Azərbaycan MN: “Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”
Beləliklə, Qarabağda – Rusiya sülhməramlıları kontingentinin (RSK) nəzarəti altındakı ərazilərdə qanunsuz erməni silahlılarının silah-sursat, mina daşımaları, eləcə də mövqelərinin ərzaqla təminatı faktı ortaya çıxdı. Nəticədə Azərbaycan Silahlı Qüvvələri “polis” adı altında ərazilərimizdə quldurluq edən qanunsuz silahlıları məhv etdi. Nəticədə bir daha sübut olundu ki, nə Ermənistan, təəssüf ki, nə də üzərinə vasitəçilik missiyasını götürən Rusiya 2020-ci ildə qəbul edilmiş üçtərəfli bəyanatın bəndlərinə əməl etmirlər, üstəlik vəziyyətin gərginləşməsinə səbəb olurlar.

Əbəs deyil ki, hazırkı dövrə qədər RSK dəfələrlə bənzər hallara yol verib, hətta erməni separatçılarının Ermənistan tərəfindən silahlandırılması, canlı qüvvələrin daşınması və s. bənzər faktlara nəinki göz yumub, üstəlik onlara geniş şəraitlər yaradıb. Bu da azmış kimi, Azərbaycanın Qarabağ regionunun toponimlərini saxtalaşdıraraq qondarma erməni toponimləri ilə adlandırmaqda israrlı olduğunu nümayiş etdirib. Təbii ki, Azərbaycanın siyasi-ictimai rəyində qıcıq yaradan bənzər və çirkin əməllərə qarşı adekvat cavablar verilməli idi. Və martın 5-də baş vermiş silahlı insident də məhz bu xüsusdandır.
Bu, həm də belə deməyə zəmin yaradır ki, RSK üzərinə götürdüyü işinin öhdəsindən ya gəlməyi bacarmır, ya da qəsdən belə şəraiti yaradır
Qeyd edək ki, artıq Azərbaycanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, habelə Ombudsman Aparatı, eləcə də digər müvafiq orqanları Azərbaycanın Ermənistanla şərti sərhədində nəzarət-buraxılış məntəqəsinin vacibliyi barədə məsələni gündəmə gətiriblər. Bu, həm də belə deməyə zəmin yaradır ki, RSK üzərinə götürdüyü işinin öhdəsindən ya gəlməyi bacarmır, ya da qəsdən belə şəraiti yaradır.

Bu arada, MN-mizin rəsmi bəyanatında da bildirilib ki, Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilmişdir. Məhz bu xatırlatma həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, qarşıda bənzər əməliyyatların keçirilməsi zərurəti daha da artmaqdadır.

Xüsusilə iki hərbçimizin şəhid olmasından sonra. Ona görə də, Azərbaycan MN rəsmi bəyanatında vurğulayıb: “Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”.
Rusiyanın Müdafiə Nazirliyinin bülletenində baş verən hadisənin “günahkarı” Azərbaycanın Silahlı Qüvvələri göstərilib (?!)

Təəssüfedici məqamlardan biri də budur ki, silahlı insidentin səhəri günü Rusiyanın Müdafiə Nazirliyinin bülletenində baş verən hadisənin “günahkarı” Azərbaycanın Silahlı Qüvvələri göstərilib və belə bir yanaşmanın mövcudluğu paralel olaraq Rusiya ilə qarşılıqlı etimada kifayət qədər dərin kölgələr salmağa başlayıb. Rəsmi Bakının isə səbri artıq tükənib və son vaxtlara qədər irəli sürülən bəyanatlar, şərtlər və təkliflər artıq əməli işlərə keçməyin vacibliyindən xəbər verməkdədir.

Yeri gəlmişkən, artıq erməni şərhçiləri və hərbi ekspertləri də vəziyyətin mürəkkəb həddə çatmasını etiraf etmələri ilə yanaşı, həm də güclü Azərbaycan Ordusunun hər an Qarabağdakı qanunsuz erməni silahlılarını məhv edə biləcəyi barədə anonslar verməyə başlayıblar.
Erməni hərbi eksperti Karen Vratnesyan: “Hazırda öz tələblərini güc yolu ilə həyata keçirmək Bakı üçün çətin deyil”

