PDF Oxu

Araşdırma

  • 5 202

Vaxt çatdı: Laçın yolu və şərti sərhədlər nizama salınacaq SİYASİ RAKURS

image

Tatyana Poloskova: “Azərbaycanlılar təxribatçılar və diversantlardırlar? Hanı sübut? Təəssüf ki, bizim rus mətbuatı çoxdan siyasi klişelərdə ilişib-qalıb, bu faktdır”

Rusiya sülhməramlıları kontingentinin (RSK) Qarabağda müvəqqəti dislokasiya olunduqları ərazilərdə yaşanan məlum gərginlik birmənalı olaraq mühüm nəticələrə gətirib-çıxaracaq. Məhz RSK-nın himayəsi altında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu vasitəsi ilə Ermənistandan Qarabağa - separatçı qalıqlarına daşınan silah-sursatların qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınması, eləcə də Azərbaycan Ordusunun mövqelərinin həm Ermənistan silahlı qüvvələri, həm də qanunsuz erməni silahlıları tərəfindən atəşə tutulması artıq sözügedən məsələnin birdəfəlik həll edilməsi zərurətini ortaya qoymaqdadır.

Azərbaycanın ali rəhbərliyi ilə yanaşı, müvafiq diplomatik və hərbi instansiyalarının dəfələrlə (!) xəbərdarlıq etmələrinə baxmayaraq həmin hallar davam edir

Fakt həm də bundadır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata baxmayaraq, xüsusilə RSK-nın Qarabağda müvəqqəti dislokasiya olunmasına rəğmən, separatçı kəsim fəaliyyətini davam etdirir, üstəlik, qanunsuz erməni silahlı birləşmələri zaman-zaman təxribatlara əl atır, Qarabağın dağlıq hissəsində səngərlər qazılır, dayaq nöqtələri və istehkamlar qurulur və s. Azərbaycanın ali rəhbərliyi ilə yanaşı, müvafiq diplomatik və hərbi instansiyalarının dəfələrlə (!) xəbərdarlıq etmələrinə baxmayaraq həmin hallar davam edir.

Lakin bu xüsusda daha bir fakt budur ki, Azərbaycan 2020-ci ilin noyabrında heç də buna görə bəyanat imzalamayıb və Xankəndi, eləcə də ətraf ərazilərdə özünün vətəndaşları hesab etdiyi etnik ermənilərin yaşamalarına da elə-belə zəmanət verməyib. Yəni qanunsuz silahlıların o ərazilərdə əl-qollarını sallayaraq, əllərində silahla rahat şəkildə var-gəl etmələri təbii ki, qəbuledilməzdir!

İrəvan ümid edirdi ki, bu yolla özünə hər hansı xallar toplamağa çalışacaq, amma nə qədər yanıldığının, əslində, özünə zərbələr vurduğunun fərqinə varmır

Və əgər separatçılar öz terror xislətli məqsədlərini realizə etdirməkdə inadkarlıq göstərərlərsə onda Azərbaycanın öz Konstitusiyasına və orada vurğulanmış hüquqi əsaslara, habelə beynəlxalq hüquqi sənədlərdə əks olunmuş müvafiq bəndlərə söykənərək geniş miqyaslı antiterror əməliyyatı keçirəcək. Nə RSK-nın, nə də digər “narahatlıq” ifadə edən (Aİ və s.) beynəlxalq dairələrin Bakının daxili işlərinə qarsımaq cəhdləri isə sadəcə cəhd olaraq qalacaq.

Regionda növbəti destabilliyə əl atan Ermənistana gəldikdə isə artıq bu ölkə Azərbaycanla sülhün əldə olunması istiqamətində başladılmış prosesə müxtəlif əngəllər yaradır, onu hər vəchlə uzatmağa çalışır. İrəvan ümid edirdi ki, bu yolla özünə hər hansı xallar toplamağa çalışacaq, amma nə qədər yanıldığının, əslində özünə zərbələr vurduğunun fərqinə varmır. Vaxt isə get-gedə daha çox daralır.

