PDF Oxu

Araşdırma

  • 4 670

Kommersant: “Bakı “KPP”-nin qoyulması üçün bütün imkanlarını işə salıb” ŞƏRH+AKTUAL

image

Qarabağda baş verən son hadisələr Rusiya mediasının da diqqətində saxlanılmaqdadır. Xüsusilə, Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması istiqamətində vasitəçilik missiyasını üzərinə götürməsi və 2,5 ilə yaxındır ki, Rusiya sülhməramlıları kontingentinin (RSK) Qarabağdakı müvəqqəti fəaliyyəti də Rusiya KİV-lərinin tez-tez toxunduğu mövzulardandır. Lakin daha bir fakt da budur ki, RSK-nın fəaliyyətində separatçıların və qanunsuz erməni silahlılarının səmərələrinə yönəlik neqativ halların mütəmadi olaraq yaşanması bir sıra məsələlərdə rəsmi Bakının haqlı iradları və qətiyyətli tələbləri ilə nəticəsini tapmaqdadır. Əsasən, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan silah-sursatların danşınması faktnın qarşısının alınması və artıq Azərbaycan Ordusunun bu ərazini nəzarətə götürməsi regiondakı gərginliyin göstərici kimi qiymətləndirilə bilər və bu gərginlik bilavasitə Ermənistanın cəhdləri ilə yaranmaqdadır. Bu və bu kimi digər bənzər məsələlərə növbəti dəfə Rusiyanın nüfuzlu “Kommersant” qəzeti yanaşma edib. Düzdür, bir sıra ifadələrin, yer adlarının işlədilməsində, eləcə də siyasi yanaşmada erməni mövqeyinə daha çox yaxınlıq hiss edilsə də, bütövlükdə Bakının verdiyi qərarlar Moskvanı düşünməyə vadar etməkdədir...

“Ermənilər bu yoldan fəal şəkildə istifadə etməyə başladıqda azərbaycanlılar orada blokpost yerləşdirdilər”

Qəzet yazır ki, Qarabağda Laçın yolu ilə bağlı yeni böhran yaranıb – daha dəqiqi, torpaq yol üzərindəki bu yol ekoaksiyanın keçirildiyi əraziyə alternativdir. SİTAT: “Formal olaraq bu ərazi Rusiya sülhməramlılarının nəzarəti altındakı bölgədir. Lakin ermənilər bu yoldan fəal şəkildə istifadə etməyə başladıqda, azərbaycanlılar orada blokpost yerləşdirdilər. Artıq Azərbaycan hakimiyyəti regiona daxil olan yerdə “KPP”-nin (nəzarət-buraxılış məntəqəsi-R.R.) qoyulması vacibliyi barədə danışır”.

“Kommersant” RSK-nın fəaliyyətini əks etdirən bülletenə istinad edərək yazır ki, Azərbaycan hərbçiləri Xəlfəli-Turşsu yolu üzərindəki postda mühəndis-istehkam işlərinə başlayıblar.

“Bakıda vurğulandı ki, erməni hərbçilərini məhz RSK müşayiət edirdi”

Qəzet, bu xüsusda Azərbaycan XİN-nin tələb xarakterli qətiyyətli bəyanatını da dərc edib və yazıb ki, Azərbaycan postunun yerləşdiyi sözügedən marşrutun adı bu yaxınlara qədər KİV-lərdə və rəsmi bəyanatlarda hallandırılmırdı. Çünki praktiki olaraq istifadə edilmirdi. Bu torpaq yol həyat və yaşayışı olmayan dağ kəndlərindən keçir və lazımsız idi. Hansı ki, həmin ərəfələrdə Xankəndiyə keyfiyyəti asfalt döşənmiş Laçın yolu ilə gedilirdi. SİTAT: “Azərbaycanlı ekofəallar bu yolda aksiya keçirməyə başlayandan sonra alternativ marşrutun istifadəsi zərurəti artmağa başladı. Lakin həmin yol yaza yaxın vaxtlardan, qar əridikdən sonra istifadə edilməyə başlandı. Azərbaycanlılar bunu praktiki olaraq dərhal gördülər və artıq martın 5-də silahlı insident yaşandı: Azərbaycan Ordusu tanınmayan “DQR”in “DİN”nə məxsus UAZ-ı atəşə tutdular. Bundan sonra isə Bakıda vurğulandı ki, erməni hərbçilərini məhz RSK müşayiət edirdi. Ermənilər isə oraya texnika yığaraq yolu hamarlamağa çalışdılar ki, yalnız iri avtomobillər deyil, kiçik maşınlar da bu yoldan istifadə edə bilsinlər. Bakı özünün növbəti hədəflərini gizlətmir – orada əmindirlər ki, artıq bütün nəzarəti öz əllərinə götürmək lazımdır”.