Məsələn, erməni hərbi eksperti Karen Vratnesyan erməni telekanalına verdiyi müsahibəsində bildirib ki, Qarabağda silahlı eskalasiya hər dəqiqə başlaya bilər. Onun sözlərinə görə, eskalasiyanın qarşısını ala biləcək yeganə vasitə Ermənistan silahlı qüvvələri ola bilərdi ki, bu da mümkün deyil. Belə ki, erməni ordusu döyüşə yararsız vəziyyətdədir. SİTAT: “Ermənistanın silahlı qüvvələri İrəvanın (hakimiyyəti nəzərdə tutur-R.R.) fəaliyyəti nəticəsində sıradan çıxarılıb. Yəni hazırda öz tələblərini güc yolu ilə həyata keçirmək Bakı üçün çətin deyil. İndi Bakının tələblərindən biri də budur ki, azərbaycanlılar Ermənistan ərazilərinə köçürülsün və həmin təklif Türkiyə ordusunun dəstəyi və müdafiəsi altında baş tutsun. Ardınca isə Qarabağda “KPP”nin yaradılması tələbləri gəlir”.
Ola bilər ki, erməni siyasi eksperti öz sözlərini daha da cəlbedici görünməsi üçün ənənəvi olaraq, yaxud ittiham məqsədi ilə Türkiyənin də adını çəkir və həmin məsələdə Ermənistanın acizliyini daha qabarıq fonda göstərməyə cəhd edir. Lakin həqiqət həm də ondadır ki, bəli, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq indiki Ermənistan, tarixən isə Qərbi Azərbaycan torpaqlarından qovulan 100 minlərlə soydaşlarımız öz doğma yurd-yuvalarına geri dönəcəklər və bu proses Bakının diqqəti mərkəzindədir.
Qarabağda, yaxud Ermənistanla şərti sərhədlərdə “KPP”nin yerləşəcəyi artıq danılmazlığa çevrilib! O da əbəs deyil ki, Karen Vratnesyan bunu etiraf edib. “Məndə belə bir inam var ki, Bakının bütün bu tələbləri İrəvan tərəfindən yerinə yetiriləcək”, deyə o bildirib.
Erməni analitiki İşxan Verdyan: “Həm Qarabağ, həm də Ermənistan maşınlarının bu yerdə hərəkəti qanunsuzdur, ora hərəkətə icazə verilən ərazi sayılmır və eyni zamanda, Azərbaycanın ərazisidir”

Daha bir erməni eksperti – İşxan Verdyan isə növbəti maraqlı nüanslara toxunub. O, həm Ermənistan hakimiyyətini, həm də Qarabağ separatçılarını hədəfə alıb və sual edib ki, Qarabağdakı insidentə görə kim cavab verəcək? Verdyan RSK-nın rəsmi məlumatına istinad edərək istehza ilə bildirib ki, hər şeyi azərbaycanlıların üzərinə yıxmaq əlbəttə ki, “müqəddəs işdir”, bəs erməniləri nəyə görə gic yerinə qoyurlar? SİTAT: “Polislərə məxsus UAZ insident yerində nə gəzirdi? Ümumiyyətlə, onun orada olması hüququ vardımı? Onu həmin yerə kim göndərib? Bu adamların qadağan edilmiş yerə göndərilmələrinə görə məsuliyyəti kim daşıyır?”
Verdyan qeyd edib ki, insident nəinki Ermənistanda və Qarabağda yaşanmayıb, bu olay bilavasitə Azərbaycanın ərazisində baş verib. SİTAT: “Bəli, bu ərazi hazırda təhlükəsizlik üçün nəzərdə tutulub. Məhz təhlükəsizlik üçün, təxribat üçün deyil. Həm Qarabağ, həm də Ermənistan maşınlarının bu yerdə hərəkəti qanunsuzdur, ora hərəkətə icazə verilən ərazi sayılmır və eyni zamanda, Azərbaycanın ərazisidir”.

Göründüyü kimi, hətta erməni tərəfləri belə günahkarların qarabağlı separatçılar olduğunu bildirir, üstəlik RSK da bu məsələdə baiskarlar sırasında yer alır. Bu isə artıq vəziyyətin daha da gərginləşməsi siqnallarını verməkdədir. Artıq 07.03.2023-cü il tarixində qeydə alınan yeni videodan bir daha məlum olur ki, qanunsuz erməni silahlıları RSK-nın vasitəçiliyi ilə Xankəndi-Xəlfəli-Turşsu yolundan istifadə edirlər və bu, artıq qırmızı xəttin keçilməsi anlamını daşıyır.
Rövşən RƏSULOV