Rusiyanın birinci dərəcəli müşaviri: “Əgər Azərbaycan məsələnin sülh yolu ilə başa çatmasına qərar verməsəydi və rusiyalı sülhməramlıları Qarabağa buraxmasaydı, ora ekstremistlərdən, narkotik ticarətçilərindən, qanunsuz formalaşmalardan və digər elementlərdən çoxdan təmizlənərdi”

Bu arada, diqqətçəkən daha bir məqam: RSK-nın Qarabağdakı məlum fəaliyyəti, eləcə də Rusiyanın Müdafiə Nazirliyinin martın 5-də baş vermiş erməni təxribatını açıq-açığına Azərbaycanın ayağına yazması, eləcə də Rusiyanın təbliğat maşınının anti-Azərbaycan xarakterli fəaliyyəti hiddət doğurur. Azərbaycanın səmimi dostu, siyasi elmlər doktoru, Rusiyanın birinci dərəcəli dövlət müşaviri, “Avrasiya xalq ittifaqı” regionlararası ictimai hərəkatının sədri Tatyana Poloskova sözügedən mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Ermənistanın xarici işlər nazirliyinin yersiz bəyanatının Rusiya Federasiyasının kütləvi-informasiya vasitələri tərəfindən geniş şəkildə tirajlanması şəxsən onda istehza doğurub. “Təxribatın “azərbaycanlı terrorçular” tərəfindən törədilməsi barədə danışmaq çox gülməlidir, özü də yuxarıdan verilmiş tapşırıq əsasında ki, guya erməni tərəfində guya belə bir informasiya mövcuddur. Görün erməni XİN-də necə dərinliklərə qədər işləyən informasiya mənbələri var ki, onlar Azərbaycan hakimiyyətinin “böyük sirlərinə” qədər məlumatlı olurlar... Məgər gülməli deyil?”, deyə Poloskova istehzalı şəkildə sual edib.

Onun sözlərinə görə, əvvəllər sovet hakimiyyətinin vasitəsi ilə Ermənistanın güclü kəşfiyyatı var idi, ancaq müstəqilliyə keçid zamanı bütün bunlar başa çatdı. Rusiyalı şərhçi əlavə edib. SİTAT: “Əgər Azərbaycan məsələnin sülh yolu ilə başa çatmasına qərar verməsəydi və rusiyalı sülhməramlıları Qarabağa buraxmasaydı, ora ekstremistlərdən, narkotik ticarətçilərindən, qanunsuz formalaşmalardan və digər elementlərdən çoxdan təmizlənərdi”.

Poloskova: “Etiraf edim – mən çoxdan Rusiya KİV-lərinin yerinə ispan utanc hissini keçirirəm”

Sonda isə daha bir nüansa diqqət yetirmək olardı. Bu gün Rusiyanın ictimai-siyasi dairələrində Solovyovdan, Karnauxovlardan və sairlərindən fərqli olaraq kifayət qədər dürüst, sifarişlər əsasında danışmayan, yaxud əsl həqiqətləri danışan politoloqlar da var. Poloskova da həmin şəxslərdən biridir və bu gün onun mövcud məsələyə real qiymət verməsinə isə əlbəttə ki, alqışlar düşür.

Beləliklə, Tatyana Poloskova sonda Rusiya KİV-lərinin yerinə utandığını etiraf edib. SİTAT: “Etiraf edim – mən çoxdan Rusiya KİV-lərinin yerinə ispan utanc hissini keçirirəm. İspan utanc hissi budur ki, özünə görə deyil, başqasına görə utanırsan. Axı bu qədər də olmaz... Azərbaycanlılar təxribatçılar və diversantlardırlar? Hanı sübut? Təəssüf ki, bizim rus mətbuatı çoxdan siyasi klişelərdə ilişib-qalıb, bu faktdır”.

Rövşən RƏSULOV

Digər xəbərlər