PDF Oxu

Araşdırma

  • 6 229

SEPAH-ın Almaniyadakı podratçısı kim olub? SİYASİ RAKURS+FOTOFAKT

image

Tehran rejiminə bağlı olan Ramin Yektapərəst son aylarda bu ölkədə yaşayan yəhudilərə və sinaqoqlara qarşı silsilə hücumların təşkilinə başçılıq edib

Biz dəfələrlə İran İslam Respublikasının xarici ölkələrdəki səfirliklərində qanunsuz şəkildə fəaliyyət göstərən xüsusi adamlarının fəaliyyətləri barədə yazılarla çıxış etmişdik. Belə ki, terror niyyətli həmin şəxslər Tehran rejiminin xarici ölkələrdə yaşayan və mühacirlik həyatı sürən insanlara qarşı təhdid, təzyiq və s. xarakterli əməllər törətmələri ilə yanaşı, digər cinayətlərə də al atırlar. Daha dəqiq desək, Tehran rejiminin maraqlarını bölüşməyən digər ölkələrə qarşı kirli niyyətlərini icra edirlər. Belə şəxslərdən biri haqqında da məlumat əldə olunub – Ramin Yektapərəst.

Onun cah-cəlallı və zəngin həyatı da diqqətlərdən yayınmayıb

Qeyd edək ki, “Azad İran” teleqram kanalının yazdığına görə, bu kimi şəxslər arasında, hətta xarici ölkələrin vətəndaşlıqlarını alanlar da var ki, onların fəaliyyətləri bilavasitə Tehran rejimi tərəfindən idarə olunur, onlar müxtəlif niyyətli təlimatlar alaraq mollaların siyasətlərini xarici ölkələrdə icra edirlər. Yuxarıda adı çəkilən şəxs də məhz bu sıradandır. Bu adamın 34 yaşının olduğu bildirilir və daha bir məlumata görə İran doğumlu casus Almaniyanın Leverkuzen şəhərində fahişəxana işlədib. Onun cah-cəlallı və zəngin həyatı da diqqətlərdən yayınmayıb.

Artıq belə bir iddialar da var ki, Ramin Yektapərəst son aylarda Almaniyada yəhudilərə və sinaqoqlara qarşı silsilə hücumların təşkilinə başçılıq edib. Həmin iddialara əsasən, bu, Tehran rejiminin antisemitizm siyasətinin tərkib hissəsidir ki, hazırda adıçəkilən şəxs tərəfindən həyata keçirilir. Məlumata görə, Tehrandan olan Ramin Yektapərəst Almaniyada “Babək J” kodlu şəxslə əlaqə quraraq, xüsusi tapşırıq əsasında yəhudilərin fəaliyyət göstərdikləri məkanlara qarşı hücumların koordinasiya edilməsinə rəhbərlik edib.

Bu şəxs Bohumda yəhudi sinaqoquna bağlı məktəbə Molotov kokteyli atmaq və Dortmunddakı sinaqoqa qarşı növbəti hücumu planlaşdırmağa görə məsuliyyət daşıyır

“Azad İran”ın digər məlumatına görə, daha öncə Almaniya mətbuatı ölkənin kəşfiyyat orqanlarına istinadən xəbər vermişdi ki, bu şəxs şəhərdəki yəhudi sinaqoquna silahlı hücum, Bohumda yəhudi sinaqoquna bağlı məktəbə Molotov kokteyli atmaq və Dortmunddakı sinaqoqa qarşı növbəti hücumu planlaşdırmağa görə məsuliyyət daşıyır.

Bazar ertəsi isə “Washington Post” qəzeti beş alman təhlükəsizlik rəsmisinə və iki Qərb kəşfiyyat rəsmisinə istinadən yazıb ki, o, Tehran vasitəsilə və SEPAH rəhbərliyi altında yəhudi sinaqoqlarına qarşı hücumlar planlaşdırmaqda şübhəli bilinir. Ötən il isə alman mətbuatı yazmışdı ki, Yektapərəst Almaniyadakı cinayətkar dəstələrlə tanışlığına görə, əslində, bu ölkədə SEPAH-ın uzaqdan podratçısı rolunu oynayır.

Diqqətçəkən məqam budur ki, həmin şəxs artıq İrana qaçıb. Aparılan araşdırmalardan sonra o da bəlli olub ki, o SEPAH-dan aldığı əmrə əsasən Almaniyada “Cəhənnəm mələkləri” adı altında çete qurub. Artıq Almaniya hökuməti onun həbs edilməsi ilə bağlı beynəlxalq order verib. Ehtimal var ki, terrorçu hazırda öz ölkəsindəki SEPAH sıralarında fəaliyyət göstərir.

Hadisə ilə bağlı Almaniyanın ARD kanalına müsahibə verən istintaqçılardan biri etiraf edib ki, söhbət “dövlət terrorundan” gedir.

Tehran rejimi Avropa ölkələrində yaşayan insanların həyatlarını təhlükəyə atmaqla bənzər kirli niyyətlərini ortaya qoyur

Onu da xatırladaq ki, məhz bu kimi cinayətkar şəxslərin hesabına xarici ölkələrdə Tehran rejiminə qarşı çıxan insanlara diskriminasiya siyasəti yürüdülməkdədir. Xüsusilə, Tehran rejiminin ifşası ilə bağlı fəaliyyət göstərən fəal ictimaiyyətçilər, habelə jurnalistlər təqiblərə məruz qalır, oğurlanırlar. Diqqətçəkən məqam həm də budur ki, İranda səngiməyən xalq etirazları gücləndikcə, Tehran rejimi daha da azğınlaşır, hətta digər ölkələrdəki adamları vasitəsi ilə açıq-aşkar terror siyasəti yürüdəcəyini bəyan edir. Bütün bunlar isə bir daha sübut edir ki, rejimin başbilənləri də qurduqları hakimiyyətin təməlinin boşaldığının fərqinə varmağa başlayıblar. Görünür, bu səbəbdən müxtəlif ölkələrdə, xüsusilə, Avropa ölkələrində yaşayan insanların həyatlarını təhlükə altına atmaqla bənzər kirli niyyətlərini ortaya qoyurlar.

Rövşən RƏSULOV

Digər xəbərlər