Bilavasitə Sorosun təlimatları əsasında fəaliyyət göstərən ermənipərəst Samanta Pauer zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı sırf düşmənçilik mövqeyini nümayiş etdirib
USAİD adlı təşkilatın pərdəarxası məqamları barədə kifayət qədər yazılarla çıxış etmişik və bu barədə məqalənin alt hissələrində linkləri təqdim edəcəyik. Əsasən də, “humanitar” fəaliyyət adı altında tamamilə fərqli mövqelərdə dayanan USAİD paralel olaraq Azərbaycan torpaqlarının işğala məruz qaldığı dönəmlərdə bilavasitə Qarabağdakı separatçılarla işbirliyi aparıb. Bütövlükdə adıçəkilən təşkilatın fəaliyyət istiqamətinin qurulmasının təməlində isə amerikalı milyarder Corc Sorosun dayanması faktları mövcuddur. Bu baxımdan, bir sıra diqqətçəkən məqamları qeyd etmək və xatırlatmaq yerinə düşərdi.

Laçın yolu üzərindəki Pauer isterikası
Xüsusilə, digər fəaliyyətləri ilə yanaşı, korrupsiya əməllərinə də bulaşmış USAİD-in hazırkı rəhbəri Samanta Pauerin birbaşa və açıq-aşkar anti-Azərbaycan xarakterli mövqeyi, o cümlədən, islamafobiya xəstəliyinə mübtəla olması faktı da bir sıra danılmaz dəlillərlə sübuta yetirilib.
Bu, həmin Samantadır ki, özünün tvitter səhifəsində Azərbaycan ekoloqlarının və QHT fəallarının guya Laçın yolunu “bağlamalarını” hədəfə alan ittiham xarakterli fikirlərini yazıb, eləcə də həmin yolun açılmasını tələb edib. Hansı ki, hazırkı gündə də Xankəndiyə gedən və əks istiqamətdəgeri dönən humanitar yüklərin daşınmasına baxmayaraq Pauerin səs-küy qaldırması da artıq özü-özlüyündə hər şeyi tam çılpaqlığı ilə ortaya qoymaqdadır və əslində, bundan təəccüblənməyə də dəyməz.

USAİD nə demək istəyir?
Beləliklə keçək faktlara. Misal üçün, Sorosun əlaltısı olan bu qadın sözügedən tvitində yazmışdı ki, Laçın dəhlizi dərhal (??!!) açılmalıdır və onun bağlanması “humanitar böhrana” səbəb ola bilər. Halbuki, RSK, o cümlədən, fəaliyyətində şübhələr doğuran daha bir qurum – Beynəlxalq Qırmızı Xaç Təşkilatı ərzaqları, tibbi ləvazimatları, dərmanları və s. humanitar yükləri Xankəndiyə daşıyır, xəstələr Ermənistana daşınır, aksiyaçılar isə bu yolu əsla bağlamırlar. Bir çox xarici KİV nümayəndələri və müxtəlif xarici təşkilat təmsilçiləri də həmin prosesləri öz gözləri ilə izləyiblər. Bu zaman sual yaranır – USAİD rəhbərliyi bununla nə demək istəyir?
Samanta Pauer zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı sırf düşmənçilik mövqeyini nümayiş etdirib, həmçinin, irqçi mövqeyi ilə seçilib

Yeri gəlmişkən, onu da xatırladaq ki, bilavasitə Sorosun təlimatları əsasında fəaliyyət göstərən ermənipərəst Samanta Pauer zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı sırf düşmənçilik mövqeyini nümayiş etdirib, hətta irqçi mövqeyi ilə seçilib. SİA-nın əldə etdiyi məlumata görə, o, hələ 2021-ci ildə Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciət edib və Azərbaycanla Türkiyəni təhqirə məruz qoymaqla “vəhşi” (!!!) adlandırıb. Ermənistanın işğalçılıq və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın minlərlə günahsız qurbanlarının – qoca və qadınlarının, körpə uşaqlarının qətliamlara, soyqırımlarına məruz qalması faktını bir tərəfə qoyan bu ünsür Ermənistanda fəaliyyət göstərən Amerika universitetinin 6 tələbəsinin müharibədə həlak olmasına görə üzüldüyünü və yas saxladığını demişdi. Görəsən, Samanta Pauer İkinci Qarabağ müharibəsində torpaqların azadlığı uğrunda canlarından keçərək şəhid olan gənc tələbələrin, ali təhsil müəssisələri məzunlarının ölümlərinə, həyatlarının yarım qalmalarına görə təəssüf edibmi? Əlbəttə ki, əsla! Çünki o, açıq-aşkar ermənipərəstdir və erməni lobbisinin pullarını yeyir, üstəlik, bu kimi kirli siyasətin yürüdülməsində şefi olan Sorosun da dəstəyini, təlimatlarını almaqda davam edir.
Pauer “qondarma erməni genosidini” tanıması ilə fəxr etdiyini bildirir

Və bu, həmin Samantadır ki, erməniərlə təmasda olarkən hər dəfə çıxışının əsas hissəsini Bayden administrasiyasının “qondarma erməni genosidini” tanıması faktını önsə sürür, bununla fəxr etdiyini bildirir və ən maraqlısı - “nə dərəcədə rahatlıq hissi” tapdığını etiraf edir!
Yeri gəlmişkən, ermənipərəst Pauerin Azərbaycan və Türkiyəyə qarşı olan həmin çıxışın videosu ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.usaid.gov/news-information/videos/american-university-armenia-commencement-remarks
Xatırladaq ki, USAİD-in rəhbəri əvvəllər də Azərbaycan xalqını təhqir və təhdid edərək sərsəm fikirlərini ictimailəşdirib və biz SİA olaraq bu haqda silsilə yazılarla çıxış etmişik. Təəssüf ki, bütün bu kimi faktlar ortada ola-ola USAİD-in Azərbaycan nümayəndəliyi hələ də ölkəmizdəki mövcudluğunu qoruyub-saxlayır...

“SƏS” qəzeti olaraq biz dəfələrlə bu təşkilatın açıq ermənipərətslik və türkofob mövqeləri barədə, habelə hansı siyasi korrupsiya əməllərinə bulaşması barədə geniş, silsilə xarakterli məqalələrlə çıxış etmişik. Həmin məqalələrin bir qismini yenidən xatırlatmaq məqsədi ilə linklərini təqdim edirik:
https://sia.az/az/news/politics/936249.html
https://sia.az/az/news/politics/896995.html
https://sia.az/az/news/politics/877915.html
https://sia.az/az/news/politics/874152.html
Rövşən RƏSULOV