PDF Oxu

Araşdırma

  • 3 892

İkinci dəfə sübut olundu ki... TƏRS BAXIŞ+ÖZƏL

image

RSK üzərinə düşən öhdəliklərini yerinə yetirmir, separatçıların nazları ilə oynamaq isə qətiyyən Bakının marağında deyil

Martın əvvəlində - Xocalıda yerləşən RSK-nın qərargahında Azərbaycan nümayəndə heyətinin Qarabağın erməni icmasının təmsillçiləri ilə görüşündən sonra növbəti müzakirələrin də reallaşdırılacağı istisna edilmirdi. Lakin həmin görüşlərin Bakıda keçirilməsi təklifi sonrakı müddətdə separatçılar tərəfindən qəbul olunmadı və onlar reinteqrasiya məsələsindən birdəfəlik imtina etdiklərini bir daha sübut etdilər. Xüsusən də, martın 5-də torpaq yolda baş verən məlum silahlı insidentdən sonra Qarabağdakı cinayətkar-quldur rejimin rəhbərliyi vəziyyətin daha da gərginləşməsi yönündə israrlı olduqlarını nümayiş etdirdilər. Təbii ki, bu məsələdə Ermənistanın yeri və rolu olması ilə yanaşı, Rusiyanın da ayrıca iştirakı artıq kifayət qədər şübhə doğurmur. Bir tərəfdən özünü “vasitəçi” olaraq təqdim edən Moskvanın digər tərəfdən ikibaşlı oyunbazlıqlara yol verməsi əvvəl-axır Bakının səbrini tükəndirməliydi!

RSK-nın əməllərinin necə inkişaf edəcəyi əvvəlcədən məlum idi

Zatən, elə əvvəlinci gündən – RSK-nın Qarabağa müvəqqəti yerləşməsindən başlayaraq məlum idi ki, Rusiya Qarabağda cərəyan edən olaylar fonunda regiondakı mövcudluğunu möhkəmləndirməyə cəhdlər göstərəcək və bu məsələdə ermənilərə yaxınlığı məxsusi olaraq seçiləcək. Yəni bitərəflik barədə söhbət belə ola bilməzdi. Təkcə bir misal gətirək – RSK-nın Xankəndidə separatçılar tərəfindən bəh-bəhlə qarşılanması, Kəlbəcərdən çıxan ermənilərin onsuz da onlara məxsus olmayan evlərə od vurması, meşələrimizi qırması və s. kimi hadisələrə gözlərin yumulması bu həqiqətləri əsaslı qaydada isbatlamaqdadır. Sonrakı proseslərdə də RSK-nın vecsizliyi, etinasızlığı bölgədə erməni terrorunun qalması siqnallarını verməkdə idi: erməni terrorçusunun Azərbaycan postuna qumbara atması, separatçıların təmas xətlərində səngərlər qazması, Ermənistandan silahların, minaların və hərbilərin Qarabağa daşınması, nəhayət, yataqlarımızın çapılıb-talanması - bütün bunlar faktlardır və hər biri də ayrıca olaraq sənədləşdirilib!

Əgər bu gün Azərbaycan vətəndaşı Rusiya “sülhməramlısının” Qarabağda qalmasını istəmirsə və bunu rəsmi Bakı da açıq şəkildə eyham vurursa, deməli ortada haqlı iradlar haqlı narazılıqlar var. Bundan sonra isə RSK hər hansı “düzəlişlər” etmək görüntüsü yaratmağa səy göstərsə belə, həmin cəhdlərin süniliyinə qətiyən şübhələr olmayacaq. Ona görə ki, qarşıya qoyulan məqsəd – üçtərəfli Bəyanatdakı bəndlər hələ də icra olunmamış qalır və qalmağa davam etdikcə vəziyyət daha da gərginləşir. Belə olan əsnada gərginliyin yaranmasında Moskvanın marağının olması da artıq əlahəzrət faktlara dayanır!

Araik “təhlükəsizlik şurasının” qapalı iclasını keçirir – məqsəd RSK-nın burnunun altında və qulağının dibində təxribatlar törətməkdir!

Və nəhayət – Araik Arutyunyan Moskvaya təlimatlar almağa gedirsə, onun səfərləri baş tutursa, buradan başqa hansı nəticələri hasil etmək olar? Bəli, qarabağlı erməniləri situasiyanı Rusiyanın məlum dairələrinin sifarişləri əsasında gərginləşdirməkdədirlər. Məsələn, Rusiyadan geri döndüyü deyilən Araik Arutyunyanın “təhlükəsizlik şurasının” iclasını keçirdiyi bildirilir. Bu iclasda deyilənlərə görə, hətta qonarma “resublikanın” saxta “deputatları” da iştirak ediblər. İclasın gündəliyi isə əlbəttə ki, məlum idi. Bildirilir ki, Araik iclas zamanı xarici ölkələrdən incik düşdüyünü bildirib və iclas iştirakçılarını da xarici ölkələrdən inciməyə çağırıb. Yəni, beynəlxalq aləm “blokadada” (?!) qalan “məzlum” separatçılara görə Azərbaycana yetərincə təzyiqlər göstərmir və s.

İclasın qapalı keçməsinə rəğmən, orada qəbul edilən qərarların nələrdən ibarət olacağını da ayırd etmək çətin deyil. Hər halda bir yerə quldurlar, cinayətkarlar, terrorçular toplaşıblarsa orada hansı qərarın veriləcəyi də məlumdur: vəziyyəti gərginləşdirmək, səngərlər qazmaq, atəş açmaq və RSK-nın kürəyi arxasından təxribatlar törətmək. Cavab veriləndə isə günahı Azərbaycan həbrçilərinin üzərinə yıxmaq. Onsuz da RSK-nın saxta bülletenlərində də həmin məsələlər “qeyd” edilir.

Bu təxribatlara cavabın necə veriləcəyini isə indidən bəlli etmək mümkündür

Fakt budur ki, RSK-nın burnunun altında, yaxud qulağının dibində səngərlər qazılır. Hətta bu məsələdə hərbçilər deyil, həm də mülkilər də iştirak edirlər. Deyilənlərə görə, istehkamların qurulmasında əlillərin də cəlb edildiyi üzə çıxıb. Beləliklə, RSK üzərinə düşən öhdəliyini yerinə yetirə bilmir və bundan sonra hər hansı konstruktiv danışıqların da müsbət nəticə verəcəyini düşünmək olmaz. Separatçılar yalnız və yalnız təxribatlara hazırdırlar. Bu təxribatlara cavabın necə veriləcəyini isə indidən bəlli etmək mümkündür: Fərrux, Daşbaşı və s. dəqiqləşdirmə əməliyyatlarında olduğu kimi. Onlardan biri artıq reallaşdırılıb – Xankəndi-Xəlfəli-Turşsu yolu bizdədir...

Rövşən RƏSULOV

P.S. Bakı iki dəfə separatçıları paytaxta görüşə dəvət etdi. Onlar gəlmədilər. Gəlmədilərsə, demək, top bizdədir və bu top heç də o topdan deyil. Bu topun mərmisi çox uzaqlara uçur və hədəfi dəqiq vurur...

Digər xəbərlər