etirazlarını işıqlandıran akkaunt xəbər verir ki, bəzi məktəblilər zəhərlənmə hadisələrindən əvvəl təhsil müəssisələrinin qarşısında sivil geyimli təhlükəsizlik agentlərini müşahidə ediblər.
Britaniyanın Guardian nəşri ilə söhbətində bu sahə üzrə ixtisaslaşmış radioloq həkim deyib ki, zəhərlənmələrə səbəb fosfororqanik birləşmənin nəticəsi ola bilər. Onun sözlərinə görə, etirazçı məktəblilərin susdurulması üçün xarici ölkələrdə yaşayan və İrana gətirilən radikal islamçıların əməyindən istifadə edilir. “Onlar məktəblilərdən qisas almaq istəyirlər. Həkim bundan əvvəl heç vaxt İranda fosfororqanik zəhərlənmə ilə bağlı müalicə prosedurunu icra etməyib.
Bu baxımdan da Tehran rejimini hədəfə alan bir çox tənqidçilər məktəbli qızlara qarşı başladılan və artıq terror kimi qymətləndirilən bu olayların hakimiyyət tərəfindən törədildiyini bəyan edirlər. Artıq zərər görmüş qızların valideynləri Qum şəhərinin qubernatorunun ofisi qarşısında etiraz aksiyaları keçirirlər. Hətta etirazlar zamanı növbəti insident də yaşanıb. Belə ki, valideynlərin etirazarına cavab olaraq Tehran rejiminə bağlı olan bir qadın baş verənlərin “İsrailin işi” olduğunu bildirib. Bundan sonra isə vəziyyət gərginləşib. Etirazçılar “Diktaturaya ölüm!” şüarları səsləndiriblər ki, nəticədə övladları zəhərlənən valideynlər polis tərəfindən həbslərə məruz qalıblar. Hətta sosial şəbəkələrdəki videoların birindən görünür ki, Bəsic qüvvəsinə aid şəxs qadının saçlarından tutaraq zorla maşına doğru sürüyür.
Hadisələr fonunda bir çox məktəbli qızlar təhsil müəssisələrinə getmirlər. Qum şəhərindən olan müəllim isə müxalifətyönlü Fərda radiosuna müsahibəsində bildirib ki, 250 məktəbli qızlardan cəmi 50 nəfəri təhsil müəssisəsinə gedir.
ABŞ-da yaşayan iranlı hüquq müdafiəçisi Məsih Əlinejad isə Guardian nəşrinə bildirib ki, o da baş verənləri kimyəvi hücum kimi görür: “Mənim düşüncəmə görə, bu, kimyəvi hücumdur – İslam Respublikasının məcburi hicabdan imtina edən qorxmaz qızları və qadınları Xameneinin “Berlin divarını” yıxmaları qarşılığında qisasıdır. İran rejimi qızlara və qadınlara nifrət etdiyi müddətcə mən də demokratik ölkələrin liderlərini zəhərlənmə hadisələrinə qarşı, xüsusilə məktəblilərə qarşı törədilən vəhşiliklərini pisləməyə, Xamenei rejimini izolə etməyə səsləyirəm. Mən bunu bioloji terrorçuluq adlandırıram və bu məsələ BMT səviyyəsində araşdırılmalıdır. Bizə kənar bir təşkilat lazımdır ki, araşdırmanı daha sürətli şəkildə apara bilsin”.
Fazil Meybodi – Qum ruhani məktəbinin müəllimlər cəmiyyətinin üzvü isə bildirib ki, bu hücumların arxasında “Xəzərilər” dayanırlar. Belə ki, onlar “Talibanın” şiə versiyası olaraq tanınırlar. “Bu, təsadüfi zəhərlənmələr deyil. Bunu “Talibana” bənzəyən hərəkat törədir. Taliblər qızların universitetlərdə təhsil almalarına qarşı çıxırlar, bu qrup isə iddia edir ki, qızlar maksimum üçüncü sinifə qədər təhsil ala bilərlər. Mən hökumətin və xüsusi xidmət orqanlarının bu kimi məqamları nəyə görə araşdırmadıqlarına təəccüb edirəm ki, xalqa nəyin baş verdiyini anlatmırlar”.
Bütün bu kimi faktlar da artıq bəzi məqamları gün işığına çıxarmağa başladıb. Belə ki, Tehran rejimi bu dəfə gücünü məktəbli qızların üzərində sınayır. Söz yox ki, hazırda etirazların səngidiyini düşünən bəzi dairələr əslində yanılırlar. Tehran rejimi çöküş dövrünü yaşamağa davam edəcək. Çünki çoxsaylı edamlara, qətllərə rəğmən, azyaşlı məktəblilərin də hədəfə alınmalarını xalq bağışlaya bilməz!
Rövşən RƏSULOV