Almaniyada təhsil alan gənc rejim polisləri tərəfindən hədəfə alınıb
İranda etirazçılara qarşı amansız divanların tutulması ilə yanaşı, xarici vətəndaşların da oğurlanması halları vüsət almağa başlayıb. Bu isə həm də belə deməyə əsas yaradır ki, ölkəyə səfər edən istənilən xarici vətəndaş Tehran rejiminin hədəfinə düşə və əsassız şəkildə həbs edilə bilər. Əldə edilən növbəti məlumat da hiddət doğurmaya bilməz. Hələ ki, rəsmi olmayan məlumatlara görə, Tehran rejimi Azərbaycan vətəndaşını həbs edib. Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli Jena şəhərinə praktikaya gələn bir iranlı həkim dostu ilə Tehrana səyahət edib.
Almaniyada təhsil alan və İrana səfər edən tələbəmizdən xəbər yoxdur

Qeyd edildiyinə görə, həmin gənc 3 gün öncə tələbə yoldaşlarına yazıb ki, visa kartı İranda işləmir və ona bilet almaqda köməklik göstərilsin. Tələbə yoldaşları ona Tehran-İstanbul-Berlin reysi ilə bilet alıblar və Fərid martın 5-də Almaniyada olmalı imiş. Belə ki, əldə edilmiş biletdə də uçuşun və enişin vaxtı göstərilən vaxta qeyd olunub. Amma təəssüf ki, azərbaycanlı tələbədən heç bir xəbər yoxdur. Artıq onun İranda heç bir səbəb olmadan saxlanıldığı bildirilir.

Fərid Səfərlinin anası Dilarə Əskərova isə açıqlamasında bildirib: "27 yaşlı oğlum Fərid Səfərli Almaniyada Jena Universitetinin tələbəsidir. 20 fevralda Almaniyadan İrana bir vaxtlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görməyə gedib. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur. İranda saxlanıldığı deyilir”.
Xatırladaq ki, Tehran rejimi nəinki öz ərazisində, eləcə də xarici ölkələrdə, yəni hüdudlarından kənarda onu tənqid edən müxtəlif insanları oğurlayır və onlara qarşı şiddətli cəzalar tətbiq edir.
Şirin Ebadi: “Xalq rejimin ölkədə insanlara basqılarına və İranın digər ölkələrə müdaxilə etməsinə qarşıdır”
Bu mənada, əslən Cənubi Azərbaycandan olan tanınmış Nobel mükafatı laureatı Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb. Onun çağırışında da ayrıca olaraq Tehran rejiminin insan oğurluğuna toxunulub. SİTAT: “İran rejimi anormal bir rejimdir. Ancaq İran rejiminin bu addımları xalq tərəfindən dəstəklənmir. Xalq rejimin ölkədə insanlara basqılarına və İranın digər ölkələrə müdaxilə etməsinə qarşıdır”.

Nobel mükafatçısı Bakıda keçirilən Qlobal Forum iştirakçılarının İranda yaşanan azadlıq hərəkatına dəstək verəcəyinə ümid etdiyini də bildirib. “2022-ci ilin payızında İranda baş örtüsünə görə başlayan hadisələr xalqın narazılığının təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik", deyə qeyd edən Şirin Ebai xüsusilə bildirib ki, İran Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə üzr istəməlidir. “İranda demokratiyanın olması vacibdir və biz sonda öz məqsədlərimizə nail olacağıq", deyə, xanım Ebadi vurğulayıb.
Maraqlıdır ki, Tehran rejimi Almaniyada təhsil alan gənc azərbaycanlı tələbə haqqında heç bir açıqlama vermir və bu da qənaətə gəlməyə zəmin yaradır ki, molla hökuməti artıq əsassız olaraq insan azadlıqlarının məhdudlaşdırılmasını özünün bir nömrəli siyasəti olaraq müəyyən edib. Üstəlik, bu kirli siyasət həm ölkə daxilində, həm də ölkə xaricində davam etdirilir. Artıq bu kimi iyrənc siyasətə son qoyulmağın vaxtıdır və dünya birliyi də İranın özbaşınalıqlarına göz yummayacaq.
Rövşən RƏSULOV