“Kommersant” Azərbaycan XİN-nin martın 25-də yaydığı bəyanatını da xatırladaraq Laçın yolunun son məntəqəsində Azərbaycan-Ermənistan sərhədində “KPP”-nin qoyulması istiqamətində işlərin aparıldığını qeyd edib.

Politoloq İlqar Vəlizadə “Kommersanta” deyib: “Biz bu ziddiyyətləri arqumentlərlə əsaslandırırıq ki, növbəti beş ildə onların (RSK-nın) burada qalmasına zərirət yoxdur”

Qəzet, azərbaycanlı politoloq İlqar Vəlizadənin də fikrini alıb. Politoloq bildirib ki, bundan sonra Azərbaycan hakimiyyətinin RSK-ya etibarı çətin ki, bərpa olunsun. SİTAT: “Belə demək mümkündürsə, bizdə aritet var: sülhməramlılar bizim narahatlığımızı inkar edirlər. Amma biz bu ziddiyyətləri arqumentlərlə əsaslandırırıq ki, növbəti beş ildə onların (RSK-nın) burada qalmasına zərurət yoxdur. Lakin bu, Rusiya ilə münasibətlərə təsir etməyəcək. Bunu yalnız missiyanın effektsizliyi ilə əlaqələndirmək olar”.

“Kommersant” mövzu ilə bağlı erməni politoloqu Aleksandr İskandaryanın da mövqeyini öyrənib. Onun sözlərinə görə, RSK-nın Qarabağdakı fəaliyyəti cüzi olacaq, o da ən uzağı erməni tərəfi üçün. Onun sərsəm iddilarına görə, əgər RSK regionu tərk etsə, Qarabağdakı erməni əhalisi “etnik təmizlənməyə” məruz qalacaqlar və s.

Erməni politoloqu Aleksandr İskandaryan: “İrəvan əvvəlki kimi Moskvadan Laçın yolunun “blokadadan” çıxarılmasını gözləyir, lakin bu ssenari indi realistik görünmür”

Lakin maraqlıdır ki, Rusiya nəşri Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə səsləndirdiyi bəyanatını xatırlatmayıb və yazmayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onların reinteqrasiyası üçün lazım olan bütün zəruri addımlar atılacaq. Bunun yerinə isə erməni politoloqunun gülünc iddiasını yazır və üstəlik, daha bir fikrini də qeyd edir. “İrəvan əvvəlki kimi Moskvadan Laçın yolunun “blokadadan” çıxarılmasını gözləyir, lakin bu ssenari indi realistik görünmür”, deyə İskandaryan deyib.

Göründüyü kimi, Rusiya nəşri bu məsələdə ermənilərə yönəlik xarakterli çıxış edib. Halbuki, Ermənistanda anti-Rusiya meyilləri də artmağa davam edir. Moskva öz mövqeyini saxlamaq üçün dəridən-qabıqdan çıxır, hətta rəsmi İrəvanın anti-Rusiya fəaliyyətinə də göz yumur. Bu baxımdan, rəsmi Bakı artıq öz verdiyi qərarlarını icra etməkdədir və bu yoldan heç bir halda geri çəkilməyəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər