PDF Oxu

Araşdırma

  • 6 371

Müstəqil siyasət yeridən Azərbaycana təzyiq göstərilməsi qəbuledilməz və qeyri-mümkündür TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrinin sayını da yaddan çıxarmışam”

Yenə də eyni ssenari, eyni istiqamət – bu günlərdə Avropa Parlamenti növbəti dəfə ermənipərəst mövqe nümayiş etdirərək, Azərbaycana qarşı tamamilə yalanlardan ibarət növbəti, Ermənistanın irəli sürdüyü əsassız iddia və ittihamlardan ibarət böhtan xarakterli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana “hərbi təcavüz etməsi”, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağ” və sair bu kimi son istifadə müddəti illər öncə tükənmiş, çürümüş, iylənmiş sərsəmləmələr yer alıb. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının söylədiyi kimi, bu mənasız kağız parçaları o qədərdir ki, sayı da yaddan çıxıb: «Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrinin sayını da yaddan çıxarmışam». Bunu Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də, Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil”.

FAKTLARA ƏSASLANMAYAN QƏRƏZLİ QƏTNAMƏ

Bəli, bu sözügedən təşkilatın həqiqətləri görməzdən gələrək ölkəmizə qarşı nə birinci, nə də sonuncudur. Burda yadıma küçə uşaqlarının işlətdiklri söz düşdü: «bez prizovnıy». Əvvəldən sona qədər yalanlardan ibarət olan kağız parçasında guya bu gün Azərbaycan Laçın yolunun “blokada”da olmasını bildirir. Ancaq artıq 2 aydan çoxdur ki, azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasının məqsədini - “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarının dayandırılmasını, monitorinqin keçirilməsinə icazə verilməsi tələbidir. Və bütün dünya bir daha Ermənistanın təcavüzkar və işbalçı olduğunun şahididir. Eyni zamanda, bu yerdə soruşmaq lazımdır ki, yol necə bağlıdır ki, hər gün oradan onlarla avtomobil bu yoldan keçir?

Həmçinin, böhtan xarakterli qəbul edəcəkləri kağız parçasında Azərbaycanın guya Ermənistana “hərbi təcavüz etməsi” bildirilir. Əslində isə, Ermənistan üçtərəfli Bəyanatın müddəalarını bu günə kimi kobud şəkildə pozaraq, mütəmadi olaraq Azərbaycana qarşı təcavüzkar olduğunu göstərməkdədir. Baxmayaraq ki, dünyanın bir sıra aparıcı dövlətləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatları bu işğalı açıq şəkildə etiraf etmir, ancaq fakt faktlığında qalır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 ilə yaxın müddətdə Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Hətta dünyanın ən nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnamə qəbul etmişdi. Eləcə də digər nüfuzlu beynəlxalq təşkilat olan AŞPA, QİƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı bu mövzuda qətnamə qəbul ediblər. Bütün bunlar Ermənistanın işğalçı dövlət olduğunun beynəlxalq səviyyədə tanınması deməkdir. Təəssüf ki, dünyada baş alıb gedən ikili standartlar və islamofobiya əsl həqiqətin üzə çıxmasına problem yaradır. Lakin Azərbaycan Prezidentinin üzaqgörənliyi, siyasi iradəsi və rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində Ermənistanın 30 illik işğalına son qoyuldu. Və 44 günlük Vətən müharibəsindəki tarixi faktları, real həqiqətləri inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyü 44 gündə 30 ilin işğalına son qoyulması ilə tarixi Zəfər düşmənlərimizi və onların xarici havadarlarını yasa qərq edib. Buna görə də hər fürsətdə Azərbaycana qarşı addıma, müxtəlif çirkin vasitələrə əl atan Avropa Parlamenti «erməni sevgisini» nümayiş etdirmək üçün martın 14-də qəbul edəcəkləri qətnaməsi də buna daha bir sübutdur.

Və bir daha onu da bilməlidirlər ki, Ermənistanın irəli sürdüyü əsassız iddia və ittihamlardan ibarət böhtan xarakterli qətnamələri Azərbaycan Prezidentinin söylədiyi kimi, mənasız bir kağız parçası olaraq müstəqil siyasət yeridən Azərbaycana təzyiq göstərilməsi qəbuledilməz və qeyri mümkündür. Və uydurma faktlar əsasında hazırlanan bu qətnamənin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.

Bir sözlə, Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını, ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Ancaq Avropa Parlamenti bir həqiqəti anlamalıdır ki, bu günə kimi hazırladıqları qondarma qətnamələri Azərbaycan xalqının yüksək milli, mənəvi və mədəni dəyərlərinə kölgə sala bilməyəcək adi bir kağız parçasıdır. Və Avropa Parlamentinin bizimlə bu yollarla danışmağının heç bir mənası yoxdur. Onların qəbul etdiyi sənədlər bizim üçün kağız parçasından başqa bir şey deyil. Bizim işimiz haqq işidir. Biz öz mövqelərimizi istənilən səviyyədə müdafiə edirik və Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdəki siyasəti xalq tərəfindən birmənalı olaraq dəstəklənir. Dövlət başçımızın dediyi kimi: «Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma ölkəmizdə hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır». Bu sözlər də Prezident İlham Əliyevin ikili standartlardan yararlananların ədalətə çağırışıdır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər