Olanlar olmalı idi – yəni separatçıların və revanşistlərin cavablarının vaxtı çatmalıydı və çatdı da!
Beləliklə, Ermənistanın növbəti dəfə iç üzü açıldı və İrəvanın müxtəlif danışıqlar trekindəki psevdosülhpərvərliyi ifşaya uğradı. Daha dəqiq desək, Laçın-Xankəndi yoluna alternativ hesab edilən torpaq yolla və qanunsuz şəkildə, üstəlik, Rusiya sülhməramlıları kontingentinin (RSK) necə deyərlər, düz burunlarının altından keçməklə separatçıların yerləşdikləri ərazilərə mina və sursatlar daşıyan avtomobil qəhrəman hərbçilərimiz tərəfindən saxlanıldı. Onu da qeyd edək ki, artıq bir müddətdir ki, Azərbaycan tərəfi əsas Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçərək Ermənistan ərazisindən Qarabağ bölgəsinə silah və sursat daşınması barədə siqnallar almağa başlamışdı.
RSK-nın boşluğu və nəticə...
Əbəs deyil ki, bu barədə dəfələrlə xəbərdarlıqlar edilmiş, eləcə də RSK komandanlığına da məlumatlar ötürülmüşdü. Təəssüf ki, RSK da həmin məlumatlara barmaqarası baxmışdı. Və belə olan halda olanlar olmalı idi – yəni separatçıların və revanşistlərin cavablarının vaxtı çatmalıydı və çatdı da!
Xüsusi təyinatlılarımız olan əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamağa çalışanda onun sərnişinləri hərbçilərimizə tərəf atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib, üç nəfər zabit layiq olduqları cəzalarını alıblar. O cümlədən, həm Müdafiə Nazirliyimiz, həm də Xarici İşlər Nazirliyimiz tərəfindən verilən rəsmi məlumatlarda şəhidimizin olması xəbəri də təsdiqləndi və bu fakt həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, qisas əməliyyatı artıq qapıdadır və separatçıların sonu çatıb. Bakı öz humanist və sülhün bərqərar olması ilə bağlı verdiyi təkliflərini davamlı şəkildə gündəmdə saxlasa da, qarşı tərəflər bunu dərk etmədilər.
Əgər daha əvvəllər deyilirdisə ki, Bakının səbri tükənmək üzrədir, artıq həmin səbr həqiqətən də tükənib!
Bu baxımdan da nəticə hasil etmək olar ki, hərbçimizin şəhid olması Azərbaycanın bütövlükdə Qarabağdakı qanunsuz hərbi infrastrukturların məhv etməsinə, nəzarət-buraxılış məntəqəsi qurmasına qanuni şəraitlər yaradır. Çünki bundan sonra da separatçılarla və Ermənistan rəhbərliyinin “nazları” ilə oynamaq prosesi hər hansı bir nəticəyə varmayacaq və əgər daha əvvəllər deyilirdisə ki, Bakının səbri tükənmək üzrədir, artıq həmin səbr həqiqətən də tükənib!
Həmçinin, əgər Azərbaycan öz ərazisində hansısa qərarları qəbul edirsə, həmin qərarlar tamamilə qanunauyğundur. Fakt budur ki, separatçıların və Ermənistan revanşistlərinin fəaliyyətləri qanunsuzdur.
Yeri gəlmişkən, RSK da bu məsələdəki boşluğunu nümayiş etdirdi. Bir neçə gün idi ki, demək olar bütün Azərbaycan informasiya məkanlarında separatçıların RSK-nın cəmi bir neçə metrliyində səngər qazmalarının, mövqelənmələrinin əks edildiyi videogörüntülər yayılırdı. RSK isə bu faktlara əhəmiyyətsiz davranırdı və Azərbaycanın xəbərdarlıqlarına etina edilmirdi. Bu reallıq da deməyə əsas verir ki, RSK-nın fəaliyyəti nəinki qənaətbəxş deyil, həm də lazımsız vasitəyə çevrilib.
Günah və məsuliyyət də onların öz üzərlərinə düşür
Daha bir fakt: bu günlərdə erməni katolikosu Qaregin həyasızcasına beynəlxalq aləmə çağırış etdi ki, artıq son günlərini yaşayan “dqr” tanınsın və s. Üstəlik, Ermənistanın mövcud rəhbərliyi, kilsə, diaspor son vaxtlar sanki sözü bir yerə qoymaqla yenidən “Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmələri hüquqları” ətrafında sərsəm bəyanatlarla çıxış edirdilər. Xüsusilə, erməni baş nazir Nikol Paşinyanın xarici səfərləri zamanı cürətlənməsi də səbrin tükənməsinə zəminlər yaradırdı. Yəni erməni tərəfi öz inadkarlığını sərgiləməklə prosesin maksimum uzadılmasında maraqlı olduğunu göstərdi. Onda belə çıxır ki, günah və məsuliyyət də onların öz üzərlərinə düşür. O cümlədən, əgər Qarabağda erməni əhalisi qalmazsa (halbuki rəsmi Bakı bunun əksinə çıxış edərək Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduqlarını uzun illərdir, hətta 44 günlük müharibədən əvvəlki zamanlardan bəyan edir-R.R.), bunun bütün məsuliyyəti anti-Azərbaycan məqsədli dairələrin boyunlarında daşınacaq.
Rövşən RƏSULOV
P.S. Bu, Qarabağdakı separatçıların və Ermənistan revanşistlərinin öz seçimləridir. Necə ki, 44 günlük müharibədən əvvəl Bakının irəli sürdüyü şərtləri ilə razılaşmırdılarsa, bu gün isə humanitar təklifləri də dəyərləndirə bilmirlərsə, bu da onların öz seçimləridir...